13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Natiq Cəfərli: “Lavrov demək istəyir ki, əsas Kreml deyəndir”
Tarix: 01-03-2023 14:52 | Bölmə: Slayd
Natiq Cəfərli: “Lavrov demək istəyir ki, əsas Kreml deyəndir”
Natiq Cəfərli

“Rusiya, bu ölkənin xarici işlər naziri Sergey Lavrov açıq mətnlə deyir ki, Laçın yolu da, erməni əsilli azərbaycanlıların yaşadığı Xankəndi və ətrafı da bizimdir, Rusiyanındır, biz söz sahibiyik, biz qərar veririk. Yəni, Azərbaycanın suveren ərazisi sayılan Laçın yolunda biz sərhəd-keçid məntəqəsi qura bilmiriksə, deməli, Kreml deyəndi, yox, əgər Konstitusiyamıza uyğun öz sərhəddimizə nəzarəti bərpa edəcəyiksə, Moskva deyən yox, biz deyən olacaq”.

Bunu Reyting.az-a REAL partiyasının funksioneri Natiq Cəfərli deyib.

N. Cəfərlinin fikrincə, Azərbaycan hakimiyyətinin Lavrovun bu həyasız bəyanatına cavab vermək üçün zamanı azdır, amma cavab olmasa, daha da irəli gedəcəklər.

N. Cəfərlinin qənaətincə, Azərbaycanın Milli Məclisi də öz mövcudluğunu göstərməlidir: “Biz illərdir yazırdıq və deyirdik ki, daha qəliz idarəetmə sisteminə ehtiyac var ki, xaricdən gələn basqılara davam gətirmək mümkün olsun. Məsələn, prezident də parlamentə istinad edərək bəzi dövlətlərə deyə bilsin ki, məndən asılı deyil, parlament var, orada müxtəlif fikirlər mövcuddur, mən nə edə bilərəm ki?! Məsələn, Konstitusiyanın 94-cü maddəsində deyilir ki, Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı məsələlərə dair ümumi qaydalar müəyyən edir və bunlardan biri də (21-ci bənd) dövlət sərhədi rejiminin müəyyən edilməsidir. İndi Milli Məclis toplaşıb Laçın yolunda sərhəd-keçid məntəqəsinin yaradılması ilə bağlı qərar verə, prezident də Moskvaya deyə bilərdi ki, bu, parlamentin səlahiyyətidir, mən bir şey edə bilmərəm. Amma bunun üçün də normal, seçilmiş, fraksiyaları olan parlament lazımdır. İndiki parlamentin belə addım atsa da inandırıcı olmayacaq”.

Cəfərli əlavə edib ki, indiki qarışıq, çox qəliz dünyada Azərbaycanın idarəetmə sistemi də mürəkkəb, effektiv və çoxşaxəli olmalıdır: “Təzyiqlərin artacağını nəzərə alsaq, məhz belə sistemin yaradılması artıq olmazsa-olmazdır, bu, dövlətimizin varolma, sağqalma məsələsidir”.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər