13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Yeni gərginlik: daha bir ölkə Rusiya ilə qarşıdurmaya hazırlaşır
Tarix: 01-03-2023 17:10 | Bölmə: Slayd
Yeni gərginlik: daha bir ölkə Rusiya ilə qarşıdurmaya hazırlaşır

“Yaponiyanın baş naziri Fumio Kisido “böyük yeddilər”ə üzv dövlətlərdəki həmkarları ilə Yaponiyanı narahat edən məsələləri müzakirəyə çıxarıb. Fumio Kisido yanvarın 13-də ABŞ prezidenti Co Baydenlə Vaşinqtonda görüşərək iki ölkə arasındakı hərbi əməkdaşlığın inkişafını da müzakirə edib. Vaşinqton isə Çinin artan hərbi gücündən ehtiyat edərək Tokionun hərbi imkanlarını artırmasına etiraz etmir”.

Bunu Reyting.az-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Tokionun ötən ilin dekabrında qəbul etdiyi Təhlükəsizlik Strategiyasında Yaponiyanın yaxın 5 ildə hərbi qüdrətinin bir neçə dəfə artırılması planlaşdırılıb.

E. Şahinoğlu bildirib ki, baş nazir Fumio Kisido Ağ evdə Ukrayna və Tayvan məsələlərini də geniş müzakirə edib. Çünki hər iki mövzu birbaşa Yaponiyanın təhlükəsizliyi ilə bağlıdır.

Politoloq əlavə edib ki, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Tokionun Kremllə münasibətləri gərginləşib: “Tokio Qərbin Rusiyaya qarşı sanksiyalarını dəstəkləyib. Rusiyanın yeni Konstitusiyasına görə, heç bir ölkəyə ərazi güzəşti edilməyəcək. Yəni Rusiya İkinci Dünya Müharibəsindən sonra işğal etdiyi Kuril adalarını Yaponiyaya qaytarmayacaq”.

E. Şahinoğlu deyib ki, Çinin Tayvanı ələ keçirmək planları da Tokionu narahat edir: “Tokioda hesab edirlər ki, Çin Tayvanı ələ keçirərsə, bölgədə hərbi gücünü artıracaq və bu, Yaponiya üçün təhlükəyə çevriləcək. İndi Çin Yaponiya sahillərinə yaxın sularda hərbi təlimlərin sayını artırıb. Digər tərəfdən, Yaponiya ticarətinin 90 faizini gəmilər vasitəsilə Tayvan adasının ətrafından həyata keçirir. Çin Tayvanı ələ keçirərsə, Pekin Yaponiyanın ticarət yollarını da nəzarətə götürəcək.

Tokio Çinin Tayvandan sonra Yaponiyaya məxsus kiçik adaları işğal edəcəyini düşünür. Yaponiya Tayvan ətrafındakı kiçik adalarında raket qüvvələri yerləşdirir. Yaponiya uzaqmənzilli raketlərin istehsalına da başlamağı və həmin adalarda yerləşdirməyi planlaşdırır. Bundan başqa, Yaponiya ABŞ-dan “Tomahawk” raketləri almaq istəyir”.

E. Şahinoğlu sonda əlavə edib ki, Tokio keçmiş illərdə ABŞ-la Çin arasında nisbi balans siyasəti həyata keçirsə də, artıq bu dövr arxada qalıb. Tokio hazırda birmənalı şəkildə ABŞ-ın Çinə qarşı sərt siyasətini dəstəkləyir.

ELÇİN




Bölməyə aid digər xəbərlər