13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
İranda yeni böhran: təhsil işçiləri molla rejimini ittiham edir
Tarix: 07-03-2023 17:33 | Bölmə: Slayd
İranda yeni böhran: təhsil işçiləri molla rejimini ittiham edir

İranda daha çox qızların təhsil aldığı məktəblərdə kütləvi zəhərlənmələrin baş verməsi ciddi etirazlara səbəb olub. Artıq ölkənin bəzi şəhərlərində müəllimlər də etiraz aksiyalarına başlayıb və molla rejimini zəhərlənmələrin qarşısını ala bilməməkdə ittiham edirlər.

Reyting.az
-ın xəbərinə görə, Müəllimlərin Həmkarlar İttifaqının paytaxt Tehranda - parlament binası və ölkənin Milli təhsil müdirliklərinin binası qarşısında aksiya keçirmək çağırışından sonra təhsil işçiləri bəzi şəhərlərdə nümayişə çıxıblar.

Sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, Kərəc, Tehran, Lahican, Məşhəd, Senendaj, Əhvaz və Şiraz kimi şəhərlərdə keçirilən etiraz aksiyalarında müəllimlər, məktəblərdə baş verən zəhərlənmələrə görə hakimiyyətə etirazlarını bildirirlər.

Kadrlardan görünür ki, bəzi şəhərlərdə şüarlar səsləndirən müəllimlərin aksiyasına təhlükəsizlik qüvvələri müdaxilə edir. Tehrandan yayılan görüntülərdən isə aydın olur ki, polis parlament binası ətrafında sıx təhlükəsizlik tədbirləri görüb.

Digər tərəfdən, yerli mətbuatda əksini tapan xəbərlərə görə, ölkədə mənşəyi məlum olmayan kütləvi zəhərlənmə halları bu gün də davam edib. Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində zəhərlənmə əlamətlərini göstərən daha 41 şagirdin xəstəxanalara aparıldığı bildirilir.

Xatırladaq ki, İranda 2022-ci il noyabrın 30-dan etibarən əsasən qadın şagirdlərin təhsil aldığı məktəblərdə kütləvi zəhərlənmə halları baş verir. Şagirdlərdə tənəffüs çətinliyi, ürəkbulanma, baş ağrısı və ətraflarda uyuşma kimi simptomlar müşahidə edilir.

Təhsil nazirinin müavini Yunus Pənahi fevralın 26-da keçirdiyi mətbuat konfransında şagirdlərin zəhərlənməsinin qəsdən törədildiyini deyib.

Prezident İbrahim Rəisi şübhəli halların mənbəyini araşdırmaq üçün martın 1-də daxili işlər naziri Əhməd Vahidi, kəşfiyyat naziri İsmayıl Hatib və səhiyyə naziri Bəhram Aynullahla müzakirə aparıb.

İ. Rəisi martın 3-də verdiyi açıqlamada deyib ki, zəhərlənmələrə görə İranın düşmənləri məsuliyyət daşıyır. Onun sözlərinə görə, ölkənin tərəqqisi ilə düşmənçilik artıb, məktəblərdə etibarsızlıq və ailələrdə narahatlıq yaratmağa cəhd edirlər.

Qeyd edək ki, İranın dini lideri Ayətullah Əli Xamnəi hakimiyyət orqanlarına insidenti ciddiyə almağı və günahkarlara ən ağır cəza verməyi tapşırıb.

Ədliyyə Nazirliyinin rəsmisi Qulam Hüseyn Muhsini Ejei isə zəhərlənmənin səbəbkarlarının edam olunacağını bildirib.

Onu da qeyd edək ki, İran parlamentinin Zəhərlənmə İşləri üzrə İstintaq Komissiyasının üzvü Məhəmməd Həsən Əsferi 30 noyabr 2022-ci ildən bəri 25 əyalətdə 230 məktəbdə əksəriyyəti qızlardan ibarət 5 mindən çox şagirdin zəhərləndiyini deyib.

E. KAMAL
Reyting.az





Bölməyə aid digər xəbərlər