13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
"Türkiyəyə dəyən ziyanı hesablamaq çox çətindir" - Ekspert
Tarix: 10-02-2023 14:50 | Bölmə: Slayd
"Türkiyəyə dəyən ziyanı hesablamaq çox çətindir"

"Zəlzələnin Türkiyə iqtisadiyyatına vurduğu ziyanın həcmi ilə bağlı hələ ki rəy bildirmək çətindir. Çünki ziyan görmüş binaların sayı məlum deyil, yalnız uçmuş binaların sayı bilinir”.

Bunu Reyting.az-a Real Partiyasının funksioneri, tanınmış iqtisadçı Natiq Cəfərli deyib.

Türkiyə iqtisadiyyatına dəyən zərərə gəlincə, N. Cəfərli əlavə edib ki, burada söhbət 10 milyardlarla dollardan gedəcək: “Rəqəmin hansı səviyyəyə qədər yüksələcəyini isə demək çətindir. Türkiyə iqtisadiyyatı - iş adamlarının və cəmiyyətinin işləmə qabiliyyətini nəzərə alsaq, maliyyə mənbələrində sıxıntı olmazsa, yaxın 3-4 ildə bu fəsadları tamamilə aradan qaldırmaq gücündədir. Ehtimal edirəm ki, burada maliyyə mənbələri ilə bağlı problemlər yaşanacaq. Bu zaman işlər xarici borc və beynəlxalq maliyyə institutlarının yardımı hesabına həyata keçirilə bilər. Çünki yalnız Türkiyənin daxili resursları hesabına bu qədər işin öhdəsindən gəlmək mümkünsüz görünür”.

İqtisadçı bildirib ki, bəzi qaynaqlar dəymiş zərərin 100 milyard dollardan çox olduğu deyirlər. Ziyanın səviyyəsinin hansı həddə qədər genişlənəcəyini isə indi dəqiq demək çətindir.


Natiq Cəfərli

N. Cəfərli qeyd edib ki, indi Türkiyəyə vurulan zərərlə bağlı ciddi və əsaslı danışmaq mümkünsüzdür. Onun sözlərinə görə, təsbit çalışmaları və araşdırmalar olacaq, çünki ilk növbədə dəyən ziyan hesablanmalıdır:

"Elə şəhər və qəsəbələr olacaq ki, sökülüb yenidən tikiləcək. Yəni hələlik dəqiq heç nə bilinmir. Təxminən iki və ya üç həftədən sonra təqribi rəqəmlərə çatmaq mümkün olacaq. İndiki halda ziyan haqqında dəqiq danışmaq və ya hansısa rəqəmlər söyləmək çox çətindir".

İqtisadçının fikrincə, bərpa işlərinə başlananda bu, Türkiyə iqtisadiyyatına əlavə sürət qata bilər: "Çünki bu halda tikinti sektoru ciddi şəkildə inkişaf edəcək, tikinti malları və materialları sektoru da canlanacaq. Yəni tələbat artacaq. Bu nöqteyi-nəzərdən bərpa işləri bir müddətdən sonra iqtisadi artıma müəyyən qədər təsir göstərəcək. İndi əsas məsələ dağıntılar altında qalan insanları xilas etmək, mümkün qədər xilasetmə prosesini sürətli aparmaqdır. Aydındır ki, dünyada insandan ali dəyər yoxdur".

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər