13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Qarabağda yenidən antiterror əməliyyatları başlaya bilər
Tarix: 06-03-2023 15:27 | Bölmə: Slayd
Qarabağda yenidən antiterror əməliyyatları başlaya bilər

05 mart 2023-cü il tarixində Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının qarşısı alınarkən erməni tərəfi təxribata əl atıb. Təxribat nəticəsində hər iki tərəfdən yaralananlar və həyatını itirənlər olub.

Xankəndi-Xəlfəli-Turşsu yolu

Xankəndi-Xəlfəli-Turşsu yolunda baş verən insident göstərir ki, separatçılar Laçın dəhlizinə alternativ olaraq bu yoldan uzun müddətdir istifadə edirlər. Yəni baş verən insident ilk olsa da, separatçıların bu yol ilə Qarabağa silah daşıması ilk belə hal deyil.

Hazırda biz daha çox Laçın dəhlizi və dəhlizə nəzarətə fokuslanmışıq. Prinsip etibarilə bu doğrudur, lakin səhvimiz separatçıları və havadarlarını zəif hesab edib arxayınlaşmaqdır. Separatçılar Xankəndi-Xəlfəli-Turşsu yolundan qanunsuz silah daşınması üçün istifadə edirsə, deməli, bu kimi başqa yollar da var.

Bu torpaq yolların aşkarlanması, qanunsuz silah daşınmasının qarşısının alınması üçün daha ciddi tədbirlər görülməlidir. Bunun üçün isə Azərbaycan Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqələri qurmalıdır.

Mümkündür ki, rəsmi Bakı nəzarət buraxılış məntəqələri qurmaq istiqamətində təzyiqlərini artıracaq.

Yeni tələblər

Xankəndi-Xəlfəli-Turşsu insidenti Qarabağda qanunsuz erməni silahlılarının olması faktını bir daha təsdiqlədi. Belə bir faktın aşkarlanması isə növbəti dəfə Rusiya sülhməramlılarının bu daşınmalara göz yumduğunu deməyə əsas verir.

Mümkündür ki, bu insidentdən sonra rəsmi Bakı tələblərini artıracaq:

Birincisi, Azərbaycan öz Silahlı Qüvvələrinin bundan sonra Qarabağda istənilən ərazidə yoxlama aparmasını təmin etməlidir. Bunun üçün isə Bakı nəzarət-buraxılış məntəqələri qurmaq istiqamətində təzyiqlərini artırmalıdır.

İkincisi, Ermənistan Respublikasından Qarabağa hərbi ləvazimatların, silah-sursatın daşınması Azərbaycan ərazilərində hələ də qanunsuz silahlı birləşmələrin olduğunu göstərir. Prinsip etibarilə Bakı bunu bilsə də, məhz indi onların tərk-silah edilib çıxarılmasını daha ciddi arqumentlərlə tələb edə bilər. Söhbət təkcə hərbçilərdən, həm də Qarabağda separatçı tör-töküntüləri təmsil edən, “polis” və digər şəxslərdən gedir.

Bakının mövqeyi

İnsidentdən sonra həm Azərbaycan Müdafiə Nazirliyi “Bu gün baş vermiş insident bir daha Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərir”,- dedi, həm də Azərbaycan Xarici İşlər Nazirliyi “Bu əməllər, Azərbaycan-Ermənistan arasında sərhəd nəzarət-buraxılış rejiminin tətbiq edilməsinin labüdlüyünü bir daha sübut edir”, - bəyanatını yaydı.

Diqqətçəkən məqam hər iki nazirliyin oxşar bəyanatla çıxış etməsi və sərhəd nəzarət-buraxılış rejiminin tətbiqi məsələsinin qabardılmasıdır.

Nazirliklərin oxşar bəyanatları rəsmi Bakının həm hərbi, həm də diplomatik müstəvidə real mövqeyini göstərir. Bu isə onu deməyə əsas verir ki, Bakının tələbləri gerçəkləşməyəcəyi təqdirdə hərbi varianta əl atıla bilər.

Azərbaycan Silahlı Qüvvələrinə bu istiqamətdə müvafiq göstərişlərin verilməsi istisna deyil. Hətta son insidentdən sonra Bakının tələbləri yerinə yetirilməsə, antiterror əməliyyatları başlaya bilər.

Turan RZAYEV




Bölməyə aid digər xəbərlər