12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Sabiq nazir: “Rusiya və Ukraynanı idarə etmək üçün münaqişə lazımdır”
Tarix: 04-04-2022 08:48 | Bölmə: Slayd
Sabiq nazir: “Rusiya və Ukraynanı idarə etmək üçün münaqişə lazımdır”

“Rusiya və Ukrayna müharibəsinin təxmini nəticələri artıq bəllidir. Nə Rusiya Ukraynada bəyan etdiyi nəticələrə nail olmaq imkanındadır, nə də Ukraynanın gücü çatacaq ki, işğala son qoyub ərazi bütövlüyünü təmin etsin. Təxmini güc nisbəti bundan ibarətdir. Amma hesab edirəm ki, yaxın dövrdə Rusiya və Ukrayna arasında ilkin razılaşma əldə ediləcək”.

Bu fikirləri Reyting.az-a Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

T. Zülfüqarov əmindir ki, razılaşmanın ilkin variantı atəşkəs olacaq.

Onun sözlərinə görə, razılaşmada yeni təmas xətti, Donetski və Luqanski vilayəti və ya köhnə təmas xəttinə qayıdış formatı meydana çıxacaq: “Həmçinin gələcək status məsələsi ilə bağlı danışıqlar davam etdiriləcək. Bu, beynəlxalq formatda gələcək iştirakçılıqla bağlı olacaq. Eləcə də Krım məsələsi ya ümumi şəkildə qeyd ediləcək, ya da bundan ümumiyyətlə bəhs edilməyəcək. Təxmini razılaşmada önə çıxan məqamlar bunlar olacaq”.

T. Zülfüqarovun fikrincə, hərbi əməliyyatlar olmasa da, Kiyev və Moskva arasında qarşıdurma davam edəcək:

“Rusiyaya qarşı sanksiyalar qalacaq. Mümkündür ki, onların bir hissəsi sülhə nail olmaq məqsədilə götürülsün. Yəni Qərb bu imkanlarından istifadə edə bilər. Proqnozlar belədir.

Amma gələcək bir neçə il, bəlkə də on illiklər ərzində bu gərginlik Avropanın daxilində qalacaq. Rusiya istər-istəməz bununla məşğul olacaq. Yəni Rusiya Cənubi Qafqaz və digər regionlarda məşğul olmağa imkan tapmayacaq”.

Sabiq nazir diqqətə çatdırıb ki, artıq ruslar yeni təmas xəttinə uyğun olaraq qoşunları Kiyev ətrafından geri çəkirlər. O, ehtimal edir ki, 10-15 gündən sonra bütün bunlar ortaya çıxacaq. “Ayrı variant mümkün deyil. Həm də nəzərə almaq lazımdır ki, Rusiya və Ukraynanı idarə etmək üçün münaqişə lazımdır. Böyük ehtimalla Rusiyanın bu vəziyyətdən çıxması mümkün olmayacaq. Qərbə lazım idi ki, Rusiyanı bataqlığa salsın. Artıq bu baş verib”, - deyə T. Zülfüqarov əlavə edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər