Molla rejimi zəlzələdən zərər çəkmiş azərbaycanlılara laqeyd münasibət bəsləyir
Tarix: 02-02-2023 17:33 | Bölmə: Slayd
Molla rejimi zəlzələdən zərər çəkmiş azərbaycanlılara laqeyd münasibət bəsləyir

“İran hökuməti Xoyda baş verən zəlzələdən əziyyət çəkən azərbaycanlılara can yandırmır, onları taleyin ümidinə buraxıb. Üstəlik, qardaş Türkiyədən təklif olunan humanitar dəstəyi də qəbul etmir. Mən dəqiq bilmirəm, amma əminəm ki, bizim də dəstək təklifimizi geri qaytarıblar. Onlar üçün Xoyda zəlzələdən sağ çıxan və ev-eşiksiz qalan insanların heç bir dəyəri yoxdur, çünki onlar azərbaycanlıdır, türklərdir. Onlara qarşı belə bir münasibət molla rejiminin baxışlarına görə tam normaldır”.

Bunu Reyting.az-a Azərbaycanın keçmiş təhsil naziri, türkoloq-alim Firudin Cəlilov İranın Xoy şəhərində baş verən zəlzələdən sonra İran hökumətinin soydaşlarımıza laqeyd münasibətindən danışarkən deyib.

F. Cəlilov bildirib ki, onsuz da İrandakı soydaşlarımızın durumu ağırdır: “Amma zəlzələdən sağ çıxan insanlara ögey münasibət bəsləmək daha dəhşətlidir. Bu, bir daha göstərir ki, bizim çox pis qonşumuz var”.

Türkoloq-alim əlavə edib ki, adətən qonşu və dost, eləcə də kasıb ölkələrdə təbii fəlakətlər olanda ona yardım göstərilir: “İndiki məqamda İranda zəlzələ olub və ona yardım təklifləri edilib. Bu, qeyri-rəsmi qəbul edilən etketdir. Amma İran Türkiyənin köməyini qəbul etməyib. Bu, birabırçı hadisədir. Eləcə də Azərbaycan tərəfinin. Amma bütün hallarda Xoyda bizim soydaşlarımız yaşayır, bura İrəvanın qənşəridir. Biz onlara kömək etməliyik, bu, bizim borcumuzdur. İnanıram ki, dövlətimiz bununla ciddi məşğul olur və ya olacaq”.

F. Cəlilov deyib ki, İranın molla rejimini haradasa başa düşmək olur, çünki onlar azərbaycan türklərinə qarşı hansı pislik, ayrı-seçkilik mümkündürsə, onu da edirlər: “İndi həm də İranı sıxırlar və belə bir durumda nə etdiklərini düşünmürlər. Eyni zamanda yardımın qəbul olunmamasının real səbəbləri var”.

Türkoloq-alimin fikrincə, yardımın qəbul edilməməsinin ilk səbəbi Xoyda azərbaycan türklərinin yaşamasıdır: “İkinci səbəb, ağır durumda olan azərbaycanlılara öz qardaşları-Azərbaycan və Türkiyədən yardımın qarşısını almaqdır. Yəni reallığı həzm edə bilmirlər. Odur ki, İran mollalarından nə desən gözləmək olar. Onlar bu yolla həm də Xoyu boşaldırlar, türksüzləşdirirlər. Soydaşlarımızı Allahın ümidinə buraxıblar. Molla rejiminin bu hərəkəti qəbuledilməzdir”.

Xatırladaq ki, Xoy şəhərində ötən ay baş verən zəlzələlərdən sonra dağıntıdan əziyyət çəkən əhalinin vəziyyəti acınacaqlıdır. Yerli sakinlərin sözlərinə görə, dağıntıdan əziyyət çəkən əhalinin çoxu çadırlara sığınsa da, çadır çatışmazlığı var. Üstəlik, havaların soyuması, qarın yağması soydaşlarımızın vəziyyətini daha da ağırlaşdırıb. Bu səbəbdən imkanı olanlar Xoy şəhərini tərk etmək məcburiyyətində qalır.

Onu da qeyd edək ki, Türkiyə və Azərbaycan tərəfi soydaşlarımızın yaşadığı Xoy şəhərinə humanitar yardım göndərmək istəsə də, İran tərəfi buna imkan vermir.

V. QULİYEV
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}