13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Qirkin Rusiyanın uğursuzluqlarından, Stoltenberq Moskvaya qarşı planlarından danışıb
Tarix: 02-01-2023 11:10 | Bölmə: Slayd
Qirkin Rusiyanın uğursuzluqlarından, Stoltenberq Moskvaya qarşı planlarından danışıb

2014-cü ildə Krımın ilhaqında və Ukraynanın Donbass bölgəsindəki münaqişədə əsas rol oynamış keçmiş rusiyalı komandir İqor Qirkin (Strelkov) rus ordusunun uğursuzluğunun səbəbini açıqlayıb.

Reyting.az
xəbər verir ki, Qirkin Ukraynanın uğuruna əsas səbəb kimi rus hərbi rəhbərlərinin məsuliyyətsizliyini göstərib.

“Təəssüf ki, bəzi yerlərdə onların bizim hərbi obyektlərə hücumu Rusiya Federasiyası Silahlı Qüvvələri qoşunlarının komandanlığı altında davam edən hədsiz israfçılıq səbəbindən uğurlu alınıb”, - keçmiş komandir deyib.


İ. Qirkin

Rusiyanın Ukraynanın infrastrukturunu hədəfə aldığını vurğulayan Qirkinin fikrincə, bu taktika Kiyevi sülhə məcbur etməyəcək.

Xatırladaq ki, bundan əvvəl Qirkin müharibədəki vəziyyətin Rusiya Federasiyasının siyasi rejiminin və hətta dövlətinin dağılmasına gətirib çıxara biləcəyini bəyan etmişdi.

Qeyd edək ki, 2014-cü ilin iyulunda Amsterdamdan havaya qalxdıqdan sonra Ukraynanın şərqində vurulan və 298 nəfərin ölümü ilə nəticələnən MH17 qəzasındakı roluna görə Qirkin Hollandiyada ömürlük həbs cəzası ilə mühakimə olunub. O, əvvəllər ABŞ-ı tənqid etsə də, son dövrlər Rusiya ordusunu hədəfə çevirir, onu Ukraynada strateji məqsədlərinə çata bilməməkdə ittiham edir.


Y. Stoltenberq

NATO-nun baş katibi Yens Stoltenberq isə bildirib ki, Rusiyanın Ukraynaya hücumlarında azalma əlaməti yoxdur. Onun sözlərinə görə, bu səbəbdən də Qərb ölkələri uzunmüddətli perspektivdə Kiyevə dəstəyini davam etdirməlidir. Stoltenberq bəyan edib ki, Ukraynanın müstəqilliyini qoruyub saxlamağın və Rusiyanı danışıqlar masasına cəlb etməyin yolu bundan keçir.

Rusiyadakı qismən səfərbərliyin Moskvanın müharibəni bitirmək niyyətində olmadığını göstərdiyini vurğulayan Stoltenberq əlavə edib ki, Ukrayna əsgərləri son aylarda uğur qazanıb, lakin Rusiya da yeni əsgərlər qəbul edib və onlara təlimlər keçir. “Bu, onların həm müharibəni davam etdirmək istəyini, həm də yeni hücuma başlamaq niyyətini göstərir”,- NATO baş katibi deyib.

Stoltenberq diqqətə çatdırıb ki, hələ üfüqdə danışıqlar görünməsə də, o gün gələndə Ukraynanın masa arxasında güclü olması üçün Qərbin dəstəyi vacibdir: “Biz təcili olaraq Ukraynaya dəstək verməliyik. Bura hərbi dəstək də daxildir. Çünki bu, Rusiyanı danışıqlar masasına əyləşmək məcburiyyətində qoyan və Ukraynanın müstəqil dövlət kimi Avropada mövcudluğunu qəbul etməyə imkan verəcək yeganə yoldur”.

Baş katib əlavə edib ki, Ukraynanın danışıqlar masası arxasındakı nailiyyəti cəbhədəki vəziyyətdən asılıdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər