Cəbhəboyu zonada yeni hərbi obyektlər istifadəyə verilib
Tarix: 04-12-2019 15:39 | Bölmə: Cəmiyyət
Cəbhəboyu zonada yeni hərbi obyektlər istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Ordusunun modernizasiyası və yenidənqurma işləri planına əsasən həyata keçirilən fəaliyyətlər davam etdirilir.

Müdafiə Nazirliyindən Reyting.az verilən məlumata görə, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yeni inşa edilən mühəndis təyinatlı hərbi obyektlərin açılışında iştirak ediblər.

Müdafiə Nazirliyinin rəhbərliyi yeni istifadəyə verilən qərargah binası ilə də tanış olub. Qeyd olunub ki, qərargah mərkəzləşdirilmiş istilik sistemi, işıq, su, qaz və kommunikasiya xətləri ilə təchiz edilmiş inzibati və xidməti iş otaqları mebel avadanlıqları ilə də təmin olunub.

Müdafiə nazirinə məruzə edilib ki, mühəndis-istehkam hərbi hissələrinin yerinə yetirdiyi vəzifələr nəzərə alınmaqla, bu bölmələrin texniki baxımdan təkmilləşdirilməsi və döyüş potensialının artırılması üçün müasir texnika alınaraq qoşunların sərəncamına verilib. Hərbi əməliyyatların mühəndis təminatının yerinə yetirilməsi zamanı tətbiq olunan müxtəlif növ texnikanın saxlandığı park, şəxsi heyətin hazırlığı üçün nəzərdə tutulan taktiki sinif otaqları və digər inzibati binalar müvafiq avadanlıqlar və əyani təbliğat vasitələri ilə tam təchiz edilib.

General-polkovnik Z.Həsənov mühəndis qoşunların komandanlığına bölmələrin döyüş qabiliyyətinin artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Sonda Nazirliyin rəhbərliyi şəxsi heyətlə birlikdə nahar edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər