13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Vahid Əhmədov: “Naxçıvan Azərbaycanın 15-ci iqtisadi rayonu olmalıdır”
Tarix: 10-01-2023 15:20 | Bölmə: Slayd
Vahid Əhmədov: “Naxçıvan Azərbaycanın 15-ci iqtisadi rayonu olmalıdır”

“Naxçıvanda durum uzun müddət belə davam edə bilməzdi və əsl vəziyyət yaranmalı idi. Azərbaycan dövlətinin başçısı çox ağıllı addım atdı və Naxçıvana prezidentin xüsusi nümayəndəsi təyin edildi. Faktiki olaraq Naxçıvanı xüsusi nümayəndə idarə edir, yerli əhali ilə görüşür, insanların problemləri ilə maraqlanır. Bunlar müsbət hadisələrdir”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı Vahid Əhmədov Naxçıvandakı son dəyişikliklərdən danışarkən deyib.

V. Əhmədov bu yaxınlarda Naxçıvana daxili işlər naziri təyinatını da xatırladaraq əlavə edib ki, həmin şəxs əvvəl Qubada polis rəisi olub, sonra Suraxanı rayonunda işləyib: “Çox savadlı, qabiliyyətli kadrdır və əhali ilə təması var. Mən onu şəxsən tanıyıram və yəqin ki, Naxçıvanda vəziyyətin yaxşılaşması üçün ümumi işlərə dəstək verəcək”.

V. Əhmədovun sözlərinə görə, bəzi insanlar Naxçıvanda biznes qurmaq, orada işləmək istəyir:

“Proses gedir. Bu, ciddi prosesdir. Daxili İşlər Nazirliyi, Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti artıq Naxçıvanda öz strukturlarını yaradırlar və ciddi addımlar atılır”.

Deputat ehtimal edir ki, gələcəkdə Naxçıvanın statusu məsələsi gündəmə gələcək:

“Mən əvvəllər qeyd etmişəm ki, Naxçıvan Azərbaycanın 15-ci iqtisadi rayonu olmalıdır. Bizdə hazırda 14 iqtisadi rayon var, 15-ci də Naxçıvan olmalıdır. Orada iqtisadi məsələlər həll edilməli, qalan siyasi məsələlər isə Bakıdan idarə olunmalıdır. Artıq digər rayonlarımızla bağlı belə bir təcrübə var”.

V. Əhmədov diqqətə çatdırıb ki, Naxçıvanın imkanları genişdir, onun İran və Türkiyə ilə əlaqələri - sərhədləri var:

“İqtisadi artımlar ola bilər. Cənab prezident zamanında göstəriş vermişdi ki, Naxçıvanda iqtisadi artım təmin edilsin. Təəssüflər olsun ki, keçmiş rəhbərlik buna nail olmadı, sadəcə, dotasiyalar hesabına büdcəni formalaşdırdı. Xüsusi nümayəndə yəqin ki, bu işlərlə də məşğul olacaq. Hər halda hazırkı proseslər müsbətdir və yəqin ki, aparılan işlər öz müsbət nəticəsini verəcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər