13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
571-ci uçuşun dəhşətləri... - Fotolar
Tarix: 24-12-2022 09:28 | Bölmə: Slayd
571-ci uçuşun dəhşətləri...

Ağır təyyarə qəzasından sağ çıxmağı çoxları möcüzə hesab edir. Lakin 571-ci reysin sağ qalan sərnişinləri üçün fəlakətli qəza başqa bir dəhşəti də ortaya çıxarıb. 16 nəfər sağ qalmaq üçün dostlarının bədən parçalarını yeyiblər.

Reyting.az
bu dəhşətli hadisə barədə müəyyən məlumatları diqqətə çatdırır:

Uruqvayın paytaxtı Montevideoda yerləşən Stella Maris Kollecinin “Old Kristians” komandasının üzvləri Çilinin paytaxtı Santyaqoda keçiriləcək yarışa getmək üçün “Fairchild FH-227D” tipli təyyarə ilə 571 saylı uçuş təyin edildi. Təyyarə Montevideodan havaya qalxaraq Cənubi Amerikanı “bıçaq kimi kəsən” And dağlarını keçməklə Çiliyə çatmalı idi.



1972-ci il oktyabr ayının 12-də Montevideodakı Karrasko Beynəlxalq Hava Limanından 5-i ekipaj üzvü olmaqla cəmi 45 sərnişinlə havaya qalxan təyyarə açıq havada Argentinaya planlaşdırılan marşrutu heç bir problem olmadan izləyib. Hava şəraitinin pisləşməsi ilə əlaqədar uçuş heyəti And dağlarını keçmək üçün fırtınanın səngiməsini gözləmək qərarına gəlib və xəbərdarlıqlara əməl edərək Argentinanın Mendoza şəhərinə enib.

Bir günlük fasilədən sonra yenidən səfərə hazır olan “FH-227D” yanacaq doldurduqdan və qısa bir yoxlamadan sonra Mendoza şəhərini tərk edib. Hava şəraiti ötən gündən daha yaxşı olsa da, buludlu olub və bölgədə uçan təyyarələrdən ani dəyişən hava şəraitinə qarşı diqqətli olmaları istənilib.

Günorta saat 14:18-də havaya qalxan təyyarənin pilotu Xulio Ferradas And dağlarını 29 dəfə keçib və ikinci pilot Dante Laqurara ilə birlikdə uçub. İstifadə etdiyi təyyarənin məhdudiyyətlərini nəzərə alan Ferradas qərbə deyil, cənub istiqamətində getməyə qərar verib. “FH-227D”-nin çatdığı ən yüksək hündürlük And dağlarının zirvəsinə çox yaxın olanı təxminən 7000 metr idi. Ferradas uçuş təhlükəsizliyinə əməl edərək cənubda yerləşən Plankón keçidindən istifadə etməklə dağları keçməyi planlaşdırıb.

Ferradas və Laquraranın rəhbərlik etdiyi təyyarə havaya qalxdıqdan təxminən 1 saat sonra Plankón aşırımına çatıb. Hava dispetçerləri ilə əlaqə saxlayan pilot təyyarənin qısa müddətdə Plankón keçidini keçərək şimala doğru getdiyini bildirib. Hava buludlu olduğundan yerlə vizual təmas qura bilməyən pilotlar təyyarənin yaşayış massivlərinin üzərində olduğunu zənn ediblər. Bu səhvdən xəbərsiz olan nəzarətçilər “FH-227D”-nin enməsinə icazə veriblər və ikinci pilot Laqurara kapitanın icazəsi ilə enməyə başlayıb.

“FH-227D” təyyarəsi And dağlarında tənha təpəyə çırpılanda pilotlar səhvlərini başa düşüblər. Qəzanı adilikdən çıxaran və bütün dünyanı dəhşətə gətirən bir hadisəyə çevirən hal da elə burdan başlayıb.



Təyyarədə olan 45 nəfərdən 12-si ilk anda, 6-sı isə sonrakı günlərdə dünyasını dəyişib. Xilasetməni ümidsizcə gözləyən 27 şəxs sağ qalmaq üçün 72 gün mübarizə aparıb.

Axtarış işləri qəzadan qısa müddət sonra, ilkin olaraq pilotlar tərəfindən bildirilən səhv yerdə başlayıb. Bununla belə, son bildirilən yerin tez bir zamanda səhv olduğu aşkar edilib və iş Andes bölgəsinə köçürülüb. Günlərlə davam edən axtarışlar bir nəticəyə gələ bilməyib və qar örtüyü üzərində ağ təyyarənin qalıqlarını aşkar etmək cəhdləri nəticəsiz qalıb. Ekipajlar sonda təslim olub və təyyarədəki bütün sərnişinlər ölü hesab edilib və bundan sonra axtarışlar dayandırılıb.

Təyyarənin qalıqları arasında tapdıqları radiodan xilasetmə işlərinin başa çatdığını öyrənən 27 nəfər bir müddət təyyarədə tapılan yeməklər və sərnişinlərin şəxsi əşyaları ilə qidalanaraq soyuqdan qorunmağa çalışıblar.



Oktyabrın 29-da qəza baş verən ərazidə qar uçqunu daha 8 nəfərin həyatına son qoyub. Hava soyuq olub, üstəlik, yemək də tükənib. Elə bu zaman qəzada həyatını itirənlərin cəsədləri sağ qalanların diqqətini cəlb edib.

Beləcə, yeməkləri bitən 16 nəfər ölən dost və onların ailə üzvlərinin cəsədlərini yeməyə başlayıblar.

Roberto Kanessa vəziyyətin qaçılmaz olduğunu anlayanda, təyyarənin qalıqlarından bir şüşə parçasından bıçaq kimi istifadə etmək qərarına gəlib. O, tibb məktəbinin tələbəsi olaraq, sağ qalanlar arasında bunu etməyə ən uyğun insan olub.

Kanessa xatirələrini kitabda belə
yazır:

“Qəzadan 9 gün sonrakı ilk kəsimi heç vaxt unutmayacağam. Kəsilmiş əti zibildən çıxarıb hazırladığımız sac təbəqəyə qoyduq. Hamı son gücünə möhkəm yapışdı, taqətimiz tükəndikdə bişirdiyimiz əti yeməyə başladıq. Biz hamımız fərdi olaraq bu qərarı verdik və bir dəfə bunu etdikdən sonra geriyə dönüş yox idi. Bu, bizim günahsızlıqla vidalaşmamız idi. İnsanların bizi adamyeyənlikdə ittiham etdiyini gördüm. Amma kimisə öldürəndə adamyeyən olursunuz”.

Sağ qalanların yediyi ilk cəsədlər pilotların olub.



İnsan əti yeməkdən imtina edən bir neçə sərnişin soyuğa və aclığa tab gətirməyərək qısa müddət sonra dünyalarını dəyişiblər. Yeməkdən imtina edən qadın sürətlə arıqlayıb və 60-cı gün ölüb.

Günlərlə davam edən həyat mübarizəsindən sonra sağ qalanlar xilasları üçün nəsə etmək qərarına gəlib və onların arasından hələ də dayana bilən 3 nəfəri seçiblər.

Nando Parrado, Antonio Vizintin və Kanessa əvvəlcə ətrafda baş verənləri anlamaq üçün qəza yerində dolaşmağa başlayıblar. Qaçmaq üçün ilk cəhdlərdən sonra sağ qalanların mənəviyyatı pozulub. Çünki qəzanın baş verdiyi yerin ətrafında insan izi olmayıb. Hər yer qarla və dağlarla örtülmüşdü.

İlk cəhdlərindən sonra qəza yerinə qayıdan Parrado, Vizintin və Kanessa daha hərtərəfli hazırlaşaraq, dekabrın 12-də, yəni qəzadan düz 2 ay sonra yenidən qəza yerini tərk ediblər. 9 günlük gedişin 3-cü günündə Vizintin Parrado və Kanessanı tərk edərək, kifayət qədər yemək olmadığı üçün qəza yerinə qayıdıb. Vizintinin qəza yerinə qayıtması cəmi 3 saat çəkib. Parrado və Kanessa gəzintilərinin 9-cu günündə çatdıqları çayın kənarında od yandırmağa çalışarkən qarşı sahildəki işıqların kəsilməsi onların diqqətini çəkib. Bu iki şəxs təxminən 2 aydır ilk dəfə yad adamlarla görüşdüklərini anladıqda dərhal hərəkətə keçiblər. Parrado və Kanessa qarşı tərəfdəki insanlara vəziyyətlərini izah etməyə çalışıblar və qarşı sahildəki insanların “Sabah” qışqırmasını eşidiblər.

Gecəni çay kənarında keçirən cütlük ertəsi gün atlıların geri döndüyünü görüb. Parrado və Kanessa kağız-qələmlə baş verənləri izah edərək yardım qruplarının məlumatlandırılmasını tələb ediblər. “FH-227D” qəzasından sağ qalanların olduğu öyrənildikdən qısa müddət sonra axtarış-xilasetmə qrupları yenidən hərəkətə keçib. Dekabrın 22-də Çili Hərbi Hava Qüvvələri tərəfindən bölgəyə göndərilən helikopter sağ qalanların yarısını qəza yerindən çıxarıb. Ertəsi gün gələn başqa bir helikopter dağıntıların ətrafına son insanları apararaq ərazini tərk edib.



Oradakı insanların 72 gün ərzində köməksiz vəziyyətdə sağ qaldıqları çoxlarını təəccübləndirib. Qəzadan sonra daşıdıqları pendiri yeyərək sağ qalmağı bacardıqlarını deyərək digər detalları ailələri ilə bölüşməyi planlaşdırıblar. Lakin qəza yerində çəkilən fotoların mətbuata sızması dünyanı dəhşətə gətirib.

Qəzadan sağ çıxanların ölənlərin cəsədlərini yeyərək sağ qaldıqları üzə çıxdıqda mətbuatda adamyeyənlik müzakirələri başlayıb. Müzakirələr yüksək səviyyəyə çatdıqda, katolik kilsəsi işə qarışaraq, sağ qalanların məcbur olduqları üçün belə hərəkət etdiklərinə işarə edən bəyanat verib.

Qəzada həlak olanların cəsəd qalıqları qəza yerindən yarım mil aralıda daş qalaqlarının altında basdırılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər