13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
İranın Azərbaycandakı agentləri... - Təhlil
Tarix: 06-01-2023 17:05 | Bölmə: Slayd
İranın Azərbaycandakı agentləri...

İranın Azərbaycandakı agentləri bir müddətdir susub. Molla rejiminin təlimatlarını yerinə yetirən bu şəxslərin hansısa səbəbdən səsi çıxmır. Agentlərin intellektual rəy liderləri bir yana, heç qaragüruh kimi tanınanların da fəaliyyəti hiss edilmir.

Diqqətçəkən əsas məqam SEPAH-ın Azərbaycana qarşı təhdid və provokasiya elementlərini özündə əks etdirən növbəti videoçarxı yayması, lakin Tehrandan bu istiqamətdə agentlərə təlimat verilməməsidir.

Gizlənmiş şəbəkə

Geridə qoyduğumuz 2022-ci ilin ən yaddaqalan hadisələrindən biri də İran xüsusi xidmət orqanları nümayəndələrinin Azərbaycan Respublikasına qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması, casus şəbəkəsinin ifşa olunması istiqamətində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) kompleks əməliyyat-istintaq tədbirləridir. Bu tədbirlər nəticəsində İran xüsusi xidmət orqanlarının nəzarəti altında Azərbaycan Respublikası vətəndaşlarının seçilərək qanunsuz silahlı birləşmə yaradılması, onlara ölkə hüdudlarından kənarda radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə xüsusi hərbi təlimlərin keçirilməsi, şəxsiyyətləri gizlədilərək başqa adlarla müxtəlif dövlətlərin ərazilərində terror-təxribat əməllərinin törədilməsinə cəlb olunmuş onlarla şəxs həbs edilib.



Rəsmi Bakının apardığı əməliyyatlar İranın ölkəmizdəki agentura şəbəkəsinə ciddi zərbə vursa da, bu o demək deyil ki, onlar tam ifşa olunub. Hazırda ölkəmizdə İranın agent şəbəkəsinə xidmət edən, molla rejiminin tapşırıqlarını dinləyən kifayət qədər şəxs var.

Rəsmi Tehran Bakıya təzyiq imkanlarından tamamilə məhrum olmamaq üçün İran agenturasının intellektual kəsimini, habelə onlara bağlı qaragüruha bir müddət gizlənmək təlimatı verib. Başqa cür desək, “kölgədə gizlən” siyasəti elan edilib.

Bu yolla rəsmi Bakının diqqətinin yayınması, proseslər sakitləşənədək yenidən təşkilatlanmaq, güc toplamaq hədəflənir.

Bakı nələr etməlidir?

İran agenturası ölkədə tamamilə çökdürülüb, məhv edilməsə də, 30 il ərzində heç olmadığı qədər zəifləyib. Rəsmi Bakı uzun illərdir anonsu verilən və 2022-ci ildə başlanan İran agenturasının çökdürülməsi əməliyyatlarına bu il də davam etməlidir:

Birincisi, 2022-ci ildə olduğu kimi, DTX əməliyyat-istintaq tədbirləri həyata keçirməli, agentura ilə yaxından-uzaqdan əlaqəsi olan şəxslər aşkar edilməlidir. Hazırda gizlənən və proseslərin sakitləşməsini gözləyən onlarla belə şəxs var. Bu şəxslərin yenidən güclənib İrandan dəstək almadan ifşa olunması vacibdir.



İkincisi, İrana bağlı olan və molla rejimindən maliyyə alan media resurslarının fəaliyyəti dayandırılmalıdır.

Üçüncüsü, təhsil, mədəniyyət, siyasət, hətta ordu daxilindəki (varsa) İran agenturasına bağlı qüvvələr zərərsizləşdirilməlidir.

Düşünürəm ki, 2023-cü il İran agentlərinin tam ifşası üçün ən uyğun zamandır. Çünki İranda etiraz aksiyaları hələ də davam edir və rəsmi Tehranın başı daxili məsələlərə qarışıb. Mövcud problemlər aradan qalxanadək Tehran öz agenturasına “dur!” əmri verib. Rəsmi Bakı bundan daha məharətlə istifadə etməli və agenturaya yekun, sarsıdıcı zərbə vurmalıdır.

Turan Rzayev




Bölməyə aid digər xəbərlər