13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Vahid Əhmədov: “Ruben Vardanyan iflasa uğrayıb”
Tarix: 21-12-2022 19:52 | Bölmə: Slayd
Vahid Əhmədov: “Ruben Vardanyan iflasa uğrayıb”

“Faktiki olaraq ABŞ və Avropa dövlətləri Ermənistana deyir ki, Azərbaycanla sülh sazişi imzala, Qarabağ məsələsi də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapsın, münaqişə bitsin. Orada qalan sadə ermənilər də Azərbaycan vətəndaşlığını qəbul etsinlər. Onların da təhlükəsizliyini dövlət təmin edəcək. Onların da qarşısında bir tələb qoyulur: Azərbaycan dövlətinin bayrağını, gerbini qəbul etsinlər və Azərbaycanın milli valyutası orada işləsin. Yəni onların təhlükəsizliyinin təmin edilməsində problem yoxdur”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

V. Əhmədov qeyd edib ki, bu reallığı çoxları bildiyi üçün Rusiya dərhal öz agenti Ruben Vardanyanı Xankəndi şəhərinə göndərib. Üstəlik, Ermənistan tərəfi “pərdə arxasına” çəkilib, amma proseslərdə iştirak edir.

V. Əhmədovun iddiasına görə, faktiki olaraq R. Vardanyan iflasa uğrayıb: “Əvvəl mitinq təşkil etmək istəyirdi, alınmadı. İndi də aksiyanı bu həftənin cümə gününə təyin ediblər. Düşünürəm ki, yenə təşkil edə bilməyəcəklər”.

Deputat bildirib ki, Azərbaycanın bu istiqamətdə siyasəti çox doğrudur:

“Son dövrlər Azərbaycanın xarici siyasətində sərtlik müşahidə olunur və bunu doğru sayıram. Üçtərəfli sazişi yerinə yetirmədilər, ərazilərimizdən erməni silahlı qüvvələrini çıxarmadılar. Odur ki, Azərbaycan düzgün siyasət yeridir və buna ehtiyac da var idi. Azərbaycan liderinin, xarici işlər nazirimizin, bəzi rəsmilərin, eləcə də parlament sədri Sahibə Qafarovanın beynəlxalq görüşlərdə çıxışları müsbət istiqamətdə gedir, bu, Azərbaycanın müstəqilliyi üçün böyük əhəmiyyət kəsb edir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər