12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiyanın dəyişməyən ikinci şəxsi... - Fotolar
Tarix: 08-04-2022 18:20 | Bölmə: Slayd
Rusiyanın dəyişməyən ikinci şəxsi...

Dmitri Medvedev universitetdəki həmkarları sayəsində tanış olduğu Vladimir Putindən o vaxtdan ayrılmayıb. Onlar siyasi karyeralarını birlikdə qurublar. Medvedev həmişə “iki nömrə” olub.

“Vladivostokdan Lissabona qədər Böyük Rusiya” bəyanatı ilə yenidən gündəmə gələn Rusiyanın eks-prezidenti və keçmiş baş naziri Medvedev indi necə olub ki, Ukrayna mövzusunda açıqlamalar verir?

Reyting.az xatırladır ki, “Soyuq müharibə”nin ən gərgin dövründə, Sovet lideri Xruşşov istefa verib və ölkədə hakimiyyət Brejnevin nəzarətinə keçib. Əvvəlki illərlə müqayisədə rifahın yüksəlməsi hiss olunub və planlaşdırılmış inkişaf modeli öz təsirini göstərməyə başlayıb. Dmitri Anatoliyeviç Medvedev 1965-ci il sentyabrın 14-də belə bir dövrdə doğulub. Ukrayna əsilli anası universitetdə rus ədəbiyyatından dərs deyib, atası isə fizika üzrə professor olub. Atası hətta sovetləri təsvir edən 10 cildlik ensiklopediya da hazırlayıb. Lakin bu, o dövrdə Rusiyada firavan həyat üçün kifayət etməyib. Onlar 40 kvadratmetrlik kiçik bir evdə yaşayıb və dolanışıqlarını güclə təmin ediblər.

Medvedevin doğulduğu Leninqradın əsası 1700-cü illərdə çar Pyotr tərəfindən qoyulub. Moskvanın sərt və bürokratik simasına baxmayaraq, Leninqrad canlı və rəngarəng inşa olunub.



Dmitri Medvedev ibtidai sinifdən yaxşı və nizamlı şagird kimi tanınıb. Orta məktəbi bitirdikdən sonra Leninqrad Universitetinin hüquq fakültəsinə daxil olub. Orada da özünü yaxşı tələbə kimi göstərməyi bacarıb.

Dmitri Medvedev Britaniya rok qruplarını yaxından izləyib. İdmanla da (ağır atletika) məşğul olub. Amma maddi sıxıntı bitməyib. O, tələbəlik illərində “zibilçi” işlədiyini illər sonra jurnalistlərə etiraf edib.

1987-ci ildə məzun olan D. Medvedev prokuror olmaq istəsə də, akademik karyerası üçün qarşısına çıxan fürsəti əldən verməyib. Müəllimi Anatoli Sobçak onun həyatını müsbətə doğru dəyişib.

Sobçakın hələ də əlaqə saxladığı digər tələbəsi Vladimir Putindir. Sobçak Sankt-Peterburq merliyinə namizədliyini irəli sürərkən, Medvedev yollarının heç vaxt ayrılmayacağı Putinlə görüşüb. “KQB”-dən istefa verən Putin Sobçaka ən yaxın adam idi. 1991-ci ildə Sobçak mer seçiləndə Putin əvvəlcə onun müşaviri, sonra isə bələdiyyənin beynəlxalq əlaqələr komitəsinin direktoru olub. Medvedev Putinin rəhbərlik etdiyi bu komitəyə məsləhətçi təyin edilib. Bununla da, Putinlə münasibətləri daha da yaxşılaşıb.

1993-cü ildə Medvedev həm də kağız istehsal edən taxta-şalban şirkətinin rəhbəri təyin olunub. “Xidməti” müqabilində o, şirkətin səhmlərinin bir hissəsini ələ keçirib. 1999-cu ildə bu səhmləri satanda şirkətin dəyəri yüz milyonlarla dollar idi. Medvedev artıq “kasıb” deyildi. Amma onun nə qədər qazandığı sirrdir.



Medvedev taxta zavodunda çalışarkən, Putin də karyerada yüksəlib və 1994-cü ilin martında Sobçakın müavini olub. Sankt-Peterburqun gündəlik bələdiyyə işləri ona həvalə edilib. 1996-cı il seçkilərində Putin Sobçakı əvəzləyib.

Lakin Putin Sobçakdan ayrılmayıb. 1997-ci ildə korrupsiyada təhqiqatı aparılan Sobçak şəxsi təyyarə ilə Parisə qaçıb. Bu qaçışı onun keçmiş tələbəsi və köməkçisi Putin təşkil edib. Putin bu çətin zamanda müəlliminə sadiq qalıb. Bu sədaqət Rusiya prezidenti Boris Yeltsinin diqqətini çəkib və hətta gündəliklərində yazdığı kimi, bu onun xoşuna gəlib. Yeltsin 1997-ci ilin martında Putini yaxın komandasına cəlb edib. Burada da Putin sürətlə yüksəlməyi bacarıb. Yeltsin onu əvvəlcə DTK-nın əvəzinə yaradılmış FTX-nin rəhbəri, sonra isə istefa verən Stepaşinin yerinə Baş nazir təyin edib. Yeltsin istefa verəndə onu seçkilərə qədər “vəkil edilmiş şəxs” əvəzləyib. Medvedevin karyerası bu prosesə paralel olaraq yüksəlib. Putin onu heç vaxt unutmayıb. Putin prezidentliyə namizəd olanda seçki kampaniyası ona həvalə edib. Seçkidə qalib gəldikdən sonra Medvedev Qazpromu idarə edən iki şəxsdən birinə çevrilib.

2005-ci ildə Putin Medvedevi Baş nazirin müavini təyin edib. 2008-ci ilə qədər Putin artıq ikinci prezidentlik müddətini başa vurmuşdu. O, üçüncü dəfə namizədliyini irəli sürməyib, əvəzində Medvedevi irəli çıxarıb. Bəziləri onu Putin üçün “çox liberal” fiqur hesab etsələr də, Putinin “mənim namizədim Medvedevdir”,- deməsi çoxları üçün sürpriz olub. Medvedev isə daha bir sürpriz edib. “Prezident olsam, Putin Baş nazir olacaq”, - deyib və sələfinin də onun varisi olacağına işarə edib. Beləcə, düymə basılıb.



Eyni məktəbi bitirən, müəllimlərinin sayəsində bələdiyyədə yolları kəsişən və o vaxtdan bir daha ayrılmayan cütlük indi dövlətin zirvəsində əyləşiblər. Medvedev Putini dövlət başçısı kimi əvəz edir, Putin Medvedevin yerinə Baş nazir olur. Dörd ildən sonra kürsülər yenidən dəyişdirilir. İkisi arasında şübhəsiz ki, bir sinxronizasiya var. Amma rütbəsindən və vəzifəsindən asılı olmayaraq, Medvedev həmişə “ikinci nömrə” kimi görünür.

Yeltsin gündəliklərində Putini sadiq olduğu üçün seçdiyini yazıb. Putin isə Medvedev haqqında çox danışmayıb, sadəcə, “mən ona güvənirəm”,- deyib. Aralarındakı bu etimad münasibəti qorunub. Medvedev 2020-ci ildə Baş nazir vəzifəsindən istefa verib və Putinin rəhbərlik etdiyi Rusiya Təhlükəsizlik Şurasının sədr müavini olub. Yəni o, “Putinin iki nömrəli”si kimi ən yaxşı bildiyi işə qayıdıb.

Medvedev bir neçə gün əvvəl “Vladivostokdan Lissabona qədər uzanan Avrasiya qurmağı hədəfləyirik” bəyanatını verib. Çox güman ki, o, növbəti dəfə öz fikrini deyil, Putinin məqsədini açıqlayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər