Ermənistanın İsraildəki səfiri barəsində cinayət işi başlanılıb
Tarix: 19-04-2021 12:40 | Bölmə: Dünya
Ermənistanın İsraildəki səfiri barəsində cinayət işi başlanılıb

Ermənistanın İsraildəki səfiri Armen Smbatyan barəsində cinayət işi başlanılıb və ona qarşı ittiham irəli sürülüb.

“Sputnik Armeniya” xəbər verir ki, məlumatı Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti yayıb.

Bildirilib ki, səfir vəzifə səlahiyyətləirindən sui-istifadə edərək Ermənistanın keçmiş mədəniyyət və gənclərin işi üzrə naziri Asmik Poqosyanla cinayət əlaqəsinə girməkdə və çirkli pulların yuyulmasında ittiham olunur. İstintaqın gedişində müəyyən edilib ki, A.Smbatyan Xarici Ölkələrdəki Ermənilərlə Mədəni Əlaqələr Cəmiyyətinin sədridir. O, cəmiyyətin sədr müavini olan keçmiş nazir A.Poqosyanın Yerevanda tarixi-mədəni əhəmiyyətli binanın yerləşdiyi ərazidə cəmiyyət üçün torpaq əldə etməsinə köməklik göstərib.

Bina və ərazi formal sövdələşmə nəticəsində 550 min ABŞ dollarına Böyük Britaniyanın Virciniya adalarında keçmiş nazirin gəlininin adına qeydiyyata alınan afşor şirkətə satılıb.

Səfir 20 milyon dram (40 min ABŞ dolları) girov qoyub. Ona görə də hələlik barəsində həbs qətimkan tədbiri seçilməyib.

Qeyd edək ki, bir müddət əvvəl A.Poqosyan barəsində axtarış elan edilib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər