12:36 / 14-06-2025
Sabah yağış yağacaq
İlham Əliyev Şarl Mişel və Paşinyanla görüşüb - Fotolar (Yenilənir)
Tarix: 06-04-2022 23:52 | Bölmə: Slayd
İlham Əliyev Şarl Mişel və Paşinyanla görüşüb

Bu gün Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olacaq.

Reyting.az
xəbər verir ki, danışıqlar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə baş tutacaq.

Görüş Azərbaycan və Ermənistan arasında bir sıra məsələlərin həlli yollarını tapmaq istiqamətində birgə səyləri inkişaf etdirmək üçün təşkil edilir.

Prezident İlham Əliyev martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Ermənistanın Baş naziri ilə Brüssel görüşünün məhsuldar keçəcəyinə ümid etdiyini vurğulamışdı.

Xatırladaq ki, İlham Əliyev və Nikol Paşinyan arasında sonuncu təkbətək görüş ötən il dekabrın 15-də Brüsseldə keçirilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə aprelin 6-da Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə gedib.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

***

Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

***

Aprelin 6-da Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü keçirilib.

Reyting.az
xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Görüşdə dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Ermənistanla Azərbaycan arasında postmünaqişə dövründə münasibətlərin normallaşması prosesinə verdiyi töhfəsini yüksək qiymətləndirdi və ötən ilin dekabrında keçirilmiş üçtərəfli görüşdə müəyyən edilmiş Brüssel sülh gündəliyinin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan tərəfinin iştirakı ilə bu gün keçiriləcək üçtərəfli formatda görüşün nəticəyönümlü olacağına ümidvarlığını ifadə edib.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu çərçivədə Ermənistan və Azərbaycan arasında aparılan dialoqun əhəmiyyətini qeyd etdi. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu yüksək qiymətləndirib.

Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli gündəliyə dair məsələlər müzakirə edildi və əməkdaşlığın müxtəlif istiqamətlər üzrə dinamik şəkildə inkişaf etdiyi qeyd olunub.

Söhbət əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional təhlükəsizliyə dair fikir mübadiləsi aparılıb.

***

Aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə işçi nahar formasında görüşü başlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə Azərtac məlumat yayıb.

***

Brüsseldə Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə işçi nahar formasında görüşü davam edir.

Reyting.az
xəbər verir ki, görüş 2,5 saat əvvəl başlayıb.

***

Prezident İlham Əliyev, Aİ Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşü başa çatıb.

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikinci üçtərəfli görüşündən sonra bəyanat yayıb.

Reyting.az-ın xəbərinə görə, bəyanatda vurğulanır ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Cənubi Qafqaz regionundakı vəziyyətin müzakirəsini davam etdirmək və hər iki ölkə ilə Aİ-nin əlaqələrini inkişaf etdirmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşüb.

Şarl Mişel Aİ-nin gərginliyin aradan qaldırılmasında yaxından işləmək və regionda yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqaz regionunu təşviq etmək üçün Ermənistan və Azərbaycan ilə əməkdaşlığı dərinləşdirməyə sadiqliyini bir daha vurğulayıb.

Qeyd edilir ki, liderlər 2021-ci ilin dekabrında Brüsseldə keçirdikləri son görüşdən və 2022-ci ilin fevralında Fransa Prezidenti Emmanuel Makronla videokonfransdan sonra baş verənləri qiymətləndiriblər. Həmçinin liderlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına tam əməl olunmasının zəruriliyini təkrarlayıblar. Tərəflər 2022-ci il martın 30-da Aİ-nin vasitəçiliyi ilə Brüsseldə Ermənistan və Azərbaycanın yüksək səviyyəli nümayəndələrinin görüşünü alqışlayıblar və liderlər səviyyəsində əldə olunmuş razılaşmaların təminatı üçün bu əlaqənin davam etdirilməsinin zəruriliyi barədə razılığa gəliblər.

Prezident Mişel hər iki tərəfin etimad və dinc yanaşı yaşayışı təşviq etmək üçün humanitar jestlərinin vacibliyini vurğulayıb. O, bütün həll edilməmiş humanitar məsələlərin həllinin zəruriliyini vurğulayıb və Aİ-nin bu səyləri dəstəkləməyə hazır olduğunu bildirib. Aİ eyni şəkildə Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsi tədbirlərini, eləcə də humanitar minatəmizləmə səylərini dəstəkləməyə davam edəcək, o cümlədən ekspert məsləhətlərini vermək və maliyyə yardımını artırmaq, münaqişədən zərər çəkmiş əhaliyə yardım, reabilitasiya və yenidənqurma işlərini davam etdirəcək.

Şarl Mişel həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm də baş nazir Nikol Paşinyanın ölkələri arasında sülh sazişinə doğru sürətlə irəliləmək arzusunu bəyan etdiklərini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri həll edəcək gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləməyin tapşırılması razılaşdırılıb.

Qeyd edilir ki, ikitərəfli sərhədlərin delimitasiyası və demarkasiyası vacib olacaq, bu məqsədlə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması da razılaşdırılıb. Birgə Sərhəd Komissiyasının mandatı aşağıdakılardan ibarət olacaq:

1) Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası;

2) Sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etmək.

Liderlər həmçinin Ermənistan və Azərbaycan arasında, xüsusən də Cənubi Qafqazda kommunikasiya/əlaqə infrastrukturunun bərpasını müzakirə ediblər. Prezident Şarl Mişel dəmir yolu xətlərinin bərpası istiqamətində atılan addımları alqışlayıb, eyni zamanda Ermənistan və Azərbaycanı yol əlaqələrinin bərpası üçün effektiv həll yolları tapmağı təşviq edib. Aİ özünün iqtisadi və investisiya planına uyğun olaraq və ümumi layihələri müəyyən etmək üçün təklif olunan iqtisadi məsləhət forumundan istifadə etməklə qarşılıqlı əlaqələrinin inkişafına dəstək verməyə hazırdır.

Liderlər görüşlərin nəticələrini izləmək və əlaqəni davam etdirmək barədə razılığa gəliblər.








Bölməyə aid digər xəbərlər