13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Təhlükəli cinayətkarlar və ən dəhşətli həbsxana... - Fotolar
Tarix: 08-03-2023 10:12 | Bölmə: Slayd
Təhlükəli cinayətkarlar və ən dəhşətli həbsxana...

Təxminən 7 milyon əhalisi olan Mərkəzi Amerika ölkəsi El Salvador Latın Amerikasında ən yüksək qətl nisbətinə malikdir. Eyni zamanda bu ölkədəki cəzaçəkmə müəssisəsi dünyanın ən dəhşətli həbsxanası hesab edilir.

Reyting.az
xəbər verir ki, El Salvadordakı həmin həbsxanada ən qəddar cinayətkar qruplar saxlanılır.

25 fevral 2023-cü ildə El Salvadorda heç kim öldürülməyib. Cinayətkar qruplara qarşı müharibə elan etdiyini açıqlayan El Salvador lideri Nayib Bukele sosial media hesabında “25 fevral gününü bütün ölkədə sıfır cinayətlə bağladığımızı təsdiqləyə bilərik”,- mesajını paylaşıb.



Qeyd edək ki, koronavirusun dünyanı bürüdüyü günlərdə El Salvadorda bir gündə 22 nəfər öldürülüb.

Nayib Bukele 2020-ci ilin aprelində məhbuslara qarşı tədbirlər elan edib, onlar təkadamlıq kamerada saxlanılıb, yalnız alt paltarı olan yüzlərlə məhbus qarət olunub. Sırada oturan məhbuslardan bəziləri koronavirus qorxusundan maska taxıblar. Dünyada sensasiyaya səbəb olan görüntülərin oxşarı iki ildən sonra təkrarlanıb.

2022-ci ilin mart ayında cümə, şənbə və bazar günləri küçələrdə insan “ovuna” başlanılıb, 87 qətl hadisəsi törədilib. Nəzarətə alınan dəstənin şübhəli şəxsləri yenidən yalnız alt paltarları ilə həbsxanaya aparılıb. Yenidən fövqəladə vəziyyət elan edən N. Bukele həbsxanadakı dəstə üzvlərinə iki gündən bir yemək verilməsini əmr edib.



“Cinayətkarlara qarşı müharibə” apardığını deyən El Salvador lideri Bukele, ələ keçirilən dəstə üzvlərinin saxlanması üçün Şimali və Cənubi Amerikada ən böyük həbsxananın tikintisini öz üzərinə götürüb. İlk cinayətkarlar 40 min məhbus tutumu olan meqa həbsxanaya köçürülüb.

1970-ci illərdə Los-Ancelesdə qurulan və şeytana sitayiş etdiyi bilinən Mara Salvatruça bandasının da meqa həbsxanada olduğu müəyyən edilib. Dəstənin dünya üzrə 80 000-ə qədər üzvü olduğu düşünülür, təkcə ABŞ-da 10 000-ə qədər aktiv üzvü var. 1990-cı illərin əvvəllərində üzvləri Los-Ancelesdən qovulduqdan sonra dəstə El Salvadorda qərargah yaradıb.

Mara Salvatruça insan alveri, reketlik, qətl, çirkli pulların yuyulması, adam oğurluğu, soyğunçuluq, qeyri-qanuni immiqrasiya, hücum və fahişəlik də daxil olmaqla, müxtəlif qeyri-qanuni yollarla pul qazanır.

Bölgədən yeni məlumatlar da gəlməyə davam edir. Nəhayət, həbsxanada MS-13 və Calle 18 rəqib dəstələrin sayının artdığı bildirilir. İngilis mətbuatı iki rəqib dəstənin hər an bir-birinə hücum edə biləcəyini qeyd edib. İddialara görə, MS-13-ün dünya üzrə 50-70 min, Calle-18-in isə təxminən 70.000 üzvü var.



İki dəstə uzun illər Mərkəzi Amerikanın birincisi olmaq uğrunda mübarizə aparır. Onlar dəfələrlə öz aralarında vuruşub, ərazilərini genişləndirməyə çalışıblar. 2015-ci ildə qeydə alınan hadisə dəstələrin vəhşiliyini üzə çıxarıb. Dəstələrə vermədiyi 1 dollar xəraca görə bir nəfəri küçədə güllələyiblər.

Hər iki dəstənin Meksikanın ən böyük karteli El Çaponun rəhbərlik etdiyi Sinao ilə əlaqələri var. Hər iki dəstə qan davalarına böyük əhəmiyyət verir. Adətən qurbanlarını ictimai yerlərdə öldürən dəstələr ayrı-seçkilik etmədən hücumlarında mülki insanları da qətlə yetirirlər.

Son illərdə Calle-18 azyaşlı uşaqları dəstəyə cəlb edərək rəsmən “uşaq ordusu” yaradıb. Dəstənin aparıcı üzvləri bu uşaqları çirkli işlərə cəlb edirlər. Calle-18-in bu addımı qarşısında MS-13 üzvləri amansızlıqlarını gizlətməyib, son illər 15-16 yaşlı uşaqları vəhşicəsinə qətlə yetiriblər. El Salvador hökuməti isə ortaya çıxan cinayətlərlə mübarizə aparmaqda çətinlik çəkir.



2015-ci ildə ölkədə gündəlik qətl göstəricisi 18,2 olub. Həbsxananın ağır şəraitində bu iki dəstənin nə edəcəyi maraq doğurur. 15 min voltluq hasarlarla qorunan 16 metrlik divarların içərisində məhbuslar ən pis şəraitdə yaşayır, döyülür və müxtəlif insan haqları pozuntularına məruz qalırlar. Bütün rabitə şəbəkələrinin kəsildiyi həbsxanada məhbuslar yalnız məhkəmə proseslərində iştirak etmək üçün internetə qoşula bilirlər.

Digər tərəfdən, məhbusların ehtiyaclarını ödəmək üçün qurulan yeməkxananın qiymətləri də ortaya çıxıb. Hər şeyin baha satıldığı yeməkxanada bir qab kola içkisi 10 dollardır. Orta qazancın 170 dollar olduğu El Salvadorda bu qiymət kifayət qədər bahadır.

İngilis “Daily Mail” qəzetinin xəbərində bir çox məhbusun sırf dəstə üzvlərinə oxşadıqları üçün həbs edildiyi bildirilib. Dəhşətli iddianın davamında artıq həbsxanada 100 nəfərin öldüyü qeyd olunur.

Mövzu ilə bağlı başqa bir açıqlama isə Beynəlxalq Amnistiya Təşkilatının Mərkəzi Amerika üzrə tədqiqatçısı İrene Kueller tərəfindən verilib. Kueller həbsxanada heç bir humanitar şəraitin olmadığına diqqət çəkib:

“Fevralın ortalarında açılan “Meqa həbsxana” ölkənin təhlükəsizlik strategiyasının əsas hissəsi kimi təqdim edilib. Hökumət bu plana yenidən baxmalıdır. Orada insan haqları ilə bağlı heç nə yoxdur”.



ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər