13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Türkiyədəki ardıcıl zəlzələlər: seysmoloji silah hücumu, yoxsa...
Tarix: 07-02-2023 14:29 | Bölmə: Slayd
Türkiyədəki ardıcıl zəlzələlər: seysmoloji silah hücumu, yoxsa...

Türkiyənin Qəhrəmanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələlər bir sıra iddialara səbəb olub. Həmin iddialardan ən diqqət çəkəni zəlzələlərin süni olması, hansısa seysmoloji silahın tətbiqindən sonra baş verməsi ilə bağlıdır.

Bəzi insanlar ardıcıl zəlzələlərin Türkiyənin seçkiyə hazırlaşdığı vaxt baş verməsinin təsadüf saymır və qeyd edilən seysmoloji silahın istifadəsi iddiasının doğru olduğunu qeyd edirlər.

Türkiyəyə seysmoloji silahdan hücum edilib?

Əslində bu sualdan öncə bir məsələni aydınlaşdırmaq lazımdır ki, seysmoloji silah deyə bir şey varmı? Cavab isə olduqca sadədir: Xeyr!



Düzdür, dünyada süni titrəyişdən müxtəlif məqsədlər üçün istifadə olunur. Bu metoddan daha çox neft sənayesində kəşfiyyat işləri zamanı, neft və qaz mənbələrini aşkarlamaq üçün istifadə edirlər.

Geofiziklər yerin müəyyən qatlarına seymsovibratorlarla dalğa göndərərək yerin dərin qatlarındakı qaz, boşluq, su və ya neftlə zəngin laylarla və s. qarşılaşa bilər. Lakin bu o demək deyil ki, bu üsulla 6-7-8 ballıq dağıdıcı zəlzələ yaratmaq olar. İnsan əli ilə - xüsusi proqram və tektonik silah vasitəsilə istənilən yerdə zəlzələ yaratmaq üçün yerin lazımi laylarına nüvə partlayışı gücündə təsir etmək tələb olunur. Belə bir texnologiya isə hazırda yoxdur.

Türkiyədə nə baş verdi?

Türkiyədə baş verən ardıcıl zəlzələlər tamamilə təbii, normal geoloji hadisədir. Elementar coğrafi biliyə sahib hər kəs bilir ki, yer qabığı sabit deyil və davamlı hərəkət edir. Biz insanlar yer qabığındakı bu hərəkətliliyi zəlzələlərlə hiss edirik.

Coğrafi və geoloji terminalogiyada yerin qabığındakı hərəkətlilik coğrafi tavaların hərəkəti kimi qeyd edilir. Hansı ki, bu tavaların toqquşması nəticəsində seysmoloji aktivlik müşahidə olunur.

Türkiyə geoloji olaraq dünyanın ən seysmik bölgələrindəndir. Bunu təsdiq edən ən sadə nümunə Türkiyənin şimalından keçən “Pontus” dağ silsiləsi və cənubundan keçən “Zaqros” dağ silsiləsidir. Hər iki dağ silsiləsi “Alp-Himalay” qırışıqlığının bir parçasıdır.

Müqayisə üçün qeyd edim ki, Azərbaycandakı Kiçik Qafqaz və Talış dağları Zaqros dağ silsiləsinin, Böyük Qafqaz dağ silsiləsi isə Pontos dağ silsiləsinin davamıdır. Buna görə Azərbaycanda da tez-tez zəlzələlər olur.



Türkiyənin yerləşdiyi Kiçik Asiya yarımadası Avrasiya, Afrika və Ərəbistan coğrafi tavalarının kəsişdiyi bir ərazidir. Məhz buna görə də bu ərazi seysmoloji olaraq dünyanın ən aktiv bölgələrindən hesab edilir. Həmin coğrafi tavalar davamlı surətdə bir-biri ilə toqquşduğu üçün Kiçik Asiya yarımadası seysmoloji cəhətdən aktivdir və dağ silsilələri ilə əhatə olunub.

Onu da qeyd edim ki, seysmoloji cəhətdən aktiv olan ərazidəki dağlar həm də “cavan dağlar” adlanır. Yəni bu ərazidə dağyaranma prosesi hələ də davam edir.

Məsələn, Mərakeşdəki Atlas dağları qoca dağlardır, çünki artıq burada dağyaranma prosesi getmir və belə dağlar zamanla eroziyaya məruz qalır.

Nəticə etibarilə Türkiyədə baş verən zəlzələlər tamamilə təbii, normal, heç bir kənar təsir nəticəsində baş verməyən təbiət hadisədir.

Zəlzələnin anonsu verilmişdi

Hadisə hər nə qədər təbii olsa da baş verəcəyinə dair həm təbii, həm də alimlər səviyyəsində xəbərdarlıq edilmişdi.

Təbii səbəb kimi onu göstərmək olar ki, yanvarın 28-də İranın Qərbi Azərbaycan əyalətində 5,9 bal gücündə zəlzələ baş verdi. Hadisə nəticəsində başda Xoy şəhəri olmaqla ətraf ərazilərə ciddi şəkildə ziyan dəydi. İranda baş verən zəlzələnin ardınca isə Naxçıvan MR-də 5.3 ballıq zəlzələ qeydə alındı. Yəni göründüyü kimi, eyni coğrafiyada son günlər seysmoloji aktivlik müşahidə edilirdi və bu prosesin Türkiyədə daha şiddətli olacağı müəyyən etmək olardı.

Prinsip etibarilə Niderland Elmi-Tədqiqat İnstitutunun araşdırmaçı-seysmoloqu Fransk Huqerbets tərəfindən iki gün öncədən bu zəlzələnin ərazisi və gücü ilə bağlı dəqiq proqnoz verilib. Yenə həmin şəxs tərəfindən ilk dəfə olaraq bu zəlzələdən sonra da güclü zəlzələ, avtoşok ola biləcəyi ilə də proqnozlar səslənib.

Zəlzələ seçkilərə necə təsir edəcək?

Baş verən təbiət hadisəsi Türkiyədə bu il keçiriləcək prezident və parlament seçkilərinə təsirsiz ötüşməyəcək. İstər müxalifət, istərsə də iqtidar hadisədən seçki kampaniyaları üçün istifadə edəcəklər.



Zəlzələnin Türkiyə iqtisadiyyatına vurduğu zərərin böyüklüyü hakim partiyanın işini çətinləşdirir. Müxalifət bu fürsətdən yararlanmaq istəyəcək və iqtidara təzyiq edəcək.

Lakin baş verən hadisə iqtidarın da əlini gücləndirir. İqtidarın təbii fəlakətin fəsadlarını sürətlə aradan qaldırması, siyasilərin hadisə yerinə səfərlər etməsi, zərərçəkənlərə yardımların göstərilməsi xalq nəzərində prezident Ərdoğana olan etimadı artıra bilər.

Turan RZAYEV




Bölməyə aid digər xəbərlər