12:36 / 14-06-2025
Sabah yağış yağacaq
2022-nin qalmaqalları: cinsi təcavüzlər, korrupsiya, casusluq və...
Tarix: 21-08-2022 23:00 | Bölmə: Slayd
2022-nin qalmaqalları: cinsi təcavüzlər, korrupsiya, casusluq və...

Qərb ölkələrinin əksəriyyətində və Avropada il boyu siyasi qalmaqallar yaşanıb. Bu, bəzi ölkələrdə hökumətin dəyişməsinə və ya istefasına, bəzilərində isə siyasətçilərin çətin vəziyyətlə üzləşməsinə səbəb olub. Belə qalmaqallardan sonuncusu aprel ayında Yunanıstanda müxalif siyasətçilərin və jurnalistlərin telefonlarının izlənilməsi xəbərinin ortaya çıxmasıdır.

Reyting.az
xatırladır ki, Şimali Makedoniya və İsraildə nümayəndəliyi olan “Cytrox” şirkəti tərəfindən hazırlanan “Predator” adlı casus proqramından Yunanıstan Milli Kəşfiyyat İdarəsi (EYP) tərəfindən müxalifət partiyasının lideri Nikos Andrulakisin telefonuna daxil olmaq üçün istifadə edilib.

Sonradan məlum olub ki, müxalif jurnalist Thanasis Koukakisin telefonuna da “Predator” ilə daxil olaraq onu izləyiblər.

Millət vəkili Andrulakisin telefonuna edilən kiberhücumla bağlı cinayət işi açılarkən, EYP direktoru Panagiotis Kontoleon ictimaiyyətin qəzəbinə səbəb olduğu üçün istefa verib. Yunanıstan Baş naziri Mitsotakis məsələdən xəbərsiz olduğunu açıqlayıb.

Almaniya, Danimarka və Fransada vergidən yayınma ilə bağlı 2017-ci ildə “Cum-Ex Files”in aşkarlanmasından sonra başlayan araşdırmalar çərçivəsində Almaniya kansleri Olaf Şolza qarşı irəli sürülən ittihamlar hələ də ölkədə müzakirə olunur. Ölkənin tanınmış cinayət hüquqçusu Gerhard Strate fevralın 18-də Şolz və keçmiş Hamburq meri Peter Tşentşeri “Cum-Ex” qalmaqalında -vergidən yayınmağa köməklik göstərməkdə ittiham edib.

Şolz və Tşentşer Hamburqda yerləşən “Warburg Bank”ı 2016-cı ildə “Cum-Ex” adlı şübhəli səhm sövdələşmələri vasitəsilə dövlət xəzinəsindən aldığı 47 milyon avro verginin geri qaytarılmasını vaxtında tələb etməməkdə suçlayıb.

“Stern” jurnalında dərc olunan xəbərdə Şolzun 2020-ci ildə Federal Məclisin Maliyyə Komitəsinin iclaslarında “Warburg Bank”ın ortağı Kristian Oleariusla görüşləri ilə bağlı ziddiyyətli açıqlamaları da ictimaiyyətdə şübhə doğurub.

Hamburq Baş Prokurorluğu avqustun 16-da verdiyi qərarla Şolza qarşı cinayət elanını rədd edib, lakin Baş nazir Şolz qalmaqala işıq salmaq üçün Hamburq Əyalət Məclisində yaradılan istintaq komissiyasında irəli sürülən iddialara cavab verəcək.

Fransada bu il vergi korrupsiyası, prezident Emmanuel Makron tərəfindən lobbiçilik iddiaları və bir nazirə qarşı təqib ittihamları gündəmi zəbt edib.

Martın 17-də Senat tərəfindən paylaşılan hesabatda Yelisey sarayı və hökumət üçün məsləhətçi vəzifələrini yerinə yetirən ABŞ mərkəzli “McKinsey”nin son 10 ildə şirkət vergisi ödəmədiyi bildirilib.

Hesabatda həmçinin qeyd olunub ki, 2018-2021-ci illərdə “McKinsey” ilə müqavilələrin dəyəri iki dəfədən çox artaraq 1 milyard avronu keçib. Prezident E. Makron Senatın “McKinsey”ə qarşı irəli sürdüyü korrupsiya ittihamlarının həqiqətə uyğun olmadığını iddia etsə də, Fransada “McKinsey Korrupsiya” müzakirələri tez-tez Makronun qarşısına çıxır.

Ölkədə yaranan digər qalmaqal isə “The Guardian” qəzetinə sızan mobil taksi şirkəti “Uber”ə məxsus sənədlərdə Makronun adının hallanmasıdır. 2014-cü ildə iqtisadiyyat naziri olarkən Makronun “Uber” rəhbərlərinə lobbiçilik etdiyi iddia olunur. Həmçinin Makronun “Uber”in həmtəsisçilərindən olan Travis Kalanickin onunla birbaşa əlaqə saxlamasına icazə verdiyi və “Uber”in Fransadakı fəaliyyətinə gizli kömək etdiyi bildirilir.

May ayında Fransanın sosial müdafiə naziri təyin edilən Damien Abada qarşı zorlama ittihamları da ölkə gündəmini zəbt edib. Mayın 24-də bir xəbər saytına müsahibə verən iki qadın Abadın 2010 və 2011-ci illərdə onları cinsi əlaqəyə məcbur etdiyini bildiriblər. İddiaların ortaya çıxmasından sonra aralarında deputatlar və yerli siyasətçilərin də olduğu təxminən 180 qadın “Le Monde” qəzetinə Abadın istefasını tələb edən məktublar göndəriblər. Nəticədə Abad iyulun 4-də istefa verib.

İngiltərədə isə Mühafizəkarlar Partiyasının deputatı Kris Pinçer klubda iki kişiyə təcavüz ittiham olunub. İddialardan sonra iyulun 1-də partiyada müfəttiş köməkçisi vəzifəsindən istefa verən Pinçer həmin gün “çox içdiyini” və “həm özünü, həm də başqalarını utandırdığını” açıqlayıb.

Pinçerlə bağlı qalmaqal hökumətdə domino effekti yaratdığından, bir çox nazirlər postlarını tərk ediblər. İstefalardan sonra Baş nazir Boris Conson iyulun 7-də istefa verib.

ABŞ-da isə Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri tərəfindən avqustun 8-də keçmiş prezident Donald Trampın Florida ştatındakı Mar-a-Laqo malikanəsinə basqın edilməsi, Tramp dövründə Casusluq Aktının pozulduğuna dair iddiaları gündəmə gətirib. Mar-a-Laqodan 10 qutudan çox məxfi sənədlərin toplandığı, 40-a yaxın FTB agenti tərəfindən 9 saatdan çox davam edən axtarışda Trampın şəxsi seyfinin sındırıldığı açıqlanıb. Sözügedən reyd ölkənin əsas gündəmi olaraq qalsa da, mətbuat ələ keçirilən sənədlərin Trampın prezidentliyinin son ayları ilə bağlı bir sıra araşdırmalara səbəb olacağını proqnozlaşdırır. Hüquq ekspertləri deyirlər ki, Trampın Casusluq Qanununu pozduğu sübuta yetirilərsə, onu 33 ilə qədər həbs cəzası gözləyir.

Avqustun 16-da Nyu-York Bölgə Məhkəməsinə verilən ərizədə Pompeonun MKİ direktoru olduğu müddətdə casusluq edərək jurnalistlərin və vəkillərin şəxsi toxunulmazlıq hüquqlarını pozduğu iddia edilib.

Kanadanın Kvebek əyalətində avqustun 16-da katolik kilsəsinin 88 keşişinə və din xadiminə qarşı yetkinlik yaşına çatmayan uşaqlara qarşı cinsi zorakılıq iddiası ilə cinayət işi açılıb. Kvebek Baş yeparxiyasına qarşı açılan iddiada, Katolik dünyasının ruhani lideri Papa Fransisin varisi olaraq görülən Kvebek arxiyepiskopu Mark Oullet də daxil olmaqla 88 keşiş və məmur cinsi təcavüzdə ittiham olunub. İttihamnamədə “F” kod adı ilə tanınan qurbanlardan biri bildirib ki, Oullet onu cinsi istismar edib.

Kanada hökuməti və Vatikan tərəfindən zorlama ittihamları ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər