12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiya-Ukrayna müharibəsi illərlə davam edə bilər - General
Tarix: 06-04-2022 11:46 | Bölmə: Slayd
Rusiya-Ukrayna müharibəsi illərlə davam edə bilər

Rusiyanın Ukraynaya qarşı müharibəsi illərlə davam edəcək. Reyting.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələri Baş Qərargah Rəislərinin Birgə Komitəsinin sədri, general Mark Milley Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində çıxışı zamanı deyib.

General xəbərdarlıq edib ki, müasir dünyada böyük dövlətlər arasında mühüm beynəlxalq münaqişə ehtimalı artır.

“Rusiyanın Ukraynaya silahlı müdaxiləsi ABŞ ordusunda 42 illik karyeram ərzində Avropanın və bəlkə də dünyanın sülh və təhlükəsizliyinə ən ciddi təhdiddir”,- general bildirib.

M. Milley deyib ki, ABŞ həlledici və tarixi, geostrateji dönüş nöqtəsindədir:

“Getdikcə qeyri-sabitləşən və böyük güclər arasında əhəmiyyətli beynəlxalq münaqişə potensialı artır. Rusiya ABŞ-ı və müttəfiqlərini təhdid etmək üçün böyük və müxtəlif nüvə potensialını saxlayır. Biz Rusiya nüvə qüvvələrinin döyüş hazırlığının səviyyəsi ilə bağlı çox təxribatçı ritorika eşitmişik”.


M. Milley

General əlavə edib ki, Rusiya “kiberməkanda hərtərəfli və zərərli hərəkətlər” həyata keçirmək qabiliyyətini və istəyini dəfələrlə nümayiş etdirib.

M. Milleyin fikrincə, Rusiyanın Ukraynaya müdaxiləsi “təhlükəli tarixi dönüş nöqtəsi” yaradıb: “Düşünürəm ki, bu, illərlə davam edəcək uzunmüddətli münaqişədir. Bilmirəm, onillikdən danışmaq olar, amma bir neçə il davam edəcək. Məncə, ABŞ, NATO, Ukrayna və onun bütün müttəfiqləri və tərəfdaşlar uzun müddət bu işdə iştirak edəcəklər”.

General diqqətə çatdırıb ki, Çin uzunmüddətli perspektivdə ABŞ üçün əsas “geostrateji çağırış” olaraq qalır:

“Çin müxtəlif sahələrdə potensialını inkişaf etdirir və ABŞ ilə texnoloji fərqini azaltmaq üçün hər gün işləyir. Bir sözlə, Çin əsrin ortalarına qədər beynəlxalq nizamı öz xeyrinə köklü şəkildə dəyişməkdə qərarlıdır. Onlar 2035-ci ilə qədər hərbi baxımdan ABŞ-ın bərabərhüquqlu rəqibinə çevrilmək, 2027-ci ilə qədər Tayvanı ələ keçirmək üçün hərbi imkanlarını inkişaf etdirmək niyyətindədirlər”.

General əlavə edib ki, Çinlə rəqabət şəraitində münasibətləri davam etdirmək son dərəcə vacibdir. “Rusiyanın kəskin təhdid olduğu yerdə Çin uzunmüddətli perspektivdə milli təhlükəsizliyimiz üçün geostrateji çağırışdır”,- M. Milley deyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər