13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
İranda qarşısıalınmaz proseslər başlayıb - Politoloq
Tarix: 23-11-2022 17:24 | Bölmə: Slayd
İranda qarşısıalınmaz proseslər başlayıb

“İbrahim Rəisi İranda hakimiyyətə gəldikdən sonra Azərbaycanla əlaqələrdə gərginliklər müşaiyət olunurdu. İran Ermənistan sərhədlərini özünün “qırmızı xətt”i elan edib, iki dəfə sərhədlərimiz yaxınlığında hərbi təlimlər keçirdi. Lakin, irəli sürülən ittihamların arxasında real əsas yoxdur. Praqa və Soçi bəyannamələrində Bakı və İrəvan bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərin toxunulmazlığını tanıdıqlarına dair, ilin əvvəlində isə Bakı və Tehran Şərqi Zəngəzur-Naxçıvan dəhlizinin açılması ilə bağlı razılıq əldə edib”.

Bunu Reyting.az-a politoloq Fərhad Məmmədov deyib.

F. Məmmədovun fikrincə, İranın süni gərginlik yaratmaqda əsas məqsədi Rusiyanın zəifləməsindən istifadə edərək regionda nüfuzunu artırmaq, Zəngəzur dəhlizinin açılmasına mane olmaq və Ankara-Bakı-Təl-Əviv üçbucağını zəiflətməkdir: “Amma təzyiqlərə rəğmən İran təmamilə əks nəticələrlə üzləşdi. Bakı Ermənistanla şərti sərhəddə strateji yüksəkliklərə yiyələndi, mövqe üstünlüyü qazandı. Hazırda Azərbaycan Silahlı Qüvvələri Ermənistanın İrana gedən strateji yollarını vizual nəzarətdə saxlayır”.

Politoloq diqqətə çatdırıb ki, Zəngəzur dəhlizi Ermənistanın 10 noyabr razılaşması üzrə yerinə yetirməli olduğu öhdəlikdir: “Buna görə də İranın təhdidlərinə rəğmən Bakı bu dəhlizlə bağlı mövqeyindən geri çəkilmədi. Əksinə, beynəlxalq təşkilatların rəsmi sənədlərinə bu məsələni də daxil edir”.

İranın hərbi təlimlərinə gəldikdə, F. Məmmədov xatırladıb ki, buna cavab olaraq Azərbaycan xüsusi təyinatlıları İranla sərhəddə təlimlər keçirib, bundan sonra isə İranla problemli münasibətlərə malik ölkələrin Azərbayana diqqəti artıb:

“Türkiyənin xarici işlər naziri Çavuşoğlu İran xarici işlər nazirinə, Pakistan rəhbəri və İsrailin müdafiə naziri isə azərbaycanlı həmkarına zəng etdi. Çavuşoğlu Azərbaycanla dostluq əlaqələrindən, Hants isə Azərbaycanla hərbi əlaqələrin inkişafından danışdı. ABŞ Dövlət Departamentinin sözçüsü N. Prays ABŞ-ın İranın təhdidləri qarşısında Azərbaycana dəstəyini davam etdirəcəyini bildirdi. Baş qərargah rəisi K. Vəliyev ABŞ-ın ölkəmizdəki hərbi attaşesi M. Koun və NATO-nun kontr-admiralı G. Brousdal ilə ayrı görüşlər keçirdi. Hər iki görüş ölkəmizin ABŞ və NATO ilə hərbi əməkdaşlığının inkişaf perspektivlərinə həsr edilmişdi”.

Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatlarına da diqqət çəkən müsahibimiz qeyd edib ki, İran xüsusi xidmət orqanlarının Azərbaycan vətəndaşlarını xəricdə hərbi təlimlərə cəlb etməsi, maliyyələşdirməsi və təhlükəsizlik maraqlarımıza zidd istifadə etməsi halları ilə bağlı kompleks araşdırma, ifşa və yaxalama tədbirləri də keçirilib:

“Black Rewards haker qrupu İranın yanvar və mart aylarında Bakıdakı casus şəbəkəsinə €47.158 (Avro) və €75.000, Naxçıvandakı casus şəbəkəsinə isə €15.083 və €30.000 pul köçürdüyünü isbatlayan sənədlər yaydı. Gürcüstanın təhlükəsizlik orqanları isə ölkədə mövcud İran casus şəbəkəsinin ifşa edib, yaxalanması istiqamətində əməliyyatlar apardı”.

Politoloq əlavə edib ki, İranın destruktiv fəaliyyəti Avropa İttifaqı (Aİ) tərəfindən yeni sanksiyaların qəbuluna və İsraildə B. Netanyahunun yenidən hakimiyyətə qayıtmasına da təsir göstərib:

“Azərbaycan İsraildə səfirlik, Fələstində isə nümayəndəlik açılması haqqında qərar qəbul etdi. Həmçinin İsrailin dəstəyi ilə Azərbaycanda kibertəhlükəsizlik mərkəzi açılacaqdır. İsrailin Xarici İşlər Nazirliyi və ABŞ-da AİPAC və AJC kimi nüfuzlu yəhudi təşkilatları səfirliyin açılmasını “tarixi qərar” adlandırdılar.

Azərbaycan prezidenti Türk Dövlətlər Təşkilatının Səmərqənd sammitində güney azərbaycanlılar daxil, türkdilli xalqların hüquqlarının və milli kimliyinin qorunması kimi məsələlərin təşkilat çərçivəsində daimi diqqətdə saxlamağı təklif etdi.

Məqsədlərinə çata bilməyən İran, Bakıya Xamneyinin müşaviri Ə. Ə. Vilayəti vasitəsi ilə barışıq məğzli siqnallar göndərdi. Vilayəti İranın hücuma keçmək fikrində olmadığını və Azərbaycan xarici ölkə tərəfindən hücuma məruz qaldığı təqdirdə onun yanında olacağını bildirdi. Prezidentin köməkçisi Hikmət Hacıyev cavabında gərginliyin İran rəsmilərinin bəyanatları ilə başlandığını, təlimlərlə isə İrana etibarın azaldığını bildirib. Yəni, diplomatik dillə əlaqələrin bərpa edilməsinin yol xəritəsini Tehrana təqdim etdi. Beləliklə, İran bu gərginlikdən qazanmadı, əksinə, ölkə daxilində daşlar yerindən oynadı, qarşısıalınmaz proseslər başladı və bu proseslərin nəticələri yaxın gələcəkdə özünü biruzə verəcəkdir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər