13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Fransa, İran və Ermənistan Türkiyə ilə bağlı yanlışlığa yol verir
Tarix: 10-02-2023 16:42 | Bölmə: Slayd
Fransa, İran və Ermənistan Türkiyə ilə bağlı yanlışlığa yol verir

"Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra cavablarını yaxın gələcəkdə formalaşdırmaq mümkün olmayan çoxsaylı suallar yaranıb".

Reyting.az
xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov deyib.

Onun qənaətincə, Türkiyədə may ayına nəzərdə tutulan seçkilər keçiriləcək: "Bu, hazırkı hakimiyyətin qərarıdır. Çünki iqtisadiyyatdakı problemlər yaxın bir-iki ildə artacağından, hakimiyyətin reytinqi düşə bilər.

Türkiyə bərpa üçün borc pul götürməli olacaq ki, bu da, lirənin daha da ucuzlaşmasına səbəb ola bilər. Bununla yanaşı, 1999-cu ildə siyasi və iqtisadi böhrana səbəb olan zəlzələ Ərdoğanın hakimiyyətə gəlməsi ilə əlaqələndirilir. Amma Ərdoğan ölkəni inkişaf etdirə bildi. Yəni Ərdoğanın belə işlərdə də təcrübəsi var”.

F. Məmmədov bildirib ki, Türkiyədəki seçkilərə təkcə Türkiyə hazırlaşmır:

“Ərdoğanın beynəlxalq aləmdəki şərikləri və əleyhdarları həm Ərdoğanın özünü, həm də hələlik adı açıqlanmayan rəqibini dəstəkləmək üçün “pərdə arxası”nda işlər görürlər”.

Bəs zəlzələdən sonra nə olacaq?

F. Məmmədov düşünür ki, bu vəziyyət Türkiyənin fəaliyyətini məhdudlaşdıracağından Qərb indiki Türkiyə hökumətini maliyyə cəhətdən dəstəkləməyə tələsməyəcək. Bu kontekstdə Türkiyədə siyasi və iqtisadi böhranın nə qədər dərin olacağı önəmlidir:

“Ərdoğanın vəzifəsi hakimiyyəti saxlamaq və böhranın dərinləşməsinin qarşısını almaqdır. Bir ay ərzində dəymiş ziyanın miqyası, bərpa müddəti, əsas daxili və xarici aktorların fikirləri aydın olacaq.

Türkiyə məhdud resurslara malik olacaq - bunu etiraf etmək lazımdır. Bununla belə, inkişaf ətaləti var - iqtisadi, texnoloji və siyasi. Beynəlxalq siyasətdə kimin iqtidarda olmasından asılı olmayaraq, Türkiyə uzun müddət fəallığını davam etdirəcək. Türkiyə dünyanın o qədər çox yerinə və o qədər dərinə girib ki, artıq çıxmağa layiq deyil və bu, Azərbaycan, NATO ölkələri, Ukrayna, Rusiya, İran, İsrail, Balkan ölkələri də daxil olmaqla, çoxsaylı tərəfdaşların maraqlarına uyğun gəlmir. Mərkəzi Asiya, İslam dünyası, Afrika ölkələri… Türkiyənin xarici siyasəti təkcə hakim güc deyil, həm də ordu, iqtisadiyyat və xalqın fikridir".

Politoloq əlavə edib ki, Türkiyənin bölgədəki rolu Azərbaycanla müttəfiqlik və Gürcüstanla strateji tərəfdaşlıqda formalaşıb, üçtərəfli formatda institutlaşdırılıb: "Bütün bu illər ərzində Azərbaycan sistemli şəkildə üçtərəfli əməkdaşlığı məzmunla doldurub, tərəfdaşlıq şəraitində strateji layihələr həyata keçirib. Türkiyənin gücü müttəfiqlərinin gücündə və qarşılıqlı fəaliyyətdədir. Regional proseslərdə Azərbaycan Türkiyənin tam dəstəyinə malikdir. Bu, Şuşa Bəyannaməsindən sonra sənədləşdirilib və Türkiyənin bütün əsas siyasi qüvvələri tərəfindən dəstəklənir”.

F. Məmmədovun fikrincə, əgər Ermənistanda, İranda və Fransada ümid edirlərsə ki, yaxın illərdə Türkiyənin resurslarının məhdudlaşdırılması vəziyyətin dəyişməsinə şərait yarada bilər, deməli, səhv edirlər.

Ekspertin qənaətincə, Laçın-Xankəndi yolunda aksiya məntiqi yekunlaşmaya qədər davam edəcək: "Vardanyan layihəsi Moskvada onun təşəbbüskarları tərəfindən yenidən nəzərdən keçirilir. Çünki bu layihə əks-effekt verib. Yəni Ermənistanda Qərbin mövqelərini gücləndirib, Qarabağ erməniləri arasında ümidsizliyi artırıb".

V. QULİYEV
Reyting.az




Bölməyə aid digər xəbərlər