13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Cənubi Qafqazda müharibə yenidən başlaya bilər - Politoloq
Tarix: 04-01-2023 17:13 | Bölmə: Slayd
Cənubi Qafqazda müharibə yenidən başlaya bilər

Yanvarın 1-də nüfuzlu “Foreign Policy” jurnalı “2023-cü ildə izləniləcək 10 münaqişə” başlıqlı məqalə dərc edib. Məqalədə Ukrayna müharibəsindən tutmuş, İran, Yəmən, Efiopiya, Konqo, Pakistan, Tayvan, Ermənistan-Azərbaycan münasibətlərindən və bir sıra münaqişədən bəhs olunur.

Müəlliflərin fikrincə, Qarabağdakı 44 günlük müharibədən 2 il sonra tərəflər yeni müharibə istiqamətində hərəkət edirlər.

Məqalədə həm də qeyd olunur ki, İrəvan 2 il müddətində güclü ordu yarada bilməyib, Rusiyanın Ukrayna ilə müharibəyə başı qarışdığı bir vaxtda isə Azərbaycan Avropa İttifaqı ilə strateji əhəmiyyətli qaz memorandumu imzalayıb, öz hərbi potensialını artırıb.

Eyni zamanda Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığı yeni mərhələyə qaldırmasına da işarə edilir.

Bunu Reyting.az-a politoloq Fərhad Məmmədov deyib.

Sözügedən məqaləyə istinad edən F. Məmmədovun fikrincə, analitiklər belə qənaətə gəliblər ki, yeni müharibə 44 günlük müharibədən fərqli olaraq daha qısamüddətli olacaq və Azərbaycanın mütləq qələbəsi ilə yekunlaşacaq: “Mövqe tutarlı arqumentlərlə əsaslandırılsa da, jurnal oxucunu potensial müharibənin fundamental səbəbləri ilə tanış etməyib. Necə deyərlər: suallara cavab bizi ağıllı, sualın mahiyyətinin dərk etmək isə bizi müdrik edir. Potensial müharibənin səbəbi isə Ermənistan və vasitəçilərin destruktiv siyasətidir”.

F. Məmmədov xatırladıb ki, üçtərəfli razılaşmaya görə, Ermənistan Qarabağdan bütün qoşun birləşmələrini çıxartmalı, Zəngəzur dəhlizini açmalı və Qarabağdakı qanunsuz rejimi maliyyələşdirməyi dayandırmalı idi. Lakin Ermənistan münasibətlərin normallaşması istiqamətində zəruri siyasi iradə göstərməyib, ziddiyyətli və qeyri-ardıcıl mövqe nümayiş etdirib, əldə edilmiş razılaşma və üzərinə götürdüyü öhdəliklərin icrasından boyun qaçırıb, sülh müqaviləsinin mətni üzrə təkliflərdə prosesi uzadıb və normallaşma səylərinə zərbə vurmaq məqsədilə siyasi və hərbi təxribatlara əl atıb.

Politoloq diqqətə çatdırıb ki, Ermənistanın baş naziri Paşinyan Praqa və Soçidə, daha sonra isə müsahibələrində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də, Qarabağın beynəlxalq tanınmasını prioritet məqsəd adlandıran Milli Təhlükəsizlik Strategiyasını qüvvədə saxlayır və Qarabağın Azərbaycandan “islahedici ayrılma” siyasətini 2021-25-ci il hökumət proqramına daxil edib. “Qarabağdan qoşun birləşmələrinin tam çıxarılmaması, qanunsuz rejimin maliyyələşməsinə $410 mln.-dan artıq vəsaitin ayrılması İrəvanın destruktiv siyasətinin əyani sübutlarıdır”, - deyə F. Məmmədov əlavə edib.

Politoloq vasitəçilərin də destruktiv yanaşmaya üstünlük verdiklərini bildirib:

“44 günlük müharibə Moskvanın Cənubi Qafqazdakı mövqelərini möhkəmləndirdi, Ermənistanın Rusiyadan iqtisadi və hərbi asılılığını artırdı. Lakin bu taktiki üstünlüyün uzunmüddətli strateji qələbəyə çevrilməsi üçün Moskva zəruri addımlar atmadı: öhdəliklərin icrası məqsədilə Ermənistana təzyiqlər göstərilmədi. 2021-ci ildə Moskva bunu etmək istəmədi, 2022-ci ildə isə artıq bacarmadı”.

F. Məmmədov deyib ki, Brüsselin vasitəçiliyinə böyük ümidlər olsa da, Fransa prezidentinin birtərəfli və qərəzli bəyanatları, Senat və Milli Assambleyanın əsassız və iftira dolu qətnamələri bu formatın taleyini qeyri-müəyyən edib: “Danışıqların Brüssel formatında bərpası üçün Emmanuel Makron şəxsən və ya Şarl Mişel vasitəsilə bu formatdan kənarlaşdığını bəyan etməlidir. Amma görünən odur ki, Frasanın Cənubi Qafqaz siyasəti bir yerli icmanın maraqlarına qədər daralıb”.

Müsahibimiz ABŞ-ın da Azərbaycan-Ermənistan məsələsinə münasibətinə diqqət çəkib:

“ABŞ sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, əməldə bunu göstərmir. Son iki ildə ABŞ-ın Azərbaycandakı səfiri bir dəfə də olsun Şuşaya səfər etmədi. Əvəzində L. Treysi bu müddət ərzində baş verən bütün toqquşmalarda Azərbaycanı ittiham etdi. Yeni səfir K. Kvin isə öz təyinatı ilə bağlı Senat dinləmələrində Azərbaycanın məsuliyyətə cəlb edilməsi məqsədilə əlindən gələni edəcəyini Konqresdəki erməni kokusunun üzvü R. Menendezə söz verdi”.

F. Məmmədovun fikrincə, Ermənistan və vasitəçilər yaxın aylarda destruktiv siyasətlərindən əl çəkməyəcəklər. Bu isə regional sabitliyə, Azərbaycanın milli təhlükəsizliyinə real təhdidlər yaradır və rəsmi Bakını məsələnin güc yolu ilə həllinə məcbur edə bilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər