Çin ordusu Almaniya təyyarəsinə hücum edib
Tarix: 08-07-2025 14:29 | Bölmə: Xəbərlər
Çin ordusu Almaniya təyyarəsinə hücum edib

Çin ordusu Almaniyaya məxsus təyyarəni lazerlə hədəfə alıb.

Reyting.az
xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi “X” hesabında məlumat yayıb.

“Çin ordusu AB-nin ASPIDES əməliyyatı çərçivəsində bir Alman təyyarəsini lazerlə hədəfə alıb. Alman personalının təhlükəyə atılması və əməliyyatın pozulması qətiyyən qəbuledilməzdir. Çin səfiri bu gün Xarici İşlər Nazirliyinə çağırılıb”,- məlumatda qeyd edilib.

Alman mətbuatı yazır ki, Çinin Almaniya qırıcılarına qarşı istifadə etdiyi “göz yuman lazerlər” (Blendlasers) hədəf təyinatı üçün istifadə edilmir. Təhlükəsizlik dairələrinin fikrincə, bu lazerlərdən yalnız təyyarələri narahat etmək üçün yararlanırlar.

“Bild” qəzetinin əldə etdiyi məlumata görə, Çinin Berlindəki səfiri ilə görüş çərşənbə axşamı səhər saatlarında baş tutub. Diplomatik mənbələrdən qəzetə verilən açıqlamada qeyd olunur ki, Çinin münasibəti tamamilə qəbuledilməzdir və bununla bağlı mesaj bu gün səfirə çatdırılıb.

İddiaya görə, hücum Yəmən sahillərində qeydə alınıb.

Bu, Çin tərəfindən həyata keçirilən ilk hücum deyil. “Bild” yazır ki, Çin ordusu əvvəllər Qərb təyyarələrinə qarşı lazerlərdən istifadə edərək pilotların gözünü müvəqqəti olaraq korlayıb və təyyarənin elektron sistemlərini sıradan çıxarıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər