Vergi ödəyicilərinə 151 milyondan çox maliyyə yardımı olunub
Tarix: 11-06-2020 10:42 | Bölmə: İqtisadiyyat
Vergi ödəyicilərinə 151 milyondan çox maliyyə yardımı olunub

Azərbaycan İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş 28 406 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 115 053 fərdi (mikro) sahibkar, cəmi 143 459 vergi ödəyicisi müraciət edib.

Nazirlikdən Reyting.az-a verilən məlumata görə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 259 524 işçini əhatə edən 28 406 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir.

İndiyədək təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 95,90 mln. manat, o cümlədən o cümlədən, 2-ci ay üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 47,95 mln. manat təşkil edir. İyunun 9-na Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 23 733 vergi ödəyicisinə 203 953 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 90,15 mln. manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 115 053 vergi ödəyicisindən müraciət daxil olub, 107 476 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 61,93 mln. manat təşkil edir. İyunun 9-na Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 61,51 mln. manat vəsaitin 101 698 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Göründüyü kimi, iyunun 9-na pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 151 668,7 min manat məbləğində maliyyə dəstəyi göstərilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər