13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Azərbaycan Kommunist Partiyası qrupbazların girovuna çevrilib
Tarix: 10-02-2023 15:45 | Bölmə: Slayd
Azərbaycan Kommunist Partiyası qrupbazların girovuna çevrilib

"Azərbaycan Kommunist Partiyası Sovet İttifaqı Kommunist Partiyasının tərkib hissəsi olub, ölkəmizdə Sovet hakimiyyətinin qəti qələbəsi, əsrlər boyu davam edən geriliyin aradan qaldırılması, sosializm cəmiyyətinin qurulması uğrunda zəhmətkeş kütlələrin inqilabi mübarizəsinə başçılıq edib. O, 70 il ərzində şanlı yol keçib, respublika zəhmətkrşlərini sosial və mənəvi tərəqqi zirvələrinə doğru inamla aparan istiqamətverici və səfərbəredici qüvvə olub. 1920-ci ildə Azərbaycan Kommunist Partiyasında 4 min adam var idi, 1990-cı il yanvarın 1-də isə onların sayı təqribən 450 min nəfərə çatmışdı. Nəzərə alın ki, indiki hakim partiyadan fərqli olaraq, Kommunist Partiyasına qəbulda namizədlik mərhələsindən başlayaraq, çox ciddi tələblər var idi”.

Bunu Reyting.az-a hazırda dağınıq formada fəaliyyət göstərən Azərbaycan kommunist partiyalarından birinə rəhbərlik edən Ədalət Abdinov deyib.

Onun sözlərinə görə, beynəlxalq imperializmin təzyiqi ilə Azərbaycan sovet hakimiyyəti süquta uğrayandan sonra Kommunist Partiyasının fəaliyyəti də qeyri-qanuni dayandırılıb. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycan Kommunist Partiyası dövlət qeydiyyatına alınıb.


Ə. Abdinov

Ə. Abdinov diqqətə çatdırıb ki, ikinci dəfə siyasi meydana atılan Azərbaycan Kommunist Partiyası sələfinə layiq ola bilməyib: "Partiya həyatının Lenin normalarına və prinsiplərinə dönmədən əvəz etmək əvəzinə dörd qrupa parçalandı. Bunların hər biri ayrı-ayrılqda diletant siyasi davranışları ilə partiyaya, müqəddəs kommunist adına zərbə vurublar. Rauf Qurbanov, Gülnisə Mənsimova adlı "siyasətçilər" dərnəklər yaradıb, partiya sədri iddiasında bulunublar. Belə siyasi səhnə personajların sayəsində Azərbaycan Kommunist Partiyası öz sıralarının mübarizliyini, kommunistlərin fəallığını zəiflətdi, kommunist əxlaqı normalarından geri çəkilmə halları başlandı. Marksizm-leninizm dünyabaxışının dərinləşməsi, sosialist ideologiyasının ictimai şüura hakim kəsilməsi əvəzinə Azərbaycan Kommunist Partiyası qrupbazların, bölücülərin girovuna çevrilib”.

Özünü Azərbaycan Kommunist Partiyasının sıravi əsgəri hesab edən Ə. Abdinov deyib ki, partiya rəhbərliyinə heç bir iddiası yoxdur: “Hazırda partiyada Hacı Hacıyev və Telman Nurullayevin başçılıq etdikləri qruplar əsas gücə malikdir. Onların birləşməsi partiyanı real qüvvəyə çevirə bilər. Respublika Kommunist Partiyasının rolu və nüfuzu bu iki qüvvənin birləşməsindən çox asılıdır. Orda-burda, müxtəlif özəl internet televiziyalarında özünü sədr elan edənlərin partiyada təsiri sıfırdır”.

Partiya rəhbəri əlavə edib ki, Azərbaycan Kommunist Partiyasında partiya təşkilatlarının təşkilatçılıq və ideoloji fəaliyyətinin güclənməsi üçün real imkanlar var. Ə. Abdinov əmindir ki, hazırkı ziddiyyətli şəraitdə ölkə kommunistləri Müstəqil Azərbaycan Sosialist Respublikası naminə böyük uğurlara imza atacaqlar.

V. QULİYEV
Reyting.az




Bölməyə aid digər xəbərlər