12:36 / 14-06-2025
Sabah yağış yağacaq
İşğal olunmuş ərazilərdə minlərlə ukraynalı uşaq oğurlanıb
Tarix: 24-08-2022 09:03 | Bölmə: Slayd
İşğal olunmuş ərazilərdə minlərlə ukraynalı uşaq oğurlanıb

Rusiya işğal etdiyi ərazilərdə ukraynalı uşaqları qaçırıb, onları rus ailələrinə övladlığa verir. Reyting.az-ın xəbərinə görə, bu barədə Amerika Müharibə Araşdırmaları İnstitutunun yeni hesabatında bildirilib.

Rusiya Federasiyasının Krasnodar diyarının Ailə və uşaq məsələləri üzrə departamentinin məlumatına görə, Mariupoldan 1000-dən çox uşaq proqram çərçivəsində Tümen, İrkutsk, Kemerovo və Altay diyarında rus ailələrinə övladlığa verilib. 300-dən çox uşağın “yeni ailələri ilə tanış olmaq” üçün hələ gözlədiyi və bu uşaqları övladlığa götürən vətəndaşların dövlətdən birdəfəlik mükafat alacaqları diqqətə çatdırılır.

Ukrayna Baş Kəşfiyyat İdarəsinin məlumatında qeyd olunur ki, Rusiyanın işğalı altında olan Donetsk vilayətinin bir neçə yaşayış məntəqəsindən 30 ukraynalı yeniyetmə Nijni Novqorod şəhərinə aparılıb.

Rusiya Federasiyasının Ukraynanın işğal olunmuş ərazilərində rus məktəbləri açmaq cəhdlərini davam etdirdiyi də verilən məlumatlar sırasındadır.

Amerika Müharibə Araşdırmaları İnstitutunun hesabatında Ukrayna Baş Kəşfiyyat İdarəsinə istinadla qeyd olunur ki, Rusiya hakimiyyəti işğal olunmuş Ukrayna ərazilərində rusiyalı müəllim və əməkdaşlarla 43 təhsil müəssisəsinin işini bərpa etməyə cəhd göstərir.

Xatırladaq ki, UNIAN daha əvvəl Baş nazirin müavini İrina Vereşçuka istinadla bildirib ki, iyunun sonuna olan məlumata görə, qanunsuz yolla iki mindən çox uşaq Ukraynadan Rusiya Federasiyasına aparılıb.

Onu da qeyd edək ki, Ukrayna Ali Radası oğurlanmış ukraynalı uşaqların rus ailələrində övladlığa verilməsi ilə bağlı BMT-yə müraciət edib.




Bölməyə aid digər xəbərlər