G7-ni Rusiyaya yeni sanksiya tətbiqinə çağırırlar
Tarix: 24-10-2024 19:48 | Bölmə: İqtisadiyyat
G7-ni Rusiyaya yeni sanksiya tətbiqinə çağırırlar

Amerika Birləşmiş Ştatları G7 müttəfiqlərindən Rusiya palladiumu və titanına qarşı sanksiyalar tətbiqini nəzərdən keçirmələrini xahiş edib.

Reyting.az
xəbər verir ki, bu barədə “Bloomberg”-ə məsələ ilə məlumatlı mənbədən bildiriblər.

Məlumata görə, Bayden administrasiyasının rəsmiləri bu məsələni çərşənbə axşamı Vaşinqtonda G7-nin maliyyə nazirləri müavinlərinin görüşü zamanı müzakirə ediblər.

Xatırladaq ki, dünyanın müxtəlif ölkələrindən maliyyə rəsmiləri Beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik toplantısında iştirak üçün ABŞ paytaxtına toplaşıblar.

Həmsöhbətin sözlərinə görə, ABŞ Rusiya iqtisadiyyatının daha da sıxışdırılması ilə bağlı danışıqları stimullaşdırmaq ideyasını irəli sürüb.

Palladium kompüter çiplərinin və avtomobillər üçün katalizatorların əsas tərkib hissəsidir, titan isə təyyarələrdən tutmuş tibbi implantlara qədər tətbiqlərdə istifadə olunur.

Əsas problemlərdən biri Avropanın bu metallardan asılı olması və keçmişdə onların hasilatına o qədər də maraq göstərməməsidir.

ABŞ artıq Rusiya titanını “qara siyahı”ya salıb, lakin bu metallar əsas komponentlərdir və Qərb hökumətləri qlobal bazarların və tədarük zəncirlərinin pozulması qorxusu ilə Rusiyadan tədarükün kəsilməsindən ehtiyatlanırlar.

Onu da qeyd edək ki, Qərb ölkələri uzun müddətdir Rusiyaya qarşı metal sanksiyalarına yanaşmaları barədə qərar verə bilmirlər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər