13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Nazirlər Kabinetinin qərarı ölkədə narazılıq yaradacaq - Ekspert
Tarix: 15-02-2023 17:25 | Bölmə: Slayd
Nazirlər Kabinetinin qərarı ölkədə narazılıq yaradacaq

"Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli qərarına əsasən market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi pulu olacaq. Ticarət şəbəkələri və mağazalarda iri ölçülü polietilen torbalar 5 qəpiyə, daha kiçik ölçülü torbalar isə 3 qəpiyə satılacaq".

Reyting.az
xəbər verir ki, bunu Real Partiyasının funksioneri, iqtisadçı Natiq Cəfərli deyib.

N. Cəfərli bildirib ki, ticarət şəbəkələrində və marketlərdə polietilen torbaların ödənişli olmasının büdcə ilə birbaşa əlaqəsi yoxdur, polietilen torbaları kommersiya müəssisələri satır və onlar ancaq satışdan gələn gəlirdən vergi verməlidirlər.

İqtisadçının sözlərinə görə, sadəcə, Azərbaycan dünyada gedən trendlərə, "Dovos gündəliyinə" uyğunlaşmağa çalışır: "Əslində, dünyada belə bir yanaşma çoxdan var ki, polietilen torbalar ekologiyaya çox ciddi ziyan vurduğundan ondan imtina etmək lazımdır. Lakin həmişə olduğu kimi, bu dəfə də Azərbaycanda axırda görülməli olan işi əvvəldə görürlər. Yəni, Avropa ölkələrində və ABŞ-ın bəzi ştatlarında belə qaydalar var və onlar illərlə bununla bağlı təbliğat aparıb, sosial çarxlar hazırlayıblar. Bundan başqa, parça torbaların pulsuz paylanılması ilə bağlı aksiyalar keçirib, maarifləndirmə işləri aparıblar. Ancaq bundan sonra polietilen torbaların pulla satılması ilə bağlı qərar veriblər. Amma bizdə hansısa bir təbliğat, təşviqat, sosial çarxlar, maarifləndirmə işləri aparmadan birdən-birə polietilen torbaların pulla satılması ilə bu problemi həll edəcəklərini düşünürlər. Səhv yanaşma məhz bundan ibarətdir. Azərbaycan alıcısının davranışlarını bilirlər: 3-5 qəpiyə görə onlar bundan imtina etməyəcəklər".


Natiq Cəfərli

N. Cəfərlinin fikrincə, Azərbaycanda düşünürlər ki, xaricdə polietilen torbalar pullu olduğuna görə, ondan imtina edirlər, halbuki, bu, tamamilə yanlışdır:

“İnkişaf etmiş ölkələrdə ekologiyaya vurulan ziyanın insanlar tərəfindən qəbul olunmasına görə polietilen torbalardan imtina edilir.

Ticarət şəbəkələrində və marketlərdə polietilen torbaların ödənişli olması ideya olaraq anlaşılandır, amma bunun Azərbaycanda tətbiqi, reallaşdırılması ciddi problemlərə səbəb olacaq. Odur ki, mən bunun ekoloji problemlərin həllində ciddi rol oynayacağını düşünmürəm. Yəni, polietilen torbalardan imtina insanların könüllü davranışdan doğmalıdır. Daha yaxşı olardı ki, marketlərin qarşısında aksiyalar təşkil olunsun, pulsuz parça torbalar paylanılsın. Hətta dövlət heç olmasa, bunun üçün ekoloji təşkilatlara bir illik qrant vəsaiti də ayıra bilərdi. Vətəndaş ekoloji problemi dərk etməsə, 3-5 qəpiyə görə polietilen torbalardan imtina etməyəcək və bu qərar sadəcə, vətəndaşlarda növbəti narazılıq yaradacaq".

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər