Afrika qızılı Ukraynaya qarşı müharibənin maliyyələşməsinə kömək edir
Tarix: 19-12-2023 18:35 | Bölmə: İqtisadiyyat
Afrika qızılı Ukraynaya qarşı müharibənin maliyyələşməsinə kömək edir

“Rusiyanın muzdlu “Vaqner” strukturları Ukraynada müharibə başlayandan bəri Afrikadan 2,5 milyard dollara qədər vəsait əldə edə bilərdi”.

Reyting.az
xəbər verir ki, bunu “The Blood Gold”un məlumatlarına istinadla “Radio French International” (RFI) bildirib.

Hesabatda deyilir ki, Afrika ölkələrində hasil edilən və beynəlxalq bazarlarda yuyulan qızıl, kritik müharibə ehtiyacları olan Rusiya dövlətinə milyardlarla dollar qazandırıb.

Nəşr qeyd edir ki, Afrikada bu şəkildə hasil edilən qızıl Rusiyanın Ukraynaya qarşı müharibəsini birbaşa və dolayısı ilə maliyyələşdirib.

“Rus muzdlularının Afrikadakı bu gəlirli biznesi Rusiya hərbi maşınına yanacaq verməklə yanaşı, həm də regionda sabitliyin pozulmasına gətirib çıxarır və bu ölkələrdə Qərbin təsirini zəiflədir, Avropadan sığınacaq istəyən qaçqınların sayının artmasına birbaşa və dolayısı ilə töhfə verir”, - deyə tədqiqatçılar bildirirlər.

Jurnalistlərin məlumatına görə, “Vaqner” Mərkəzi Afrika Respublikasında ən böyük Ndassima mədənində eksklüziv hüquqlar əldə edib. Hazırda orada qızıl hasilatı ildə 290 milyon dollar qiymətləndirilir.

Sudana gəlincə, “Vaqner” orada böyük bir fabrikə nəzarət edir və xam qızılın əsas alıcısı və ixracatçısına çevrilib. Bununla belə, ölkənin xarici ticarət statistikası Rusiyaya rəsmi qızıl ixracının sıfıra bərabər olduğunu göstərir. Eyni zamanda, CNN-nin məlumatlarından aydın olur ki, 2021-ci ildə Sudan mərkəzi bankından ən azı 32,7 ton qızılın yoxa çıxıb. Bu çatışmazlığa əsas səbəb kimi “Vaqner”in qızıl qaçaqmalçılığı göstərilir.

ABŞ kəşfiyyatının məlumatına əsaslanan media yazır ki, Malidə 1000-ə yaxın rus muzdlusu yerli ordudan ayda 10,8 milyon dollar nağd pul alır. Vəsaitlər, gəlirləri bir neçə beynəlxalq mədən şirkətindən asılı olan hərbi xunta tərəfindən təmin edilir.

Reyting.az buna qədər də Afrikanın tam mərkəzində hakimiyyət uğrunda döyüşün alovlandığını yazmışdı. “Vaqner”in sahibi Yevgeni Priqojinin ölümündən sonra isə Qərb dövlətlərinin Afrikaya alternativ təklif etmək imkanı yaranıb. Priqojinin ölümü Rusiya və Qərb ölkələrinin təkliflərini nəzərdən keçirən, təhlükəsizliyin təminatçısı kimi vaqnerçilərə əvəzləyici tapmağa çalışan Mərkəzi Afrika Respublikasının hakimiyyət orqanları ilə rus muzdluların münasibətlərini pozub. Eyni zamanda, Amerika Müharibənin Tədqiqi İnstitutunun analitikləri bildirirlər ki, “Vaqner” Rusiya Müdafiə Nazirliyi ilə gərginlik səbəbindən Afrikada problemlə üzləşib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər