13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
“Ölüm mələyi”: tibb işçisinin 400 nəfəri öldürdüyü iddia olunur - Fotolar
Tarix: 25-12-2022 09:28 | Bölmə: Slayd
“Ölüm mələyi”: tibb işçisinin 400 nəfəri öldürdüyü iddia olunur

O, xəstə insanlara kömək etmək üçün deyil, daha asan qətl törətmək üçün tibb işçisi olub. Xəstələrinə venadaxili dərman verərkən üzündə yaranan təbəssüm isə şəfa əvəzinə ölüm idi. “Ölüm mələyi” kimi tanınan və 400 adamı öldürdüyü iddia olunan tibb işçisinin 40 nəfərin həyatına son qoyduğu sübuta yetirildiyi üçün yalnız buna görə cəza alıb.

Reyting.az
tibb qardaşının 400 nəfəri necə öldürməsi ilə bağlı dəhşətli hekayəni təqdim edir:

Çarlz Kallen 22 fevral 1960-cı ildə ABŞ-ın Nyu-Cersi ştatında anadan olub. Çox kasıb bir ailədə dünyaya göz açan Kallenin uşaqlıq illəri çətin keçib. Hələ 9 yaşı olarkən müxtəlif kimyəvi maddələri qarışdıraraq intihara cəhd edib. Kallen uşaqlıq və yeniyetməlik illərində dostları və ailəsi tərəfindən alçaldılıb

O, ilk qətl cəhdini hələ orta məktəbdə oxuyarkən edib. Kallen qatıldığı məclisdə onu ələ salan dostlarının içkilərinə zəhər qataraq onları öldürmək istəyib. Ancaq heç kim ölməyib.

Orta məktəbi bitirdikdən üç il sonra Kallen Nyu-Cersi xəstəxanasının tibb qardaşı məktəbinə daxil olub və 1987-ci ildə tibb qardaşı kimi məktəbi başa vurub. Həmin ilin iyun ayında Nyu-Cersidəki Saint Barnabas Tibb Mərkəzində işləməyə başlayıb. İllərlə davam etdirəcəyi dəhşətli cinayətlərinin ilkini məhz burada törədib. Onun ilk qurbanı 72 yaşlı Con Yenqo olub. O, qocaya qəsdən narkotik maddə vurub və onun ölümünü seyr edib. Həmin şəxs xəstəxanaya bir neçə gün əvvəl günəş yanığı şikayəti ilə gəlibmiş və sağalmaz xəstə deyilmiş.



Ç. Kallen törətdiyi ilk qətldən sonra həyat yoldaşına və kiçik qızına işgəncələr verməyə başlayıb. Buna görə həyat yoldaşı Adrienne Taub məişət zorakılığı səbəbindən Kallendən ayrılıb. Ancaq boşanma işində hakim Kallenin zorakı olmadığına qərar verib. Beləliklə, Kallen heç bir cəza almayıb.

1992-ci ildə Saint Barnabas Tibb Mərkəzindən qovulan Ç. Kallen tezliklə başqa xəstəxanada işləməyə başlayıb. O, yeni işində müxtəlif narkotiklərlə çoxsaylı insanı öldürüb. Kallen uzun müddət narkotiklərdən istifadəyə davam edib və 2003-cü ilin ortalarında tutulduğu zaman artıq xəstəxanada 40-a yaxın xəstəni “Digoxin” istifadə etməklə qətlə yetirmişdi.

Xəstələrin ölümü hamını heyrətə salıb. Çünki onların bir çoxu xəstəxanaya çox sadə şikayətlərlə gəlib və qısa müddətdə sağalacağı gözlənilirdi. Bu səbəbdən xəstəxanada şübhələr artmağa başlayıb. Üstəlik, Kallen həyatını itirən bir çox xəstənin qayğısına qalırdı.

2003-cü ildə şübhələrin mərkəzində olan Kallen haqqında rəsmi istintaq başladılıb. İstintaq zamanı məlum olub ki, Kallenin maraqlanmadığı xəstələrin tibbi sənədlərinə çıxışı var.

Qatil tibb işçisinin uzun müddətdir çox qəribə dərmanlar sifariş etdiyi də öyrənilib.



Dindirmə zamanı Kallen insanları iztirablarına son qoymaq istədiyi üçün öldürdüyünü deyib. Lakin xəstələrinin çoxu ölümcül səbəblərdən xəstəxanaya gəlmədiyi üçün dedikləri ciddi qəbul edilməyib.

Nəhayət, Kallen 40-a yaxın xəstəni öldürdüyünü etiraf edib. Amma çoxları onun 400 nəfəri öldürə biləcəyini düşünür. Əslində, öldürülən insanlardan birinin qohumu Kalleni insanların əzablarına son qoyan “mərhəmət mələyi” kimi təsvir edib. Lakin bu cümlə ironik idi, istintaq zamanı Kallenin müdafiəsinə istinad edirdi. Bu hadisənin sonunda qatil “Ölüm mələyi” kimi tanınıb.

İstintaqdan sonra məhkəməyə çıxarılan Ç. Kallen həbs olunduqdan sonra 18 dəfə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib. Hazırda 62 yaşında olan qatilin şərti azadlığa buraxılacağı tarix 2388-ci il iyunun 10-na kimi davam edəcək.




Bölməyə aid digər xəbərlər