13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Təbii qazın yeni nəqli: Rusiyanın yaratdığı problemi aradan qaldırmaq mümkün olacaq
Tarix: 17-12-2022 18:01 | Bölmə: Slayd
Təbii qazın yeni nəqli: Rusiyanın yaratdığı problemi aradan qaldırmaq mümkün olacaq

“Türkmənistanın qonşu ölkələrə böyük həcmdə təbii qaz ixrac etmək potensialı var. Bu ölkə Çinə 35 milyard kubmetrə yaxın təbii qaz ixrac edir və 4-cü boru kəmərinin tikintisi ilə bu həcmi təxminən 2 dəfə artırmağı planlaşdırır”.

Reyting.az
xəbər verir ki, bunu Oksford Universitetinin Enerji Araşdırmaları İnstitutunun elmi işçisi Gülmirə Rzayeva Türkmənistan qazının Cənub Qaz Dəhlizi və Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə və Avropaya nəqlinin mümkünlüyündən danışarkən deyib.

G. Rzayeva bildirib ki, Türkmənistan dünyanın ən zəngin təbii qaz ehtiyatlarına malik 4-cü ölkəsidir.

Azərbaycan, Türkiyə və Türkmənistanın ötən həftə imzaladıqları müqavilə ilə türkmən təbii qazının Azərbaycan və Türkiyə üzərindən Avropaya nəql etmək planlarını açıqladığını vurğulayan Rzayeva əlavə edib ki, bu gün təbii qazın qiymətinin yüksək olduğunu nəzərə alsaq, qiymətlərin aşağı düşməsi əlverişli ola bilər: “Söhbət həm Türkiyə, həm də Avropa bazarından gedir. Təbii ki, Türkmənistanın ixracını artırmaq üçün mövcud təbii qaz yataqlarına investisiya yatırmaq lazımdır. Ən böyük ehtiyatı olan “Qalkinış” qaz yatağının işlənməsi və daha çox təbii qaz hasilatı üçün investisiyaya ehtiyac var. “Qalkinış” qaz yatağı işlənilərsə, 10-12 milyard kubmetrdən çox qaz nəql oluna bilər. Bu baxımdan Cənub Qaz Dəhlizinin imkanlarını artırmaq lazım gələcək”.


G. Rzayeva

Azərbaycanın Avropaya nəql olunan təbii qazın həcmini 10 milyard kubmetr artırmaq üçün Avropa İttifaqı ilə razılığa gəldiyini xatırladan G. Rzayeva bildirib ki, Cənub Qaz Dəhlizinin imkanları artırılarsa, bu, ilk növbədə Azərbaycan qazı üçün ediləcək:

“Türkmənistan təbii qazı Cənub Qaz Dəhlizinə, TANAP-a nəql edilərsə və Avropaya gedərsə, TAP-ın ötürmə qabiliyyəti də artırılmalıdır. Bununla belə, TAP-ın gücünü 20 milyarddan çox artırmaq imkanı yoxdur. TANAP-ın gücü maksimum 32 milyard kubmetrə qədər artırıla bilər.

Azərbaycan qazının 2026-cı ilə qədər istehsalı planlaşdırılır. Türkmənistan Avropaya 10-12 milyard kubmetr təbii qaz ixrac etməyi planlaşdırırsa, bunun üzərində diqqətlə işləmək, bəlkə də yeni boru xətti çəkmək lazımdır”.

Türkmənistan qazının Avropaya nəqlində siyasi maneənin mümkünlüyü məsələsinə də tounan Rzayeva xatırladıb ki, Rusiya həmişə Türkmənistan qazının istənilən istiqamətdə ixracına qarşı olub: “Çinə ixracının da əleyhinə idi. Lakin Çin Rusiyanı razı sala bildi. Buna baxmayaraq, “Qazprom”u layihəyə daxil edərək ona da gəlir vəd ediblər.

Bu gün dünya düzənində geosiyasi və strateji vəziyyət tamamilə fərqlidir. Rusiyanın regionda təsiri getdikcə zəifləyir. Türkiyə, Azərbaycan, Avropa və ABŞ-ın səyləri sayəsində Transxəzər Boru Kəmərinin tikintisi ilə siyasi maneə aradan qaldırıla və Türkmənistan qazı Türkiyə bazarına nəql edilə bilər. Amma bu vaxt tələb edir. Bu böyük layihənin reallaşması üçün bir neçə il lazım olacaq”.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev dekabrın 14-də Türkmənistanın dövlət başçısı Sərdar Berdiməhəmmədovun ev sahibliyi ilə Türkmənistanın Avaza bölgəsində keçirilən “Türkiyə-Azərbaycan-Türkmənistan Prezidentlərinin 1-ci Zirvə Toplantısı”nda bir araya gələrək türkmən qazının Avropaya çatdırılması məsələsini müzakirə ediblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər