Deputat: “İranın erməni terror qrupları ilə yaxşı əlaqələri var”
Tarix: 03-02-2023 08:38 | Bölmə: Slayd
Deputat: “İranın erməni terror qrupları ilə yaxşı əlaqələri var”

“Əslində İranın hərəkətlərini təkcə səfirliyimizə xain hücumla deyil, zamanla qiymətləndirmək daha doğru olardı. İran həm müharibə zamanı və həm də müharibədən sonra Ermənistanı özünə qardaş elan edib, Azərbaycanın sülh addımlarına maneə yaratmaqla məşğuldur. Ermənilərin müharibədə məğlubiyyəti İranı bu ölkəyə daha çox dəstək verməyə vadar edib”.

Bunu Reyting.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

A. Mollazadə bildirib ki, İran dünyada terroru dəstəkləyən ölkə kimi tanınır: “İranın həm də xaricdə yaşayan erməni terror qrupları ilə yaxşı əlaqələri var. Məncə, son dövrlər İranda və onun ətrafında baş verən olaylar nəticə etibarı ilə İran rəhbərlərinin başını itirməsinə səbəb olub”.

A. Mollazadə diqqətə çatdırıb ki, İran özünü İslam Respublikası elan etsə də, məscidləri yandıran və dağıdan qüvvəni qardaş elan edib: “Deməli, dindən də siyasət naminə istifadə olunur”.

Milli Məclisin deputatı yaxın müddətdə İrandan Azərbaycana qarşı yaxşı bir münasibət gözləmir: “Onlar etdikləri hərəkətlərə görə həm dünyaya, həm də Azərbaycan xalqına doğru-dürüst izahat verməlidirlər. İran Azərbaycan dövlətinə hədə-qorxularını da dayandırmalıdır. Eyni zamanda İranda on milyonlarla azərbaycanlının elementar hüquqları belə təmin edilməyib”.

A. Mollazadənin fikrincə, İranın rəhbər şəxslərinin siyasəti bu ölkəni çox çətin vəziyyətlə üzləşdirib:

“Dünyada milyonlarla türk birləşir, bir-birinə dəstək verir, həmrəy olur, mədəniyyətlərini, tarixlərini qoruyurlar. Məncə, İranın bu istiqamətdə olan fəaliyyəti də çox təhlükəlidir. Ona görə də bu ölkənin rəhbər şəxsləri yaxşı düşünməlidir. Çünki onların siyasəti bu ölkəni uçuruma sürükləyir. İran daxilində aylardır davam edən etiraz aksiyaları da bunu göstərir. Nəhayət, İran qonşuları ilə normal əlaqələr qurmalı, daxildə insanların tələb və ehtiyaclarına diqqət yetirməlidir. Əks təqdirdə bu ölkənin perspektivi yaxşı olmayacaq”.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}