13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Oliqarxların müəmmalı ölümü - Rusiyanın iş adamları arasında gizli müharibə gedir
Tarix: 18-11-2022 13:27 | Bölmə: Slayd
Oliqarxların müəmmalı ölümü - Rusiyanın iş adamları arasında gizli müharibə gedir

Son zamanlar Rusiyada oliqarxların müəmmalı ölümü ciddi suallar doğursa da, amerikalı maliyyə eksperti Bill Brauder deyir ki, sanksiyalara görə Rusiyada “tort” kiçilib və bu, rusiyalı oliqarxlar arasında qanlı rəqabətə səbəb olub.

Reyting.az
xatırladır ki, son aylar Rusiyanın bir çox tanınmış iş adamı həyatını itirib. Müəmmalı ölümlərin sirrini açmaq mümkün olmasa da, iş adamları arasında “intiharların davam etməsi” Kremldə də mübahisələr doğurur.

Qeyd edək ki, “Qazprom”un keçmiş vitse-prezidenti, Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan Vladislav Avayev aprel ayında həyat yoldaşı və 13 yaşlı qızı ilə birlikdə Moskvadakı mənzilində ölü tapılıb.

Bu hadisədən sonra “Qazprombank”la yaxın münasibətdə olan “Novatek” təbii qaz şirkətinin keçmiş vitse-prezidenti Sergey Protosenya da həyat yoldaşı və qızı ilə birlikdə İspaniyadakı evində ölü tapılıb. İntihar etdiyi düşünülən Protosenyanın oğlu ailəsinin öldürülmüş ola biləcəyini iddia edib.

Rusiyanın ən böyük neft şirkətlərindən biri olan “LukOİL”un keçmiş direktoru Aleksandr Subbotin may ayında şaman cütlüyünün evində ölü tapılıb.

Sankt-Peterburqda Rusiyanın dövlət enerji nəhəngi “Qazprom”la yaxın əlaqələri olan rusiyalı iş adamı Yuri Voronovun meyiti dəbdəbəli evin hovuzunda aşkar edilib.

Sentyabrda “LukOİL”un baş direktoru Ravil Maqanov xəstəxananın pəncərəsindən yıxılaraq dünyasını dəyişib. Onun yaxın dostu, Putinin “xüsusi masajçısı” kimi tanınan və Kremlin bir çox sirlərinə bələd olduğunu düşünülən Konstantin Qoloşçapovun Rusiyadan qaçması isə müəyyən söz-söhbətlərə səbəb olub.

Müəmmalı hadisələr davam edərkən Sovet İttifaqının dağılmasından sonra Rusiyaya qoyduğu sərmayələri ilə gündəmə gələn amerikalı maliyyə eksperti Bill Brauderdən diqqətçəkən açıqlamalar verib. Brauder Ukrayna müharibəsindən sonra Qərbin tətbiq etdiyi sanksiyalarla sarsılan Rusiyada oliqarxlar arasında böyük rəqabətin olduğunu qeyd edib. Sanksiyalar nəticəsində oliqarxların yerdə qalan sərvətlər üçün böyük rəqabətə girişdiyini deyən məşhur iş adamı Rusiyanın iş dünyasında gizli müharibənin getdiyini və intiharların da bunun nəticəsi olduğunu bildirir.

İngiltərə mətbuatına açıqlama verən B. Brauder deyib ki, Rusiyada havayı “tort” getdikcə azalır: “Rusiyadakı bu müharibəni bir-birini öldürən yırtıcıların döyüşü ilə müqayisə etmək olar”.

Brauder, xüsusilə Rusiyanın enerji nəhəngləri olan “Qazprom”, “LukOİL”, “Novatek” və “Qazprombank” kimi pul axınının sıx olduğu qurumlarda müharibənin nəzarətdən çıxdığını bildirib.




Bölməyə aid digər xəbərlər