12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Brüssel görüşünün nəticəsi necə olacaq?
Tarix: 07-04-2022 12:45 | Bölmə: Slayd
Brüssel görüşünün nəticəsi necə olacaq?

Dünən Brüsseldə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında 4,5 saatdan çox çəkən görüş keçirilib. Görüşün təşəbbüskarı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel olub və təşkilatçı da görüşdə iştirak edib.

Reyting.az
xatırladır ki, 44 günlük müharibədən sonra rəsmi Bakı regionda sülh və əməkdaşlıq təklifi irəli sürüb. Amma aradan keçən iki ilə yaxın müddətdə Ermənistan nəinki bu təşəbbüsləri qiymətləndirib, eyni zamanda 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə imzaladığı razılaşmalara zidd olaraq üzərinə götürdüyü öhdəliklərə əməl etməyib. Hətta sonradan tərəflər Moskvada yenidən bir araya gələrək əvvəlki razılaşmaları təsdiqləsələr də, İrəvan ya prosesi yubadıb, ya da dediklərinə əməl etməkdən boyun qaçırır. O cümlədən Azərbaycanın sülh üçün irəli sürdüyü beş prinsipə uzun müddət cavab verməyib.

Moskvanın vasitəçiliyi ilə aparılan danışıqlara paralel olaraq Brüsseldə də bu işin davam etdirilməsi regionda sülhün əldə edilməsi üçün çox əhəmiyyətlidir.

Brüsseldə Əliyev-Paşinyan görüşü sayca ikincidir. İlk görüş 2021-ci ilin 14 dekabrında olub. Hələ ilk görüş zamanı Azərbaycan prezidenti Əliyev Brüsseldə sülh gündəliyini formalaşdırmağa nail ola bilib. Məhz bundan sonra tərəflər davamlı olaraq (Avropa İttifaqı-Azərbaycan) intensiv təmaslar qurur, müzakirələr aparır.



Dünən Brüsseldə baş tutan sayca ikinci görüş və görüşdən sonra verilən açıqlamalar göstərir ki, danışıqların ümumi istiqaməti və nəticə Bakının xeyrinədir. Bakının xeyrini aşağıdakı formada təsnifatlaşdırmaq olar:

Birincisi, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının başlanması razılaşdırılır. Hər iki ölkənin Xarici İşlər Nazirliyinə bununla bağlı müvafiq göstəriş verilir və diplomatlar təmasa keçir.

İkincisi, görüşdə əldə edilən razılıqlar göstərir ki, Azərbaycan tərəfindən irəli sürülən beş prinsipin hər biri qəbul olunub, əks təqdirdə Azərbaycan buna getməzdi. Əgər Azərbaycanın təklif etdiyi prinsiplər qəbul olunursa, deməli, bizim milli maraqlar daha çox təmin edilir.

Üçüncüsü, görüşdə tərəflər iki ölkə arasında sərhədlərin delimitasiya prosesinə başlanmasına razılaşıb. Avropa İttifaqı Şurasının Prezidenti Mişelin yaydığı bəyanatda qeyd edilir ki, tərəflər aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılmasına da razılıq veriblər.

İtkin düşən şəxslərin tapılması məsələsinin müzakirəsi də çox vacib idi. Avropa İttifaqı bu sahədə Bakıya dəstək olacağını ifadə edib.

Bakının Brüssel görüşündə daha iki prinsipial istəyi qəbul edilib. Bunlardan biri və ən vacibi açıqlanan sənədlərdə “Dağlıq Qarabağ” ifadəsinin olmamasıdır. Bu, Bakının üzərində durduğu əsas məqamdır. “Dağlıq Qarabağ” ifadəsi yoxdursa, deməli, muxtariyyət və ondan irəli gedə biləcək niyyətlər də olmayacaq.

Digər vacib məqam bəyanatlarda ATƏT-in Minsk qrupunun adının çəkilməməsi, belə bir institutun olmamasına işarədir ki, bu da rəsmi Bakını tam qane edir.



İrəvan isə Brüssel görüşündə onun üçün iki vacib məsələni itirir - Minsk qrupunu “diriltmək” və onun fonunda Qarabağda yaşayan ermənilərin guya pozulan hüquqlarını beynəlxalq platformada gündəmə gətirmək. Bunlar daha olmayacaq. Əslində Paşinyanın Brüssel səfəri öncəsi İrəvanda başlayan etirazlar və tənqidlər də göstərirdi ki, Brüsseldə güclü əl Azərbayandır.

Deputat Ceyhun Məmmədovun fikrincə, Ermənistanın Brüssel görüşünə bəslədiyi növbəti ümidi də puça çıxıb. Onun sözlərinə görə, Ş. Mişelin mətbuata açıqlaması da Azərbaycanın mövqeyinin dəstəkləndiyini göstərir. Yəni prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq platformada mövqeyini daha da gücləndirib.

Milli Məclisin komitə sədri Musa Quliyev də görüşün nəticəsini müsbət qiymətləndirir: “Brüsseldə keçirilən görüşdə Bakının təklifləri masada olub. Prosesi Azərbaycan idarə edir. Tanrı qalib lideri və müzəffər xalqı hifz etsin”.

Reyting.az




Bölməyə aid digər xəbərlər