13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Rusiya Orta Asiyanın təbii qaz sistemini ələ keçirmək istəyir
Tarix: 16-01-2023 12:10 | Bölmə: Slayd
Rusiya Orta Asiyanın təbii qaz sistemini ələ keçirmək istəyir

Rusiya Özbəkistanın təbii qaz sistemini ələ keçirməyə çalışır. Özbəkistan mətbuatı yazır ki, Rusiya bu ölkədəki qaz nəqli sistemini Rusiyanın ən böyük neft-qaz çıxaran şirkəti “Qazprom”a keçirməyi təklif edib.

Reyting.az
-ın xəbərinə görə, Gazeta.uz saytı bildirir ki, Rusiya nümayəndələri ötən noyabr ayında Qazaxıstan və Özbəkistanla Üçtərəfli Qaz İttifaqının yaradılmasını təklif ediblər. Hətta Rusiya və Özbəkistan nümayəndələrinin bir neçə dəfə görüşdüyü və ikitərəfli danışıqlar apardıqları da qeyd olunur.

Rusiya tərəfi qazın Qazaxıstan ərazisindən keçən “Mərkəzi Asiya-Mərkəzi” təbii qaz kəməri ilə Özbəkistana tədarükünü təklif edib. Bunun müqabilində Rusiya Özbəkistanın qaz nəqli sistemini, Özbəkistan qazının isə Çinə ötürülməsinə sahibliyi əldə etmək və ixrac hüquqlarının “Qazprom”a verilməsini istəyir.

Rusiya tərəfinin əsas şərtinin Özbəkistanın təbii qaz nəqli sistemini bazar qiymətinə “Qazprom”un mülkiyyətinə keçirmək olduğu iddia edilsə də, analoji təklif Qazaxıstanın qaz nəqli şirkəti “Kazakqaz” tərəfindən qəbul edilməyib.

Rusiya tərəfinin irəli sürdüyü ikinci şərt Özbəkistanın qaz ixracı hüququnun Çinə verilməsidir.

Qeyd edək ki, ötən ay tərəflər arasında aparılan ikitərəfli danışıqlar nəticəsində Rusiyanın sözügedən şərtlərinin ləğvinin mümkünlüyü bildirilmişdi.

Xatırladaq ki, 2022-ci ilin noyabrında Rusiya tərəfi Özbəkistan və Qazaxıstana Üçtərəfli Qaz İttifaqının yaradılmasını təklif etsə də, Özbəkistanın energetika naziri Corabek Mirzamahmudov Rusiyadan Özbəkistana təbii qaz nəqlinin birlik olaraq deyil, birbaşa ikitərəfli ticarət razılaşmaları əsasında həyata keçirilə biləcəyini açıqlayıb.

Onu da qeyd edək ki, son zamanlar Orta Asiya qazının Xəzər üzərindən də dünyaya nəqli ideyası ortaya çıxıb. Bununla bağlı Azərbaycan, Türkiyə və Türkmənistan arasında ilkin danışıqlar da aparılıb.

Yeri gəlmişkən, Azərbaycandan Avropaya uzanan qaz boru kəməri faktiki olaraq fəaliyyət göstərir. Başqa sözlə, Qazaxıstan və Türkmənistan qazı asanlıqla bu layihəyə inteqrasiya oluna bilər. Moskvanın son addımları isə əslində bu layihəyə qarşıdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər