12:36 / 14-06-2025
Sabah yağış yağacaq
YAŞAT Fondu Türkiyə xəstəxanalarındakı 13 qazimizin müalicəsini yarımçıq dayandırmaq istəyir - Video
Tarix: 08-04-2022 08:52 | Bölmə: Slayd
YAŞAT Fondu Türkiyə xəstəxanalarındakı 13 qazimizin müalicəsini yarımçıq dayandırmaq istəyir

İkinci Qarabağ müharibəsində iştirak edərək sağlamlıqlarını itirmiş qazilərimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıblar.

Reyting.az
xəbər verir ki, müraciəti hazırda Türkiyə xəstəxanalarında müalicə olunan 13 qazimiz imzalayıb.

Səhhətlərinin bərpasına çalışan qazilərimiz Ali Baş Komandandan xahiş edirlər ki, Türkiyədə qalıb müalicələrini davam etdirmələri üçün YAŞAT Fonduna göstəriş versin:

“Cənab Ali Baş Komandan!

Artıq bir ildən çoxdur ki, Türkiyədəki xəstəxanalarda müxtəlif reablitasiya proseslərindən keçirik. Fizioterapiya kursları nəticəsində son zamanlar səhhətimizdə müəyyən irəliləyişlər hiss edirik və yerimə qabliyyətimiz qismən bərpa olunur. Yaralarımız çox ağır olduğundan səhhətimizin bərpası uzun müddət tələb edir. Amma bu, o demək deyil ki, bizim müalicəmiz yarımçıq dayandırılmalıdır”.

Qeyd olunur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün yaradılmış YAŞAT Fondu müraciət müəllifi olan qazilərimizin müalicəsini yarımçıq dayandırmaq istəyir:

“YAŞAT Fondu səhhətimizin tam bərpa olunmadığını bildiyi halda, bizə “artıq sağalmısınız, geri dönə bilərsiniz",- deyərək, müalicəmizi yarımçıq saxlayıb, bizi Azərbaycana qaytarmağa çalışır.

Cənab prezident!

Bizim bütün müalicə xərclərimizi indiyədək YAŞAT Fondu ödəyib və ödəməkdə davam edir. Lakin, müalicəmizin belə tezliklə müsbət nəticə vərəcəyi gözlənilmir. Ona görə də YAŞAT Fondunun bizim müalicəmizi yarımçıq dayandırmasını istəmirik”.

Qazilərimiz yazırlar ki, YAŞAT Fondu da Türkiyədə olan belə müalicə üsulları, texniki avadanlıqlar və həkim heyətinin Azərbaycanda olmadığını çox gözəl bilir:

“Müharibədən sonra bir müddət Azərbaycanda müalicə olunduq. Həkimlər Azərbaycanda müalicəmizin nəticəsiz olduğunu görüb bizi Türkiyə xəstəxanalarına göndərdilər və hazırda müalicəmizdən və səhhətimizdəki irəliləyişdən razıyıq. Bunları bilə-bilə YAŞAT Fondu bizi hansı səbəbdən Azərbaycana qaytara bilər? Əgər Azərbaycanda belə müalicə üsulları və imkan olsaydı, bizi Türkiyəyə göndərməzdilər.

Cənab prezident!

Sizdən xahiş edirik ki, YAŞAT Fondunun Türkiyədəki müalicəmizi yarımçıq dayandıraraq bizi Azərbaycan qaytarmasının qarşısını alasınız. Çox istərdik ki, bir müddət də Türkiyədə qalıb müalicə olunmağımıza köməklik göstərəsiniz.



Dərin hörmət və ehtiramla, Vətən müharibəsində Azərbaycanı və onun Ali Baş Komandanını tək qoymayan qazilər:

1. Kənan Nəsirov

2. Etiram Musayev

3. Samir Əliyev

4. Elşən Xanaliyev

5. Ram İsmayılov

6. Emil Qocayev

7. Valeh İsayev

8. Elmar Nəsirov

9. Əzim Qafarov

10. Əfsər Ataxanlı

11. Turan Əhmədzadə

12. Bəxtiyar İsmayılov

13. Samir Orucov”.




Redaksiyadan:
Reyting.az YAŞAT Fondunun da mövqeyinə hörmətlə yanaşır və məsələyə münasibətinə yer ayırmağa hazırdır.




Bölməyə aid digər xəbərlər