Ağ evin qərarı istefalara səbəb olub
Tarix: 28-08-2025 13:44 | Bölmə: Xəbərlər
Ağ evin qərarı istefalara səbəb olub

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) direktoru Susan Monares vəzifəyə gəldikdən cəmi bir ay sonra Ağ evin əmri ilə vəzifədən azad edilib.

Reyting.az
bildirir ki, çərşənbə günü istefa verməkdən imtina edən Monareslə bağlı yayılan rəsmi bəyanatda onun vəzifədən kənarlaşdırılmasına səbəb “Prezidentin gündəliyinə uyğun gəlməməsi” göstərilib.

ABŞ-nın Səhiyyə və İnsan Xidmətləri Departamenti işdən çıxarılmanı elan edib. Bununla belə, Monaresin vəkilləri bundan xəbərsiz olduqlarını və müvəkkilin “elmi əsas götürməyən və məsuliyyətsiz direktivləri imzalamaqdan imtina etdiyi” üçün hədəfə alındığını bildiriblər.

Xatırladaq ki, iyulun sonunda Senat tərəfindən təsdiq edilən Monaresin namizədliyi prezident Donald Tramp tərəfindən irəli sürülüb. Onun vəkilləri Monaresin istefa vermədiyini, heç bir rəsmi bildiriş almadığını və “elmə sadiq ekspert kimi heç vaxt geri çəkilməyəcəyini” deyiblər.

Ağ ev xanım Monaresin işdən çıxarılmasını prezidentin “Amerikanı yenidən sağlam et!”,- gündəliyinə uyğun gəlməməsi ilə izah edib.

“NBC News”-un məlumatına görə, Monaresin işdən çıxarılması CDC daxilində böyük narazılıqlara səbəb olub və dörd yüksək vəzifəli məmur istefalarını elan ediblər. Söhbət ABŞ-nın ciddi səhiyyə mərkəzlərinin direktorlarından gedir.

Monaresin işdən çıxarılması və sonrakı istefalar ABŞ-da ictimai səhiyyə siyasətinin siyasiləşdirilməsi ilə bağlı müzakirələri intensivləşdirib. Mütəxəssislər xəbərdarlıq edirlər ki, agentliyin etimadı ciddi şəkildə zədələnib və onun ictimai sağlamlığı qorumaq imkanları zəifləyə bilər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər