Paşinyan xalqa müraciət edib - Yenilənib
Tarix: 18-08-2025 18:52 | Bölmə: Xəbərlər
Paşinyan xalqa müraciət edib

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-da Azərbaycanla sülh müqaviləsinin paraflanmasını dönüş nöqtəsi adlandırıb.

Reyting.az
xəbər verir ki, bu barədə Ermənistan lideri xalqa müraciətində bildirib.

Paşinyan xatırladıb ki, avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli sammitdən sonra Azərbaycan və Ermənistan iki mühüm sənəd imzalayıblar - birincisi, “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” Sazişi paraflayıblar, ikincisi, birgə bəyannamə qəbul ediblər.

“Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh bərqərar oldu, əziz insanlar. Avqustun 8-dən biz fərqli Cənubi Qafqazda, yeni Ermənistanda yaşayırıq”, - Paşinyan bildirib.

***

"Vaşinqton razılaşmaları nəticəsində Ermənistan 30 ildən artıq davam edən blokadadan sonra təcrid vəziyyətindən çıxır. Bu, bir müddət əvvəl qeyri-mümkün hesab edilən nəticədir".

Reyting.az
xəbər verir ki, bunu Ermənistan baş naziri xalqa müraciətində deyib.

O qeyd edib ki, Ermənistanla Azərbaycan arasında yollar açılır: "Bu o deməkdir ki, nəqliyyat kommunikasiyalarının bərpası və tikintisi sərhədlərin dəqiqləşdirilməsi, delimitasiyası və razılaşdırılması prosesləri ilə müşayiət olunmalıdır”.

Paşinyanın sözlərinə görə, Ermənistan sərhədi keçmə prosedurlarını sadələşdirməyə hazırdır: “Bu, ilk növbədə həll edilməli olan məsələdir. Bu, bizim üçün yeni narahatlıqlar yaradırmı? Qətiyyən yox. Çünki Vaşinqton Bəyannaməsinin üçüncü bəndində qarşılıqlılıq prinsipi təsbit olunub və bu, Azərbaycan Respublikasının da Ermənistan Respublikası ilə eyni qaydalarla hərəkət edəcəyinə zəmanətdir”.

***

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-nin hazırkı prezidenti Donald Trampın Azərbaycanla münasibətlərin normallaşması prosesində əvəzsiz rol oynadığını bildirib.


Bunu Ermənistan lideri xalqa müraciətində deyib.

“Bu prosesdə ABŞ prezidenti Donald Trampın və onun administrasiyasının rolunu qiymətləndirməmək olmaz. Məhz buna görə də Azərbaycan prezidenti ilə birlikdə Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürmək qərarına gəldik”, - o bildirib(report).

***
Ermənistan və Azərbaycan 1991-ci il Almatı Bəyannaməsi əsasında bir-birinin sərhədlərinin toxunulmazlığını və ərazi bütövlüyünü tanıyıb.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.

“Bu, o deməkdir ki, tərəflər Ermənistan Respublikasının ərazisi ilə Azərbaycan Respublikasının ərazisinin hüquqi baxımdan keçmiş sovet respublikaları olan Ermənistan SSR və Azərbaycan SSR əraziləri ilə eyni olması faktından çıxış edirlər. Bu reallıq sərhədlərin demarkasiyası prosesində öz həllini tapmalıdır”, - o bildirib.

“Avqustun 11-də Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin ilkin mətni dərc olundu. Və bir sıra uzun illər davam edən konspirasiya nəzəriyyələri bundan sonra iflasa uğradı. Vətəndaşlarımız sazişin imzalanması faktını razılıqla qarşıladı”, - Paşinyan əlavə edib.




Bölməyə aid digər xəbərlər
14-08-2025, 10:52 XİN: "Yaşasın Pakistan!"