ABŞ-ın təklifi Azərbaycanın maraqlarını təmin edir - Professor
Tarix: 30-11-2022 17:00 | Bölmə: Slayd
ABŞ-ın təklifi Azərbaycanın maraqlarını təmin edir

“Hazırda bölgədə gərginlik var, bir çoxları hərbi qarşıdurmanın ola biləcəyinə işarə edirlər. Ancaq problem ondadır ki, sonuncu Soçi görüşündə tərəflər gücdən istifadə etməyəcəklərini nəzərdə tutan üçtərəfli bəyanatla çıxış ediblər. İndi tərəflərin buna əməl edib-etməyəcəyi əsas məsələlərdən biridir. Ancaq bu dəfə kim birinci başlasa, ona daha güclü təzyiqlər ola bilər”.

Bunu professor Əli Abbasov həm Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin, həm də Ermənistan ordusunun son günlər törətdiyi təxribatlardan danışarkən Reyting.az-a deyib.

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerin regiona səfərini xatırladan Ə. Abbasovun sözlərinə görə, indi Ermənistan-Azərbaycan münaqişəsi ilə ən ciddi məşğul olan Amerikadır: “Əslində çoxdan belədir. Çünki məhz Vaşinqtonda tərəflərin görüşündən sonra hansısa irəliləyişlər müşahidə olunur. Məsələn, tərəflər Brüsseldə görüşürlər, amma sonra görürsən ki, nəsə alınmır. Sanki böyük dövlətlərin gücü yetmir ki, hamını razı salsın. Amerikalı diplomatın regiona gəlməsi isə o deməkdir ki, danışıqlar masasında irəliləyiş ola bilər”.

Professor diqqətə çatdırıb ki, əslində Vaşinqton tərəfindən irəli sürülən vasitəçilik və problemin həllinə dair baxışlar Azərbaycan tərəfini qane edə bilər:

“ABŞ-ın nəyi təklif etməsini Rusiya prezidenti Vladimir Putin açıqladı. Bildirdi ki, ABŞ hansı variantı nəzərdə tutursa, bunu qəbul etmək olmaz və s. Ruslar istəmirlər ki, iki tərəf arasında sülh sazişi imzalansın. Ən yaxşı halda ruslar da bu sənədin hazırlanması və tətbiqində rol almaq istəyirlər. Əslində ruslar Vaşinqtonun planından və Bakı ilə İrəvan arasında istənilən razılaşmadan ehtiyat edirlər. Çünki bu halda Rusiya Cənubi Qafqazda mövqelərini və nüfuzunu itirəcək”.

Ə. Abbasov sonda əlavə edib ki, indi böyük proseslər başlayıb: “Az qala Rusiya Ukraynaya yalvarmaq istəyir ki, gəl, danışaq. Zamanla ruslar güclərini itirirlər. Belə olduqda isə digər regionlarda da təsirləri azalır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}