12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Heyvanların böyütdüyü meşə uşaqları… - Fotolar
Tarix: 21-12-2022 01:58 | Bölmə: Slayd
Heyvanların böyütdüyü meşə uşaqları…

Ailələri tərəfindən vəhşi təbiətə atılan, orada yaşamağa məcbur olan uşaqlara “vəhşi” və ya “vəhşi uşaqlar” deyilir. Üstəlik, bu uşaqların çoxu təbiətə atıldıqdan sonra ölmür, bir növ təbiətə uyğunlaşıb heyvan sürülərinə qarışır və onlar kimi yaşamağa, davranmağa başlayırlar. Bu uşaqlardan bəzilərinin heyvanlar tərəfindən böyüdüldüyü iddia edilir.

Reyting.az
cəngəllikdə böyüyən vəhşi uşaqlar haqqında üç qeyri-adi hadisəni təqdim edir:

Qurd uşaq: Dina Saniçar


Təqvimlər 1872-ci il göstərəndə Hindistanın Uttar Pradeş bölgəsində bir qrup ovçunun tapdığı Dina Saniçar uşaq olmasına baxmayaraq, canavarlarla gəzir, onlar kimi davranır və dörd ayaq üstə yeriyirdi. Onu tapanlar əvvəlcə gördüklərini anlamaqda çətinlik çəkiblər. Ovçular balaca oğlanın arxasınca gedəndə onun mağaraya girdiyini, canavarların arasına düşdüyünü görüb, mağaranı yandırıb canavarları öldürməklə uşağı canavarlardan xilas ediblər.



Lakin bu uşaqla nə edəcəklərini bilmirdilər. Onlar uşağı Hindistanda Dina Saniçarın adını daşıyan uşaq evinə veriblər. Saniçar isə uşaq evinə uyğunlaşa bilməyib, çox çətin günlər keçirib. Əslində o, qaldığı meşədən çıxıb insan kimi yaşamaq istəmirdi.

Dina Saniçar bir çoxları tərəfindən aşağı IQ-ya sahib kimi təsvir edilib. Yataqxana müdiri Erhart qeydlərində onun geridə qaldığını və axmaq olduğunu, lakin yenə də zəka əlamətləri göstərdiyini bildirib. Üstəlik, yataqxanada heç vaxt danışmağı, oxumağı və yazmağı öyrənməyib.

O, sadəcə danışıb və heyvan səsləri ilə ünsiyyət qurmağa çalışıb, Ay tam olanda ulayıb, dördayaqlı kimi yeriyib. Normal yeriməyə başlasa da, paltar geyinməyi sevməyib.

Üstəlik, uşaq evinə gətirildiyi ilk illərdə yeməyini bişmiş halda yeməyib, əti sümükdən dişləri ilə ayırıb. Heç bir insanlıq əlaməti göstərməməsinə baxmayaraq, dostluq etməyi bacarıb. Çünki həmin uşaq evində onun kimi heyvanların himayəsində böyüyən başqa uşaq da yaşayıb.

İnsani həyat sürməkdə çətinlik çəkən Saniçarın insani vərdişlərindən biri də siqaret çəkmək olub. Lakin o, illər keçdikcə heç bir şəkildə insan həyatına uyğunlaşa bilməyib. 10 il insanlarla yaşasa da, boyu artmayıb, ön dişləri həddindən artıq iri, başı yastı formada olub. O, 29 yaşında vərəmdən vəfat edib.

Meymun oğlan: Con Sabunnya

Uqandalı Con Sabunnyanın cəmi 4 yaşı olanda atası anasını onun gözləri qarşısında öldürüb. Anasının vəhşicəsinə qətlə yetirildiyini görən kiçik oğlan növbənin ona çatacağını düşünərək meşəyə qaçıb.

Başqa bir şayiəyə görə, Con bir anda valideynlərini vəhşicəsinə öldürdükdən sonra meşəyə üz tutub.



Valideynlərinin Conu tək qoyduğu iddiaları da var idi, lakin Conun böyüdüyü kənddə hər kəs balaca uşağı günahlandırıb.

Nəhayət, tək qalan oğlan meşəyə qaçıb. Bir müddət sonra yanına gələn meymunlara qoşulub. Meymunlar əvvəlcə ehtiyatlansa da, sonradan heç bir təhlükə yaratmadığını görüb və Con ilə dostlaşıblar. Ona birlikdə səyahət etməyi, yem toplamağı və ağaclara dırmaşmağı öyrədiblər.

Con meymunlarla banan ağaclarında yatıb və çox uzun müddət su içməyib.

1991-ci ildə Milli adlı qadın meşədə odun yığarkən Conu görüb. Əslində, Milli Conu tutana qədər çoxları onun bir qrup meymunla birlikdə meşədə yaşadığını bildirmişdilər.

Sonradan Con Millinin kəndinə gətirilib və bir neçə həftə diqqət mərkəzində olub. Kənd camaatı ona isti yemək verib. Lakin Conun bədəni buna tab gətirmirdi.

Con dərdlərini ancaq ağlayaraq deyə bilib. Heç kim onu övladlığa götürmək və himayə etmək istəməsə də, əvvəlcə onu ailəyə veriblər. Sonradan o, uşaq evinə verilir. Burada o, 1500 uşaqla birlikdə boşqabdan yeməyi, danışmağı, yeriməyi, və normal uşaqların gördüyü digər işləri öyrənib. O, ilk dəfə danışanda uşaq evində hər kəs balaca oğlanın məftunedici səsinə heyran olub və onu xora cəlb ediblər.

Lakin onun istedadı tək mahnı oxumaq yekunlaşmayıb. Gənc oğlan həm də futbola xüsusi maraq göstərib. O, 2003-cü ildə əqli və fiziki qüsurlu uşaqlar və böyüklər arasında təşkil olunan Olimpiadada öz komandasının kapitanı kimi meydana çıxıb.

Elmin “vəhşi uşaq” kateqoriyasına əlavə etdiyi Con Sabunnyanın indi 42 yaşı var. O, futbol oynamaqla, mahnı oxumaqla qazandığı pul ilə Uqandanın Bombo şəhərində kiçik bir ev alıb və ən böyük arzusu evlənib uşaq sahibi olmaqdır.

Vəhşi Viktor müayinə olunub

1797-ci ildə Fransanın meşəlik ərazisi olan Aveyronda çılpaq, tozla örtülmüş kiçik uşaq tapılıb. Heç kimlə danışmayan, çılğın hərəkətlər edən oğlan kəndlilərin böyük marağına səbəb olub. Əlinə düşən ilk fürsətdə kənddən qaçan uşaq bir il sonra eyni ərazidə yenidən üç nəfər tərəfindən tutulub. Bu dəfə evə aparılan uşağa 1 həftə baxıb, yemək verib, paltar geydiriblər. Amma vəhşi oğlan ilk fürsətdə yenə qaçıb. Sonuncu qaçışdan sonra şübhə doğuran müəmmalı oğlan bu dəfə öz istəyi ilə zaman-zaman yenidən peyda olmağa başlayıb. Xüsusilə ac olanda kəndlilərin evinə gələn oğlan daha sonra yenidən meşənin dərinliyinə gedib.

Hadisələrdən iki il sonra, şaxtalı bir qış günündə oğlan yenidən yaxalanıb. Bundan sonra uşaq bir daha təbiətə buraxılmayıb və kəndin yerli sakinləri tərəfindən ona qulluq edilib.



Napoleonun qardaşı Lüsyen Bonapart heç danışmayan, hər iki əli və ayağı ilə yeriyən, anlaşılmaz qəribə səslər çıxaran oğlanın xəbərini alıb və uşağın ekspertlər tərəfindən müayinə olunmasını istəyib.

Uşağı müayinə edən ekspertlər onun yetkinlik yaşına yenicə daxil olduğu qənaətinə gəliblər. Təxminən 12 yaşında olduğu güman edilən oğlana “Viktor” adı verilib. Dövrün məşhur həkim və təlimçilərindən Jan-Mark-Qaspard İtar tərəfindən təhsil almağa başlayan uşağın inkişafı böyük maraqla izlənilib, hər dəfə yüzlərlə ziyarətçi uşağı görmək üçün gəlib.

Oğlan əvvəlcə özünü heyvan kimi aparıb. İsti-soyuq fərqini belə qavramayıb, dəfələrlə kartofa çatmaq üçün əlini qaynar suya batırıb. O, təbiətdə olmayan səslərə və ətraf mühitin temperaturu kimi anlayışlara reaksiya verməyib.

Uşaq üzərində aparılan araşdırmalar müəyyənləşdirib ki, eşitmə duyğusu təbiətlə tamamilə uyğunlaşıb. Yerə düşən müxtəlif meyvələrin və bəzi heyvanların səslərinə anında reaksiya verən uşağın ona çox yaxından partlayan silah səsinə maraq göstərmədiyi müşahidə edilib. Məşqdən aylar sonra Viktor isti ilə soyuqu ayırmağa başlayıb.

Viktor 40 yaşına qədər sakit yaşayıb və 1828-ci ildə vəfat edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər