13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Rüstəm Behrudi yazıçıları qınayır: “Ədəbiyyatı cəmiyyətə o səviyyədə təqdim etmək doğru deyildi”
Tarix: 11-11-2022 14:02 | Bölmə: Slayd
Rüstəm Behrudi yazıçıları qınayır: “Ədəbiyyatı cəmiyyətə o səviyyədə təqdim etmək doğru deyildi”

“Təmsil olunmadığım təşkilatın qurultayı haqqında nəsə deməyi düzgün saymıram. Son günlər bir qədər də xəstəyəm, qızdırmam var, cərrahi əməliyyatdan sonra ağrıyıram. Həm də iştirak etmədiyim bir tədbir haqqında danışmağı məqbul hesab etmirəm”.

Reyting.az
xəbər verir ki, bu sözləri şair Rüstəm Behrudi Azərbaycan Yazıçılar Birliyinin son qurultayı haqqında suala cavabında deyib.

R. Behrudi son qurultay haqqında bir söz deyə bilməyəcəyini xüsusi vurğulayaraq, diqqətə çatdırıb ki, onların hamısını qınayır: “Böyük Azərbaycan ədəbiyyatını cəmiyyətə o səviyyədə təqdim etmək doğru-dürüst iş deyildi. Belə bir iş Azərbaycan ədəbiyyatına, Azərbaycan əxlaqına ziddir. Mən bunların hamısını qınayıram”.

R. Behrudi əlavə edib ki, onu bəyənən və bəyənməyən bütün adamları qınayır:

“Bu, bir az da Azərbaycan ədəbiyyatına porodiya kimi səsləndi. Azərbaycan ədəbiyyatının üzdə olan, sevilən nümayəndələrinin bir-birinə olan münasibəti çox ağrıdıcı və ürəkbulandırıcı idi”.

Uzun illər əvvəl Yazıçılar Birliyindən istefa verdiyini xatırladan R. Behrudi əlavə edib ki, həm də xəstə olduğu üçün qurultaya getməyib: “Sağlam olsaydım, bəlkə də gedib bir kənardan baxardım. Amma mən şair olmaqdan əvvəl bir kişiyəm və sözsüz ki, istefa verdiyim yerə getməzdim”.

R. Behrudi deyib ki, hər zaman ədəbiyyatın təkbaşına proses olduğunu düşünüb və bu cür də hərəkət edir:

“Çoxlarının yadındadır. 1996-cı ildə rəhmətlik Heydər Əliyevin yanında iclas keçirildi və mən orada da çıxış edərkən Yazıçılar Birliyinin lazım olub-olmadığı haqqında fikrimi demişdim. Hesab edirəm ki, cəmiyyət buna özü qərar verməlidir”.

R. Behrudi sonda əlavə edib ki, Yazıçılar Birliyinin 5 minə qədər üzvü var və qurultay haqqında onlar danışmalıdır: “Mənim fikir bildirməyim düzgün olmazdı. Mən təkbaşına ədəbiyyat yaradan adamam, əgər yarada bilirəmsə...”.

Reyting.az




Bölməyə aid digər xəbərlər