13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Dünyanın ən məxfi təşkilatı… - Z Diviziyası həm nüvə silahlarını, həm də koronavirusu araşdırır
Tarix: 01-03-2023 14:30 | Bölmə: Slayd
Dünyanın ən məxfi təşkilatı… - Z Diviziyası həm nüvə silahlarını, həm də koronavirusu araşdırır

Koronavirusa (COVİD-19) səbəb olan SARS-CoV-2 virusunun Çində laboratoriyada baş verən qəza nəticəsində yayılma ehtimalı pandemiyanın ilk günlərindən müzakirə edilir. Həftənin əvvəlində ABŞ Energetika Nazirliyində çalışan alimlərin hazırladığı məxfi hesabatın ortaya çıxması isə bu məsələni yenidən müzakirə predmetinə çevirib.

Reyting.az
xatırladır ki, “The Wall Street Journal” bu yaxınlarda Ağ evə və Konqresin bəzi mühüm üzvlərinə təqdim edilən hesabatın təfərrüatlarını açıqlayıb.

Bildirilir ki, Energetika Nazirliyi virusun mənbəyi ilə bağlı qərarsız olsa da, bu hesabatın tapıntılarına görə, virusun mənbəyinin laboratoriyadan sızma ehtimalı daha güclüdür.

“The Washington Post”a danışan səlahiyyətli şəxslərdən biri isə deyib ki, ABŞ-ın rəsmi mövqeyi 2021-ci ildən bəri dəyişməyib, nəticə eynidir və əslində nə baş verdiyini heç kim bilmir.



Qeyd edək ki, hesabat təzə məlumatlara, həmçinin səkkiz kəşfiyyat orqanının və Milli Kəşfiyyat Şurası ekspertlərinin yeni təhlillərinə əsaslanır. Səlahiyyətli şəxs əlavə edib ki, kəşfiyyat orqanları virusun insan tərəfindən yaradılmadığı və ya bioloji silah kimi inkişaf etdirilmədiyi ilə razılaşırlar:

“Laboratoriyadan kənar insan istehsalı ilə eyni şey deyil. Bu, təbii olaraq yaranan bir virusdur“.

Qiymətləndirmənin bir hissəsi olan doqquz kəşfiyyat orqanından yalnız FTB 2021-ci ildə pandemiyanın laboratoriya sızması ilə başladığını orta inamla qəbul edib. Fikrini dəyişən yeganə qurum Energetika Nazirliyi olub.

Rəsmilər vurğulayıblar ki, MKİ və başqa bir qurum dəqiq nəticəyə gəlmək üçün kifayət qədər dəlil olmadığından qərarsız qalıblar.

Amma hesabatı hazırlayan alimlərin kim olduğu və ABŞ Energetika Nazirliyinin bu prosesdə rolu ilə bağlı suallar daha vacib məsələ kimi ortaya çıxıb.

“Washington Post“ qəzeti Energetika Nazirliyinin hesabatının fizikadan məlumatların təhlilinə, genomikadan molekulyar biologiyaya kimi texniki sahələrdən on minlərlə alimdən ibarət ABŞ milli laboratoriya kompleksindən seçilmiş bir qrup tərəfindən hazırlandığını yazıb.

Keçmişdə Energetika Nazirliyində çalışmış bir məmur nazirliyin on minlərlə alimin daxil olduğu texniki bir qurum olduğunu bildirib. Alimlərin adları hesabatda yer almayıb. Lakin məlumdur ki, bu sahədə fəaliyyət göstərən laboratoriyalar ABŞ-ın nüvə silahı proqramı çərçivəsində həyata keçirilib və onlar öz işlərini mütləq məxfilik şəraitində görüblər.

Sözügedən elm adamları arasında Z Diviziyası kimi tanınan bir komanda xüsusilə diqqət çəkir.

ABŞ rəsmiləri “The Washington Post“a bildiriblər ki, Z Diviziyası potensial təhlükəsizlik təhdidlərinə diqqət yetirməklə ölkədə ən məxfi və texniki cəhətdən çətin araşdırmalar aparır. O, həmçinin bioloji silahlarla, xüsusən də viruslarla bağlı tədqiqatlara diqqət yetirdiyi bilinən bir neçə detaldan biridir, burada bölmənin əsas missiyası kütləvi qırğın silahlarının izlənməsi və qarşısının alınmasıdır.

Bir çox amerikalının belə xəbərdar olmadığı Z Diviziyası olduqca maraqlıdır. ABŞ-da mühafizəkar münasibəti ilə tanınan “National Review News” jurnalının müəlliflərindən biri - Cim Qeraqti bu yaxınlarda Energetika Nazirliyinin nəzdindəki bu tədqiqat laboratoriyasından bəhs edib.

Qeraqti bildirib ki, Z Diviziyasının tarixi Soyuq müharibə illərinə gedib çıxır.

Xatırladaq ki, 1949-cu ildə Sovet İttifaqının nüvə bombasını partlatması ilə iki ölkə arasında silahlanma yarışı başlamışdı. Bu kontekstdə ABŞ 2 sentyabr 1952-ci ildə Kaliforniya Universitetinin Radiasiya Laboratoriyasının Livermor filialını işə saldı. İstifadə edilməmiş hərbi dəniz bazasında yerləşən bu laboratoriya tezliklə ABŞ-da nüvə silahı hazırlayan və saxlayan iki böyük hökumət laboratoriyasından birinə çevrildi. Digər kəşfiyyat agentlikləri Sovet nüvə potensialı haqqında hər şeyi bilmək istədikləri üçün Livermordakı elm adamları daim işləyir, atmosferdəki nüvə sınaqlarını və SSRİ tərəfindən aparılan torpaq nümunələrini təhlil edirdilər. Müəssisə 1971-ci ildə Lourens Livermor Milli Laboratoriyası adlandırıldı. Laboratoriyanın direktoru Dr. Con Foster 1965-ci ildə kəşfiyyat agentlikləri ilə əlaqələri rəsmiləşdirdi və Z bölməsini işə saldı. Z Diviziyasının məqsədi sovet təhlükəsini anlamaq, təhlil etmək və kəşfiyyat orqanları üçün innovativ texnologiyalar hazırlamaq idi.



“Lawrence Livermore Laboratories“in 65-ci ildönümünü qeyd etmək üçün nəşr edilən kitab sayəsində məlum olub ki, laboratoriyadakı elm adamları SSRİ-nin və sonrakı illərdə Çinin nüvə sınaqlarının radioloji nümunələrinin təhlilini davam etdiriblər. Qurumdakı elm adamları sınaqdan keçirilən silahın atom və ya termonüvə olduğunu müəyyən etmək üçün sınaqlar hazırlayıb və məlumatlar toplayıblar.

2000-ci illərin əvvəllərində Livermor Beynəlxalq Təhlükəsizlik Tədqiqatları Müəssisəsi üçün yeni bina tikdirib. Təsdiqlənməsə də, Z Diviziyasının bu binada işini davam etdirdiyi güman olunur.

Z Diviziyasının fəaliyyətini hətta CIA-dan da daha məxfiliklə həyata keçirdiyini bildirilir.

“MKİ yayılmanın qarşısının alınması üzrə təhlil işlərinin bəzilərini məxfilikdən çıxardı, lakin Enerji Departamentinin nüvə kompleksindəki az tanınan, lakin əhəmiyyətli Z bölməsi heç bir işini demək olar ki, ictimaiyyətə açıqlamır“,- Cor Vaşinqton Universitetinin Milli Təhlükəsizlik Arxivindən Villiam Burr deyib.

Həqiqətən, Z Diviziyasının işinin ictimaiyyətə açıq mənbələrini tapmaq çətindir. Məxfiliyi ləğv edilmiş bir neçə sənəd (məsələn, 1998-ci ildə Hindistanın nüvə silahı proqramı hesabatı və ya 1999-cu ildə Pakistanın nüvə silahı proqramı hesabatı kimi) mətnlərin əhəmiyyətli bir hissəsi qaralmaqla dərc olunur.

Bununla belə, digər kəşfiyyat orqanlarının sənədləri də Z Diviziyasının işi haqqında məlumat verir. Məsələn, bir sənədə görə, 1978-ci ildə ABŞ Dövlət Departamenti Z şöbəsindən Pakistan hökumətinin Beynəlxalq Atom Enerjisi Agentliyinin Kəraçi Atom Elektrik Stansiyasının tullantı materiallarından istifadə etməklə və ya gizli istehsal reaktoru vasitəsilə plutoniumdan istifadə etməklə nüvə silahı yaratmaq imkanlarını araşdırmağı xahiş edib. .

İndisə məlum olub ki, Z Diviziyası koronavirusla bağlı da ciddi araşdırmalar aparır.

E. KAMAL
Reyting.az






Bölməyə aid digər xəbərlər