13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Rusiya Ukraynaya genişmiqyaslı hücum planlaşdırır
Tarix: 11-02-2023 16:40 | Bölmə: Slayd
Rusiya Ukraynaya genişmiqyaslı hücum planlaşdırır

Rusiya yazda Ukrayna ərazilərinə qarşı hücuma keçməyi planlaşdırır. Qışda isə ukraynalıları yormaq, öz qüvvələrini və yenidən silahlanmanı bərpa etmək taktikasına əl atıb.

Reyting.az
xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi Vaşinqtonda keçirdiyi brifinqdə bildirib.

C. Kirbi deyib ki, Donbassda, xüsusilə Baxmut ətrafında şiddətli döyüşlər gedir. O, əlavə edib ki, Putin Ukraynanın dinc infrastrukturunu atəşə tutmaqla ukraynalıların həyatını çətinləşdirmək istəyir.

Ağ Evin sözçüsü bildirib ki, Rusiya qışdan “yazda hücum əməliyyatlarını bərpa etmək” üçün qüvvələrini yenidən təchiz etmək məqsədilə istifadə edir. Buna görə də ABŞ və Ukraynanın digər tərəfdaş ölkələri Ukrayna Silahlı Qüvvələrini rusların yaza planlaşdırdıqları hücuma hazırlamaq üçün hərbi yardımı artırırlar.

Kirbi qeyd edib ki, hava şəraiti yaxşılaşdıqca Ukraynada döyüşlər daha da sərtləşəcək.

Məlumat üçün qeyd edək ki, fevralın 9-da Müharibə Araşdırmaları İnstitutunun verdiyi məlumata görə, Rusiya Luqansk vilayətinə hücuma başlayıb. Rus ordusu bu istiqamətdə Ukrayna müdafiəsində zəif yerlər axtarır və onu yarmağa çalışır.

"Foreign Policy" qəzeti Rusiya işğalçı qüvvələrinin Ukraynaya yeni hücuma hazırlaşdığını yazıb və Rusiya Federasiyasının qarşıdan gələn zərbə üçün ehtiyatda saxladığı texnikanı sadalayıb.

Ukrayna kəşfiyyatı, Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik və Müdafiə Şurası Donetsk və Luqansk vilayətlərində Rusiyanın yeni genişmiqyaslı hücumunun başlaya biləcəyi ilə bağlı xəbərdarlıq ediblər. Rəsmi Kiyevin ehtimallarına görə, rus ordusu Xarkov və Zaporojye vilayətlərində hücuma keçə bilər.

NATO Hərbi Komitəsinin sədri, admiral Rob Bauer də Rusiya Federasiyasının yazda Ukraynaya qarşı yeni hücuma başlayacağını qeyd edib.

Bəzi analitiklər isə bildirirlər ki, Ukrayna ordusunun güclü əks-hücumu Rusiyanın hərbi planlarını poza bilər.

V. QULİYEV
Reyting.az





Bölməyə aid digər xəbərlər