13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Fransada qalmaqallı xəritə: Türkiyə ərazisi Kürdüstan kimi göstərilir
Tarix: 06-01-2023 11:28 | Bölmə: Slayd
Fransada qalmaqallı xəritə: Türkiyə ərazisi Kürdüstan kimi göstərilir

Fransanın “France 24” telekanalı Türkiyə ərazisinin bir hissəsini Kürdüstan kimi göstərib və Avropa İttifaqının (Aİ) terror təşkilatları siyahısında yer alan PKK haqqında “terror təşkilatı” ifadəsini işlətməyib. Eyni zamanda “France 24”-də paylaşılan “Vətənsiz Millət Kürdləri: öz muxtariyyətləri və hüquqları uğrunda yüz illik mübarizə” başlıqlı xəbərdə PKK-nın yalnız Türkiyə tərəfindən terror təşkilatı sayıldığı iddia olunub.

Reyting.az
-ın xəbərinə görə, öz dövləti olmayan ən böyük etnik qrup kimi təqdim edilən kürdlərin Osmanlı imperatorluğunun dağılmasından bu yana öz dövlətlərini qurmağa çalışdıqları və zorakılıqlara məruz qaldıqları iddia edilib.

Bildirilir ki, kürdlərə Türkiyə, İraq, Suriya və İrandan təzyiqlər var.

Terrorçuların lideri Abdullah Öcalanın şəkillərini daşıyan PKK tərəfdarlarının görüntülərindən istifadə edilən xəbərdə Türkiyə ərazisinin bir hissəsi Kürdüstan kimi göstərilib.

Türkiyənin kürd kimliyini inkar etdiyi də iddialar arasındadır. Bununla yanaşı, Avropa Birliyi tərəfindən də terror təşkilatı kimi tanınan PKK-nı “France 24” terror təşkilatı kimi təqdim etmir.

SETA-nın Brüssel koordinatoru Talha Köse Fransadakı etirazlardan danışarkən deyib ki, “Fransanın icazə verdiyi və dəstəklədiyi mütəşəkkil bir quruluş var. Nəticədə ortaya çıxan etirazı güc nümayişi və təşkilatın hədələnməsi kimi qəbul etməliyik”.

Görülən hərəkətlərin insanları narahat etdiyi və ictimai təhlükəsizliyə təhdid yaratdığı üçün qəbuledilməz olduğunu qeyd edən Köse bildirib ki, bu, ictimaiyyətin gözündə mənfi imic yaradır.

Bu strukturların dövlət siyasəti olaraq dəstəkləndiyini bildirən Köse əlavə edib ki, sol kəsimlər bu strukturları dəstəkləyir, amma digər kəsimlər bundan narahat ola bilər: “Hesab edirəm ki, bu xəbər iğtişaşları ört-basdır etmək və qruplaşmanın təbliği üçündür”.

İmperialist ölkələrin azlıq strukturlarından istifadə etdiklərinə və ölkə daxilindəki tarazlığı pozmaq istədiklərinə diqqət çəkən Köse qeyd edib ki, azlıqlar üzərində həyata keçirilən siyasətlər həmin cəmiyyətlərə ziyan vurur. Onun sözlərinə görə, imperializm ümumi yanaşma olaraq kürdlər vasitəsilə Türkiyəyə və Avropadakı türk cəmiyyətinə təzyiq edir.

Yaxın Şərq Araşdırmaları Mərkəzinin (ORSAM) koordinatoru Oytun Orhan “France 24”-ün məlumatlarında yer alan iddialarla əlaqədar deyib ki, Birinci Dünya Müharibəsi zamanı və sonra imperialist ölkələrin bölgəni paylaşma planları və süni şəkildə çəkdiyi sərhədlər əsasdır: “Fransanın da bölgədə davam edən problemlərə görə çox ciddi məsuliyyəti var”.

Osmanlı imperatorluğunda milli nizamın qurulduğunu və hər kəsi rahatlıqla qəbul edən bir quruluşun olduğunu bildirən Oytun Orxan diqqətə çatdırıb ki, Osmanlının dağılması ilə bölgədə qeyri-sabitlik başlayıb.

Osmanlı imperatorluğu deyil, bu imperatorluğu bölmək üçün bölgəyə daxil olan digər ölkələrin siyasətlərinə də toxunan Orxan deyib ki, “Parçala, hökm sür!” siyasəti, etnik, məzhəb və dini ayrı-seçkiliyə söykənən xətlər mövcud problemlərin əsasını təşkil edir. Fransa bölgəyə daxil olanda mandat administrasiyası və Suriyada həm etnik, həm də məzhəb baxımından yerli muxtar bölgələr yaradıb.

Fransadakı etiraz nümayişləri və terror təşkilatı ilə Fransa arasındakı əlaqələrdən danışan Orxan qeyd edib ki, Fransa PKK-nın Avropada ən rahat fəaliyyət göstərdiyi ölkələrdən biridir:

“Uzun müddətdir ki, Fransada bu təşkilatın fəaliyyətinə şərait yaradılır. Suriyadakı terror təşkilatı YPG-ni də dəstəkləyir. Belə təşkilatlar zamanla onlara dəstək verən ölkələr üçün təhlükəyə çevrilə bilər”.

Onu da xatırladaq ki, 23 dekabr 2022-ci ildə Fransanın paytaxtı Parisdə 69 yaşlı hücumçu mədəniyyət mərkəzinə atəş açaraq 3 nəfərin ölümünə səbəb olmuşdu. Ölkə mətbuatındakı xəbərlərdə bildirilirdi ki, hücum edən Villiam M. adlı təqaüdçü mexanikdir. Fransa daxili işlər naziri Cerald Darmenin hadisə yerinə getməsindən az sonra PKK tərəfdarları hücum yerinə toplaşıb, qısa müddətdə etiraz başlayıb. PKK tərəfdarları zorakılığa əl ataraq polislə toqquşub, hadisələrdə 20-dən çox polis əməkdaşı yaralanıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər