13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Molla rejimi günahsız gəncləri asmaqla... - Professorun şərhi
Tarix: 14-12-2022 18:03 | Bölmə: Slayd
Molla rejimi günahsız gəncləri asmaqla...

“İran rejimi günahsız insanları edam etməklə ölkədəki etiraz dalğasını yatıra bilməyəcək. Son günlər etiraz aksiyalarında iştirak edən bir neçə gəncin edam olunması haqqında xəbərlər eşidirik. Amma belə qəddar cəzaların icrası insanları rejimə qarşı daha da aqressivləşdirəcək və prinsipial davranmağa sövq edəcək”.

Bunu Reyting.az-a Azərbaycanın keçmiş təhsil naziri, türkoloq-alim Firudin Cəlilov İranda rejimə qarşı davam edən etiraz aksiyalarından danışarkən deyib.

Professor F. Cəlilov əlavə edib ki, işin pis tərəfi Cənubi Azərbaycanda olan soydaşlarımızın təşkilatlanma işlərinin ləng getməsidir: “Təşkilatlanma işi çox zəifdir. Onlar təşkilatlanmalıdır. Təşkilatsız qalxınma prosesini aparmaq, mərkəzə təzyiq etmək çətin olur. Təşkilatlanma olmalıdır ki, içəridəki insanlar gələcəyə inansın”.

F. Cəlilov xatırladıb ki, 1980-cı illərdə İran daxilində rejimə qarşı bir neçə dəfə belə güclü etiraz hərəkatı olub: “Təəssüflər olsun ki, hər dəfə rejim öz vətəndaşlarına qarşı çox sərt və amansız davranıb. İndi də bunu müşahidə edirik. Qəddar cəza tədbirləri baş verməməsi üçün insanlar birgə olmalı, vahid mövqedən çıxış etməlidir”.

Sabiq nazir İran rejiminin “Əxlaq polisi” adlı qurumu ləğv etməsini geri çəkilmə kimi qiymətləndirməyi yanlış sayır: “Məlum olaylardan sonra “Əxlaq polisi”nin nüfuzu sıfıra enmişdi, heç bir gənc gedib orada işləməyi arzu etmirdi. Bu strukturun ləğvi prinsipial məsələ deyil. İndilikdə əsas məsələ odur ki, əhali bu rejimdən bezib, indiki şərtlər altında yaşamaq istəmir. Ona görə də ölkənin hər yerində etiraz edir. Bu rejim dəyişməyənə qədər problemlər qalacaq. O da aydındır ki, bundan sonra İran rejimi üçün idarəetmə çətin olacaq. Rejim insanları elə hala salıb ki, artıq insanlar dözə bilmir və bu rejimi silib atmaq istəyir. İndilikdə aksiyaların davam etməsi yaxşı haldır. Aydındır ki, aksiyalarda zəifləmə və güclənmə mərhələləri olacaq. Əsas odur ki, güclü etiraz var”.

Reyting.az




Bölməyə aid digər xəbərlər