13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Dünya gözəlləri Rusiya ilə Ukraynanın mübarizəsinə qoşulur - Fotolar
Tarix: 04-01-2023 14:56 | Bölmə: Slayd
Dünya gözəlləri Rusiya ilə Ukraynanın mübarizəsinə qoşulur

Rusiya-Ukrayna müharibəsinin davam etdiyi coğrafiyadan kifayət qədər uzaqda bu ölkələrin yeni cəbhəsi açılır. Bu cəbhədə mübarizəni kainatın gözəli seçilməyə iddialı xanımlar “Kainat gözəli-2022” çərçivəsində aparacaqlar. Mübarizənin yaxın həftələrdə başlayacağı bildirilir.

Reyting.az
xəbər verir ki, Rusiya-Ukrayna münaqişəsi səbəbindən beynəlxalq qurumlar Rusiyanı “Kainat gözəli-2022”dən uzaqlaşdırmaq istəyirlər.

ABŞ-dakı bir şirkət tərəfindən təşkil edilən gözəllik yarışmasında Ukrayna və Rusiyadan olan yarışmaçılar öz ölkələrini eyni platformada təmsil edəcəklər. Bu qərarla Rusiya uzun müddətdən sonra beynəlxalq tədbirə qatılacaq. Bu səbəbdən də ruslar müsabiqəyə ciddi önəm verirlər.

14 yanvar 2023-cü ildə ABŞ-ın Nyu-Orlean şəhərində keçiriləcək “Kainat gözəli-2022”də mübarizə aparacaq Rusiya və ukraynalı yarışmaçıların geyimləri müsabiqə başlamazdan əvvəl marağa səbəb olub. Yarışa Ukrayna adından Viktoriya Apanasenko, Rusiya tərəfdən isə Anna Linnikova qatılacaq.

Rusiya mətbuatı yazır ki, bu müsabiqəyə dövlət səviyyəsində böyük əhəmiyyət verilir. Rusiyanın qələbəsi üçün mübarizə aparacaq Linnikovanın yanında başda Rusiya lideri Vladimir Putin olmaqla, bir çox önəmli şəxslərin olduğu bildirilir.

Kremlin Linnikovaya dəstək üçün Rusiya mətbuatına xüsusi göstəriş verdiyi də iddia olunur. Lakin Rusiyanın yarışmada iştirakı və rus gözəlinin ABŞ-a problemsiz daxil olması Kiyevi narahat edir.

Tərəflərin müsabiqə üçün seçdikləri geyimlərdə müharibə və ölkənin tarixinin vurğulanması diqqət çəkir. Ukraynanı müsabiqədə təmsil edəcək Viktoriya Apanasenko sosial media hesabında geyimi ilə bağlı məlumat paylaşıb. O, “İşıq döyüşçü” adlandırdığı geyimdə çəkdirdiyi şəkli İnstaqram hesabına yerləşdirib. Fotonu qısa müddət ərzində minlərlə insan izləyib və qarşılıqlı təsir bağışlayıb.



Qızıl tikmə və ağ rənglərin üstünlük təşkil etdiyi kostyumda Ukrayna bayrağının rəngləri olan nəhəng qanadlar və buğda tikmələri ilə bəzədilmiş tac da var.

Kostyumun gözəl olduğunu ifadə edən Apanasenko deyib:

“İşığın döyüşçüsü kostyumu millətimizin qaranlığa qarşı savaşını simvollaşdırır. O, Ukraynanı qılıncla müdafiə edən və bizi qoruyan mələk kimidir”.

Müharibənin gündəmdə saxlanmasının vacibliyini bildirən Apanasenko əlavə edib:

“Ordumuzun arxasında dayanmalıyıq. Xalqımızı rus zülmündən qorumaq üçün sizin dəstəyinizə ehtiyacımız var. Belə bir vaxtda Ukraynanı beynəlxalq tədbirdə təmsil etməyin nə demək olduğunu bilirəm. Mən, ukraynalıyam. Biz cəsur, güclü və qətiyyətliyik”.

Rusiyanı təmsil edəcək Anna Linnikovanın geyimi isə Rusiya imperiyasına işarədir. Çar Rusiyasının sonuncu imperatoru II Nikolayın həyat yoldaşı, imperatriça Aleksandra Fedorovna Romanovanın tiarasından ilhamlanan parlaq tac var.



Müharibədən bəhs etməyən Anna Linnikova təzyiq hiss etmədiyini bildirib:

“Rusiyanın beynəlxalq yarışmada iştirak etməsinə şadam. Gücümə inanıram və uğur qazanacağıma ümid edirəm”.

Qeyd edək ki, “Kainat gözəli” anlayışı ilk dəfə 1926-cı ildə Beynəlxalq Gözəllik Müsabiqəsi zamanı istifadə edilib. İkinci Dünya Müharibəsi başladıqdan sonra dayandırılan yarışlar, müharibə başa çatdıqdan sonra müasir yarışlarla əvəzlənib. Müharibədən sonra yenidən başlayan gözəllik yarışmaları artıq ənənə halını alıb və milyonlarla insanı ekran önünə yığa bilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər