Ukraynaya “F-16” qırıcıları vermək istəyirlər
Tarix: 02-02-2023 13:34 | Bölmə: Slayd
Ukraynaya “F-16” qırıcıları vermək istəyirlər

ABŞ çətin ki, özünün “F-16” qırıcılarını Ukraynaya versin, lakin digər ölkələr öz “F-16”-larını Kiyevə verə bilərlər. İxrac məhdudiyyətlərinə görə, bunun üçün ABŞ-ın razılığı tələb olunur və çox güman ki, Ağ Ev buna etiraz etməyəcək.

Reyting.az
“Politico” nəşrinə istinadla xəbər verir ki, artıq bəzi Avropa ölkələri öz “F-16” qırıcılarını Ukraynaya verə biləcəklərini nümayiş etdiriblər. Hətta “Rafale”-ə keçən Fransa da ABŞ Hərbi Hava Qüvvələrinin qırıcılarının köhnə nümunələrini Ukraynaya verə bilər.

ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi deyib ki, bu məsələlərin müzakirə olunması mümkündür. Onun sözlərinə görə, ABŞ-ın mövqeyi bu cür tədarüklərə etiraz etmək deyil: “Biz, sadəcə, prioritetləşdirməyə davam etdiyimizə əmin olmalıyıq”.

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen isə qeyd edib ki, Qərb Ukraynanı ona lazım olan bütün silahlarla təmin etməlidir. Onun fikrincə, ən böyük risk münaqişənin uzanmasıdır: “Ona görə də biz, silahla müharibənin tezliklə başa çatmasında maraqlıyıq... Əgər biz Ukraynaya lazım olan bütün silahları versək, onlar qalib gələ biləcəklər”. Hətta bu qələbəyə Krımın qaytarılması da daxildir.

Qeyd olunur ki, Ukrayna üzrə Müdafiə və Təhlükəsizlik Məsləhət Qrupunun fevralın 14-də keçiriləcək görüşü çox güman, yenidən hava hücumundan müdafiə, tanklar və döyüş sursatları ilə bağlı məsələyə həsr olunacaq. Təyyarə məsələsi isə bir qədər uzana bilər, çünki Avropa buna “uzunmüddətli layihə kimi” baxır.

Onu da əlavə edirik ki, hələlik təkmil aviasiyanın ukraynalı pilotlara verilməsi ilə bağlı Qərbdə yekdil fikir yoxdur. Almaniya kansleri Olaf Şolz bunun yeni eskalasiya təhlükəsi yaratdığını deyib, Amerika prezidenti Co Bayden isə Ağ Evin “F-16”-ların Ukraynaya çatdırılmasına razılıq verib-verməyəcəyi ilə bağlı suala “Xeyr” cavabını verib.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}