13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Xruşşovun nəvəsi Putindən yazıb: “Görmə, eşitmə, heç nə demə” - Təhlil
Tarix: 17-01-2023 11:49 | Bölmə: Slayd
Xruşşovun nəvəsi Putindən yazıb: “Görmə, eşitmə, heç nə demə”

“Rusiya artıq ulu babam Nikita Xruşşovun 60 il əvvəl idarə etdiyi totalitar cəmiyyət olmaya bilər, lakin totalitarizm onun DNT-sində görünür. Nə qədər absurd və ya qeyri-mümkün olsa da, Kreml yenə də öz reallığını uydurur və xalqdan inam tələb edir”.

Reyting.az
xəbər verir ki, bu barədə “Project Syndicate” yazıb.

Təhlilin müəllifi keçmiş SSRİ liderinin nəvəsi Nina Xruşşovadır.

O, məqaləsində qeyd edib:

Əgər müharibə Corc Oruellin “1984”-ündəki Okeaniyada sülh idisə, prezident Vladimir Putinin “xüsusi hərbi əməliyyatı” 2022-ci ildə Rusiyada sülhməramlılıq formasıdır.

Ukraynanın işğalı, şübhəsiz ki, Rusiyanın şəhər orta sinfi üçün çox az narahatlıq yaratdı. Çünki Rusiyanın işğaldan sonra ilk altı ayda yaşadığı irreal saxta sülh mədədə çətin həzm oluna bilərdi.

Ailəmin vətəni və misilsiz gözəl Ukrayna amansızcasına bombalandı, paytaxtı mühasirəyə alındı və xalq ya xaricdə sığınacaq tapmaq, ya da vətən uğrunda döyüşmək üçün evindən didərgin düşdü, sıravi ruslar isə gündəlik həyatını yaşayırdı və yaşayır.

Bəli, sanksiyalar Moskva və Sankt-Peterburq sakinlərinin həyatına müəyyən dəyişikliklər gətirdi. Bəzi lüks mallar mağaza rəflərindən yığışdırıldı, bəzi Qərb şəbəkələri qapılarını bağladı. Ancaq ruslar hələ də kifayət qədər şeylərdən həzz ala bilirlər - 30 il əvvəl Sovet İttifaqının dağılmasından sonra əldə etdikləri oyuncaqlar, dəbdəbə - müharibədən uzaq şeylər.

Qonşuluqda zorakılıq sıravi ruslar üçün çox əhəmiyyətsiz idi. “Qoy Putin hər şeyin qayğısına qaldığı kimi bununla da məşğul olsun”. Görmə, eşitmə, heç nə demə.

Hər hansı bir qərblinin özünün üstünlüyünü hiss etməsin, xatırladaq ki, həm ölkə daxilində, həm də xaricdə törədilən saysız-hesabsız münaqişələr, cinayətlər və qeyri-münasibliklər vasitəsilə Qərb cəmiyyətlərində eyni dərəcədə sönük yanaşma, istehlakçı xülya üstünlük təşkil edib. Bu gün Qərb demokratiyalarında bir çox insan öz liderləri ilə Rusiyadakına bənzər ortaqlığa, əxlaqi cəhətdən müflis sövdələşməyə girməkdən məmnundur.

Donald Tramp dayanmadan yalan danışanda, irqçi və antisemit şərhlər edəndə və s. amerikalılar buna nə qədər müqavimət göstərdilər? Bəli, bəzi etirazlar oldu və nəticədə Tramp Ağ Evdən kənarlaşdırıldı. Nümayəndələr Palatasının komitəsi onun yanvarın 6-da Kapitoliyada baş vermiş qiyamda iştirakını araşdırmaqda davam edir. Lakin Tramp amerikalıların böyük bir hissəsinin Respublikaçılar Partiyasına sabit dəstəyini saxladı. Səbəb sadədir: o, onlara üç sağçı Ali Məhkəmə hakimi verdi, onlar abortu leqallaşdıran yarım əsrlik qərar da daxil olmaqla, bir sıra hüquqları ləğv etdilər, varlılar üçün vergiləri azaltdılar.

Eynilə, britaniyalılar keçmiş baş nazir Boris Consona saysız-hesabsız hökumət müqavilələrini qeyri-peşəkar tanışlara təhvil verməkdən, parlamentə və taxt-taca üç ildən artıq bir müddət ərzində tam hörmətsizlik nümayiş etdirməkdən çəkinməyə icazə verdilər.

Polşada Yaroslav Kaçinskinin “Qanun və Ədalət” hökuməti məhkəmələri və ölkənin əksər mediasını incidir. Lakin o həm də bol subsidiyalarla kəndlilər və yoxsul seçicilərin praktiki olaraq kölə dəstəyini satın alıb.

İdarəetmənin tranzaksiya xarakteri getdikcə daha qabarıq şəkildə özünü büruzə verdi və avtoritarizmi getdikcə daha da gücləndirdi. Səsimizi öz tayfamızın maraqlarını və dəyərlərini inkişaf etdirmək üçün veririk, nəinki ölkəmizin, dünyanın xeyrinə. Seçicilərin tələblərinə cavab vermək müqabilində - maliyyə, dini, ideoloji və ya başqa - lider demokratik idarəetmə və etik normalar üzərində kobud mübarizə aparmaq üçün effektiv icazə alır.

Tramp və Putin kimi fiqurlar bunu başa düşdükləri üçün insanların maddi istəklərinə can atır və qorxularını artırırlar. Həqiqətən də, Tramp Latın Amerikası mühacirlərini iblisləşdirdiyi kimi, Putin də Ukraynaya qarşı müharibəsinə haqq qazandırmaq üçün sadəcə transseksual və qeyri-binar insanların mövcudluğundan istifadə etdi. Onun fikrincə, “Qərb elitasının diktaturasına” müqavimət göstərmək lazımdır. Çünki bu, “inanc və ənənəvi dəyərləri alt-üst edir”.

Kiçik bir azlığa nifrət nəhəng siyasi silah ola bilər. Yozef Gebbelsdən sonra onu bu qədər effektiv istifadə edənlər azdır.

Populistlərin böyük üstünlüyü ondan ibarətdir ki, onların öz seçiciləri ilə sövdələşməsi axıcıdır. Əgər onların siyasi bazası yeni rəvayətin qurbanı olarsa və ya yeni bir səbəbi əhatə edərsə, onlar sadəcə olaraq mövqelərini dəyişir və iddia edirlər ki, bunu ilk anlayan onlardır. Populistlərin ziddiyyətli qeydlərinə işarə edən hər kəs “yalançı və korrupsioner media elitasının” üzvüdür.

Ukrayna müharibəsi buna misaldır. Başlanğıcda, putinçi trampsevərlər - Taker Karlson, “Fox News” istisna olmaqla - əsasən dillərini dinc saxlayırdı. Tramp o qədər irəli getdi ki, Rusiyanın işğalına qarşı olduğunu bəyan etdi, çünki o, əksər amerikalıların bunu barbar hərəkət kimi qiymətləndirdiyini bilirdi.

Bu gün amerikalılar ukraynalıların qəhrəmanlığını tərifləməkdə davam edirlər. Ancaq onlara kömək etmək öhdəliyi getdikcə azalır. İndi bir çox respublikaçı ABŞ-ın Ukraynaya yardımının çox baha başa gəldiyini söyləyərək, ABŞ-ın “boş çek” verdiyini iddia edir. Trampın “Öncə Amerika” şüarı - əslində “yalnız Amerika” mənasını verir - öz cəlbediciliyini qoruyub saxlayır.

Rus orta təbəqəsi Ukraynadakı mənəvi yuxusundan getdikcə daha çox həyəcanlanırlar, baxmayaraq ki, onları oyatmaq üçün ukraynalıların əzabları deyil, öz oğullarının, atalarının və qardaşlarının hərbi xidmətə çağırılması perspektivi lazım idi. Lakin ABŞ respublikaçıları gözlərini yumub üz döndərsələr, bu, Ukraynaya daha çox ziyan vuracaq.

Sosial müqavilə cəmiyyətin bütün üzvlərinin ortaq faydalar müqabilində müəyyən qayda və normalara riayət etmək barədə gizli razılaşmasıdır. Lakin populistlər təcrid və tayfaçılığa əsaslanan sövdələşməyə üstünlük verirlər, buna görə də onlar Putini nümunəvi lider kimi qəbul ediblər.

Putinin idarəetməyə bu yanaşmanın gücünü qəbul etməsi təəccüblü ola bilər, çünki o, dərin düşüncə sahibi deyil. Tramp da deyil. Bəlkə də bu, indi çoxlarımızın yaşadığı populist sosial müqavilənin ən məkrli tərəfidir: o, ümumiyyətlə düşüncəyə deyil, qorxuya, alçaldılmaya və özgəninkiləşdirməyə əsaslanır. Bunlar tiranlığı davam etdirən və təcavüzkar müharibəni alovlandıran hisslərdir.

Elxan KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər