ADP sədri: “Vasitəçilər Azərbaycan ilə Ermənistan arasında sülh yaranmasında maraqlı deyillər”
Tarix: 25-01-2023 12:18 | Bölmə: Slayd
ADP sədri: “Vasitəçilər Azərbaycan ilə Ermənistan arasında sülh yaranmasında maraqlı deyillər”

“Ermənistan Azərbaycan ilə sülh sazişinin imzalanmasını uzatmağa, problemi olduğu kimi saxlamağa çalışır. Bu səbəbdən də həm müzakirə aparılan ünvanları tez-tez dəyişir, həm də müzakirələrlə bağlı əsası olmayan nələrsə təklif edir, həmçinin müxtəlif şərtlər irəli sürür, Fransa prezidentinin müzakirələrdə iştirakını istəyir və s. Bütün bunlar nəyə xidmət edir? Sözsüz ki, danışıqları maksimum uzatmağa, sülh sazişi imzalamamağa! Ermənistan siyasətinin mahiyyətində məhz bu məsələ dayanır. Onlar sülhün əldə olunmasında, sazişin imzalanmasında, regionda sabitliyin yaranmasında, kommunikasiyaların açılmasında maraqlı deyillər. Əks halda müharibədən keçən bu müddət ərzində müəyyən irəliləyiş əldə olunardı”.

Bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

Partiya sədrinin fikrincə, Ermənistanın danışıqlarda fasilələr yaratması, bəzən müxtəlif bəhanələrlə görüşlərə gəlməməsi Azərbaycanla sülh sazişi imzalamağı ləngitmək istəyindən qaynaqlanır.

S. Cəlaloğlu iddia edir ki, Ermənistanın bu davranışı Rusiya-Ukrayna savaşı bitənə qədər davam edəcək.

Son dövrlər tərəflərin Gürcüstanda görüş keçirməsi haqda deyilənlərə gəldikdə, ADP sədri bildirib ki, görüş hər yerdə mümkündür: “Burada əsas məqsəd görüş deyil, nəticədir. Görünən budur ki, prosesdə iştirak edən beynəlxalq vasitəçilər də sülhün əldə edilməsində maraqlı deyillər”.

S. Cəlaloğlu əlavə edib ki, indiki halda Amerika sülh müqaviləsinin tezliklə imzalanmasında maraqlıdır: “Ona görə də Amerikanın vasitəçiliyindən istifadə etməliyik. Rusiya və Avropa Birliyi sülh müqaviləsinin imzalanması ilə daha çox regionda öz marağını təmin edilməsinə çalışır. Avropa üçün sülh ona görə maraqlı deyil ki, sülh sazişinin imzalanması Ermənistanın maraq və iddialarının qarşısını alacaq. Halbuki Brüssel bu amildən istifadə etməklə maraqlarını təmin etmək niyyətindədir”.

V. QULİYEV
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}